Belarusa 0.01, öz vətəndaşına isə 30-40 faizlə

İlham Əliyev Belarusa göstərdiyi səxavəti niyə öz fermerinə, sahibkarına göstərmir

Azərbaycan Belarusa 4 illiyə ili 0,01 faizlə 300 milyon dollarlıq kredit verməyə razılaşdı. Onu da qeyd edək ki, bundan əvvəl də Azərbaycan çətin anlarda Belarusa dayaq olub və maliyyə problemlərinin həllində kömək edib. Amma ekspertlər rəsmi Bakının bu addımını həm siyasi, həm də iqtisadi baxımdan səmərəsiz sayır. Baş verənləri həm siyasi, həm də iqtisadi kontekstdən analiz etməyə çalışdıq.

Siyasi fayda…

“Avtoritarlara dəstəyi avtoritar ölkələr verir”

Məsələyə öncə siyasi rakursdan yanaşaq. Azərbaycanın həm Qərblə, həm də Rusiya ilə kifayət qədər problemləri olan bir dövlətə belə bir yardım etməsi anlaşılmır. Burada sual yaranır ki, Azərbaycanın dünyanın ciddi sanksiyalar tətbiq etdiyi Belarusa bu cür marağı nədən qaynaqlanır?
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycanın xarici siyasət kursunda rasional olmayan kifayət qədər addımlar var. Belarusla da sıx əlaqələrin saxlanılmasını bu qəbildən izah edən F.Qəhrəmanlı vurğuladı ki, Belarusa kreditin verilməsi zamanı dövləti maraqlar nəzərə alınmayıb. Və bu sazişdə sırf I.Əliyevin şəxsi istəyi üstün tutulub: “Bu kreditin verilməsi hər hansı strateji məsələni qarşısına qoymadan, şəxsi istəklə həll olunub. Bu da təbii ki, Azərbaycanın imicinə, digər dövlətlərlə münasibətlərinə təsirsiz ötüşməyəcək. Onu da nəzərə almaq lazımdır ki, bu həm Rusiya, həm də Qərblə münasibətlərə kölgə gətirən tendensiyadır. Çünki Rusiya Belarusda yaranmış iqtisadi vəziyyətdən istifadə edərək bu dövlətə müəyyən təsirlər göstərirdi. Və dövlətin əsas iqtisadi gücünü təşkil edən müəssisələri ələ keçirməyə çalışırdı. Yəni, Belarusun düşdüyü vəziyyət Rusiyaya təzyiq üçün müəyyən imkanlar yaradırdı. Ona görə Rusiya Azərbaycanın Belarusa dəstək verməsini birmənalı qarşılamayacaq”.
F.Qəhrəmanlı onu da vurğuladı ki, Avropa Birliyi ilə Belarus arasında gərginlik uzun müddətdir davam edir. F.Qəhrəmanlının sözlərinə görə, belə bir vəziyyətdə Belarusun himayə olunması, Azərbaycan barəsində kəskin neqativ imic yaradacaq. Açıq görünəcək ki, Azərbaycan təkcə özü demokratiyanın qarşısını almır, eyni zamanda Qərblə qarşıdurmada olan avtoritar ölkələri dəstəkləyir: “Belə fikir yaranır ki, Azərbaycan regiondakı avtoritar ölkələrə dəstək olmaqla öz ətrafında sanki bufer zona yaratmağa çalışır. Görünür, Azərbaycan iqtidarı düşünür ki, kənarda avtoritar rejimlərin sayı nə qədər çox olarsa, bir o qədər hakimiyyət özü üçün zaman əldə edə bilər, təzyiqlərdən yayınmaq imkanı qazanar. Amma bu cür addımlar Azərbaycanın həm avtoritar ölkə olduğunu, həm də avtoritarlara dəstək verdiyi imicini yaradır. Bu isə o deməkdir ki, Belarusun dəstəklənməsi Azərbaycana münasibətdə sərt və qəti addımların atılmasına səbəb ola bilər”.

