«Azerfon»a tendersiz 3G lisenziyasını verən Əli Abbasov «Azercell» və «Bakcell»i bu xidmətdən kənarda qoymaq üçün daha hansı bəhanələr tapacaq?
Bir müddət əvvəl “Azadlıq”da “Rabitəsiz bəyanatlar nazirliyi” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun öz müsahibəsində rəqəmləri şişirtməsindən, eləcə də bu nazirliyin ümumiyyətlə, ziddiyyətli bəyanatlar mənbəyi olmasından söhbət gedirdi. Sözügedən yazının dərcindən təxminən beş ay keçib. Bu müddətdə Rabitə və Informasiya Texnologiyaları Nazirliyində rabitəsiz bəyanatların sayı azalmayıb, əksinə artıb. Bir qədər keçmişə qayıdıb deyək ki, Əli Abbasov nazir təyin olunanda rabitə və informasiya ictimaiyyəti xeyli sevinmişdi. Rabitə sisteminin köhnə fikirli texnokratdan, mütərəqqi islahatçıya keçdiyi zənn olunurdu. Amma çox keçmədi ki, Əli müəllim bu cür düşünənləri məyus etdi. Təkcə son 6-7 ayda baş verənlərə diqqət yetirsək, ölkədə rabitə sisteminin hansı üsulla idarə olunduğunu görərik.
“Catel”i bir gecədə sıradan çıxartdılar
Məsələn, Əli Abbasov bu il yanvarın 22-də kollegiya iclasında rabitə müəssisələrinin özəlləşdirilməsinə də hazırlıq getdiyini, lakin bu prossesin gecikdiyini etiraf etdi. Özəlləşdirmə prosesinin sürətlənəcəyini və bu sektorda özəl sərmayənin payının artacağını zənn edənləri Əli müəllim cəmi 3-4 aydan sonra məyus etdi. 100 min abonenti olan “Catel” şirkətini bir gecənin içində sıradan çıxartdı. “Catel” şəbəkəsinin istisi soyumamış, nazirlikdən daxil olan ziddiyyətli məlumatlar göstərdi ki, sən demə, dava yorğan davasıymış… Başqa sözlə, heç bir sivil prosedura əməl olunmadan, ölkənin imici nəzərə alınmadan kiminsə malını əlindən almağa qərar verilib.
“Catel”in “gönü bölünməmiş”, “Azeurotel” gündəmə gəldi. Azərbaycan iqtisadiyyatının ağır vaxtlarında ölkəyə sərmayə qoyaraq 492 və 497 ATS-lərini yenidən quran bu şirkətin indi müflisləşmək astanasında olduğu üzə çıxdı. Rabitə Nazirliyi bu özəl şirkəti də “uddu”. Tənzimləmə funksiyasını daşımalı olan qurum, bununla bazardakı payını bir az da artırmış oldu.
Rabitə Nazirliyi illərdir Azərbaycan ictimaiyyətini aldadır
Bu müddət ərzində Əli Abbasov daha bir neçə kollegiya iclası keçirdi. Iclaslardan biri, hətta antikorrupsiya kampaniyasına həsr olundu. Antikorrupsiya kampaniyasına kollegiya iclası təyin edən nazirlik, cəmi 2-3 aydan sonra tam ifşa olundu. “Azadlıq” radiosu təkzibolunmaz faktlarla sübut etdi ki, bu nazirliyin bütün rəsmiləri Azərbaycan ictimaiyyətini son 5 ildə əməlli-başlı dolayıb. Bazara arxa qapıdan saldıqları, əvvəlcə “Azerfon”, sonra “Nar Mobile” və nəhayət, “Azerfon-Vodafone” donuna girən bu şirkətin hüquqi təsisçiləri başqa şəxslərdir. Artıq beş il idi ki, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin “generalları” “Azerfon”u “Siemens”, Britaniyanın iki şirkəti və “Aztelekom”un təsis etdiyini deyirdilər. Hamıya məlumdur ki, ictimaiyyəti bu qədər aldadan və dolayan qurumun rəhbəri əslində, üzr istəyərək, istefa verməliydi. Üstəlik, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi bir dövlət strukturu olaraq, rəsmən yalan məlumat verdiyinə görə həm də hüquqi məsuliyyətə cəlb olunmalı idi.
Əli müəllim isə istefa yox, yeni ziddiyyətli bəyanatlar verməkdə davam edir. Ziddiyyətli bəyanatların mənbəyi isə yenə də kollegiya iclası oldu. Əli müəllim 3G ilə bağlı 22 yanvarda verdiyi bəyanatı 16 iyulda növbəti dəfə təkrarladı. O, bir daha “Bakcell” və “Azercell” şirkətlərinə də 3G texnologiyası üzrə lisenziya veriləcəyini vurğuladı. Amma kiçik bir əlavəsi oldu: “Bəzi texniki problemlər həll edildikdən sonra…”
Əli müəllim 22 yanvar tarixli iclasda isə belə demişdi: “Artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa çatdıraraq nazirliyə müraciət edib. Onlar ən yaxın vaxtlarda bu lisenziyanı alacaqlar”.
