ABŞ prezidenti Suriya diktatorunun atdığı addımları “çirkin” adlandırdı
Suriyada Əsəd rejimi vətəndaşlara qarşı amansız hücumlarını və kütləvi qətliamını davam etdirir. İki gün öncə Həma və Dəl əl Zor şəhərlərində bir neçə saat ərzində 150-ə yaxın dinc vətəndaşı qətlə yetirən Əsəd rejimi artıq paytaxt Dəməşqdə də qanlı əməllər törətməyə başlayıb. Paytaxtda hakimiyyətə qarşı təşkil olunan etiraz aksiyasnı dağıtmaq istəyən təhlükəsizlik qüvvələri oldu silahdan atəş açıblar.
“Əl Cəzirə” kanalının verdiyi məlumata görə, şahidlərdən biri Dəməşqdə keçirilən aksiya zamanı hökumət qüvvələrinin açdığı atəş nəticəsində 6 nümayişçinin həlak olduğunu bildirib. Onlarla dinc etirazçının isə müxtəlif dərəcəli bədən xəsarəti aldığını söyləyib. Ümumiyyətlə isə avqustun 2-də ölkənin müxtəlif bölgələrində hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayının ən azı 24 olduğu deyilir.
Həma şəhərində isə hökumət qüvvələrinin reydi davam edir. Şəhər tanklarla mühasirəyə alınıb. Gün ərzində yaşayış bölgələri müxtəlif istiqamətlərdən tank mərmiləri ilə atəşə tutulur. Suriya ordusuna aid tankların axşam saatlarında Livanla sərhəddəki Zəbadani şəhərinə girdiyi bildirilir. Şahidlərin sözlərinə görə, şəhər sakinləri Həmada keçirilən etiraz aksiyasına dəstək verdikləri üçün Əsəd rejiminin qəzəbinə tuş gəlib.
ABŞ Suriya hökumətindən öz xalqına qarşı qətliamı dayandırmağı tələb edib. Məsləhətləşmələr üçün Vaşinqtonda olan ABŞ-ın Suriyadakı səfiri Robert Ford ilə Barak Obama müqəddəs ramazan ayının əvvəlində suriyalı nümayişçilərə qarşı son hücumların “çox çirkin” olduğunu söyləyib. Dövlət katibi Hillari Klinton da Bəşər Əsədə “qırğını dərhal dayandır” mesajı göndərib və BMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə çağırıb.
Bu arada Avropa Birliyi Suriyanın müdafiə naziri Əli Həbibin mal varlığını və səyahət imkanlarını məhudlaşdıran sanksiya qəbul edib. 62 yaşlı Həbiblə yanaşı daxili işlər və baş təhlükəsizlik rəsmisi general Tofiq Yunus da qadağalara məruz qalıb. Beləliklə, Avropa Birliyinin Bəşər Əsəd daxil olmaqla sanksiya tətqib etdiyi Suriya rəsmisinin sayı 35-ə çatdı.
Elxan