İqtisadi fayda…

“Sağlam düşüncəyə sahib dövlət Belarusa borc verməz”

Belarusa verilən kreditin iqtisadi tərəflərinə gəlincə, onlar da bir sıra suallar doğurur. Xüsusilə dörd il müddətinə verilən kreditin illik faizinin cəmi 0.01 faiz olması bir qədər gülüş də doğurur. Çünki bu zaman ərzində həmin məbləğ verilən faizlə böyük risklərə məruz qala bilər. Digər tərəfdən, Belarusun sanksiyalara məruz qalan dövlət olması da kreditin qaytarılması ilə bağlı riskləri artırır. Həm də maraqlıdır ki, Azərbaycan dövləti öz vətəndaşına verdiyi kreditlərdə faizi on dəfələrlə artıq etdiyi halda, Azərbaycanla elə bir strateji əlaqələri olmayan Belarusa cüzi faizlə maliyyə yardımı edir.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, cüzi faizlə dövlətlərin bir-birinə kredit verməsi normal haldır. Amma məsələnin başqa və ciddi tərəfi var ki, Azərbaycanın özünün, sahibkarların, aqrar sektorda fəaliyyət göstərənlərin kreditlərə ehtiyacı olduğu halda, dövlət bu vəsaiti öz vətəndaşlarına vermir. N.Əliyevin fikrincə, sonuncu addım bir daha göstərir ki, Azərbaycan hökuməti kredit resurslarına ehtiyacı olan vətəndaşların yanında deyil: “Azərbaycan hakimiyyəti avtoritar rejim formalaşdırmış Belarus hökumətinin yanında yer alıb. Halbuki bu maliyyə resursları ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün köməkçi ola bilər. Bir qayda olaraq Azərbaycan hökumətinin kənd təsərrüfatı təyinatı ilə verdiyi kreditlərin faiz dərəcəsi rəsmiyyətdə aşağı olsa da, praktik olaraq həmin kreditlərin əldə edilməsi üçün böyük bürokratik əngəlləri aşmaq, əlavə ödənişlər etmək gərəkdir. Nəticədə vətəndaşa verilən illik faiz dərəcəsi 30-40 faizə çatır. Kənd təsərrüfatındakı mini kreditləri nəzərə aldıqda isə onların illik faiz dərəcəsi 60-a gəlib çıxır. Aparılan tədqiqatlar göstərir ki, Azərbaycan hökuməti kredit resurslarından səmərəli istifadə etməyi də bacarmır”.
N.Əliyev hesab edir ki, Azərbaycan hakimiyyəti Belarusa 0.01 faizə kredit verincə, real 5-6 faizə Azərbaycan kəndlisinə maliyyə verməklə iqtisadiyyatı dirçəldə bilərdi. Bu zaman Belarusa verilən kreditlərdən daha çox divident götürülə bilərdi. Iqtisadçının sözlərinə görə, ümumiyyətlə, Belarusun ciddi sanksiyalarla üz-üzə olduğu nəzərə alınarsa, Minskə verilən kreditlərin geri qaytarılması çox müşkül ola bilər. Rəsmi Minskə qarşı beynəlxalq sanksiyaların daha da sərtləşəcəyinin gözlənildiyini deyən N.Əliyev qeyd etdi ki, Belarus iqtisadiyyatı ağır günlərini yaşayır: “Belarusa qarşı beynəlxalq təpkilər artdıqca bu, ölkə iqtisadiyyatını ağır günə salacaqdır. Bu isə o deməkdir ki, Azərbaycanın verdiyi vəsaitin geri qaytarılması böyük suallar doğurur”.
Belarusa verilən kreditin daha çox pərdəarxası məqamlarının olduğunu düşünən N.Əliyev bildirdi ki, sağlam düşüncəyə sahib olan heç bir dövlət hazırkı vəziyyətdə Belarusa borc verməz, bu dövlətə investisiya yatırmaz: “Azərbaycanın Belarusa kredit verməsini bu dövlətin başçısı Lukaşenkoya münasibətin ifadəsi kimi qiymətləndirmək lazımdır. Azərbaycan kimi çoxsaylı sosia-iqtisadi problemləri olan dövlətin Belarus kimi təcrid olunmuş ölkəyə kredit ayırmasını heç cür başa düşmək olmaz. Bu, daha çox avtoritar rejimlərin bir-birini müdafiə etmək məqsədi daşıyır. Hətta bu cüzi faizli kreditin müqabilində Azərbaycan hakimiyyətinə Belarus iqtisadiyyatının bəzi sahələri güzəştə gedilərsə belə, bu da anlaşılmır. Çünki iqtisadiyyatı çökən, təcrid olunmuş ölkəyə maliyyə yatırmaq ağılsızlıqdır”.

Hikmət