Dövlətin resursları bir şirkətə yönəldilib
Texniki problemin nədən ibarət olduğunu Əli Abbasov açıqlamadı. Amma bundan dərhal sonra “Azercell” rəsmilərinin verdiyi açıqlama məsələyə xeyli aydınlıq gətirdi. “Azercell” bəyan etdi ki, onlar nəinki 3G, hətta artıq 4G xidmətini də göstərməyə qadirdilər. Yeganə problem 3G üçün tezliklərin ayrılmasıdır. Tezliklər isə B&BTV şirkətinə verilib. Odur ki, yeganə texniki problem kimi bu məsələ qalır.
Tərəflərdən daxil olan məlumatlar bir daha təsdiqlədi ki, 3G-nin digər operatorlara verilməsi dalana dirənib və bunun məsuliyyəti nazirliyin üzərindədir. “Azadlıq” qəzetinin araşdırması nəticəsində isə məlum oldu ki, “Azerfon” və B&BTV “qohum” şirkətlərdir. Bu məlumatın, nə “Azerfon”, nə də B&BTV tərəfindən təkzib edildiyi nəzərə alınsa, digər operatorların tezlik almasının elə də asan olmayacağını bəri başdan təxmin etmək olar. Kim öz şansını rəqibinə verər ki?
Təbii ki, versə də, yaxşısını verməz. Həm də çox baha verər…
Bu fakt həm də onu təsdiqlədi ki, tənzimləyici qurum olan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi dövlətin bütün resurslarını bir şirkətə yönəldib. Bununla da “Tender haqqında”, “Antiinhisar siyasəti haqqında” və “Istehlakçıların hüququ haqqında” qanunları kobud şəkildə pozub.
Mətbuat Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin növbəti qanunsuzluğu və yalanlarını üzə çıxarmaqla, nazir Əli Abbasov başda olmaqla bu qurumun ictimaiyyətə qarşı növbəti sayğısızlığını sübut etmiş oldu. Deməli, nazirlik aidiyyəti olmayan bir TV şirkətinə tezliyi qeyri-müəyyən səbəbdən gizli şəkildə verib. Tezlik sahibi olan bu TV kanalı da yeganə 3G xidmətini göstərən operatorla “bacı-qardaşdır”.
“Azerfon”a niyə 3G “mükafatı” verilib?
Digər mobil operatorları tezliklərlə təmin edə bilməyən nazirliyin isə yeni-yeni bəhanələr uydurmaqdan başqa çarəsi yoxdur. Məsələn, nazirliyin mətbuat katibi Müşfiq Əmirov “Azercell” və “Bakcell”in 3G xidmətləri üçün lisenziya almamasının səbəblərindən biri kimi, bu operatorların Rabitə və Informasiya Texnologiyaları Nazirliyilə imzaladığı protokollara əməl etməməsini göstərdi. Bu bəyanatla Müşfiq Əmirov sübut etməyə çalışdı ki, texniki problem dedikdə, nazir tezliyin B&BTV-yə verilməsini yox, başqa məqamı nəzərdə tuturmuş. Amma göürünür, Müşfiq Əmirovun bəyanatı Əli Abbasovu qane etmədi. Ardınca nazir bildirdi ki, “Azercell” və “Bakcell” hökumətin qoyduğu şərtləri qəbul edən kimi onlara 3G lisenziyası veriləcək: “3G lisenziyası almaq üçün ”Telekommunikasiya haqqında” qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi onlar bunu alacaqlar. Amma nədənsə, həm “Azercell”, həm də “Bakcell” bu məsələdə tələsmirlər”.
Nazir deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, operatorların şəbəkəsi şəffaf olmalıdır: “Yəni operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. Ikinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki, operatorlar, xüsusilə də ”Azercell” nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. O, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək”.
Görün, sadalanan problemlərin hansının 3G-yə dəxli var? Və yaxud Əli Abbasovun dediyi şərtlərin hansı birini “Azerfon” yerinə yetirib ki, ona 3G “mükafatı” verilib?
Təəssüf doğuran məqam odur ki, hətta MDB ölkələrində də 4G nəslinin tətbiqinə başlandığı bir vaxtda, Azərbaycanda 3G nəslinin yayılması əsl problemə çevrilib. Tənzimlənmə və qanunları icra edən orqan öz vətəndaşlarını bu nəslin imkanlarından məhrum etmək üçün elə dövlətin resurslarının özündən istifadə edir, qanunları pozur. 3G texnologiyasının maksimum 3 ilə öz dövrünü başa vuracağını nəzərə alsaq, onda məlum olur ki, yaxın zamanlarda onun verilməsi ümumiyyətlə aktuallığını itirəcək. Deməli, operatorların bu xidmətin göstərilməsi üçün qoyduğu sərmayələr sadəcə, batacaq. “Catel”in, “Azeurotel”in və digərlərinin sərmayələri batdığı kimi…
Fidan


