AYB-dən Xaliq Bahadıra cavab

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti yenidən redaksiyamıza müraciət edib. “Rəhbərliklə razılaşdırılmış” bu yazının qəzetimizdə çap olunmasını istəyib. Qapımızın hər kəsin üzünə açıq olduğunu xatırlatmağa gərək yox. Beləliklə…

 

Xaliq Bahadırın ”Azadlıq” qəzetində dərc olunmuş iki geniş məqaləsindən (12-30 iyul) xeyli maraqlı məlumatlar əldə etmək olar. 12 iyul tarixli məqaləsindən məlum olur ki,  demə Xaliq Bahadır neçə ildir Anarla “savaşırmış”. “Mənim Anarla savaşım” yarımbaşlığı lap Hitlerin “Mayn kampf” – “Mənim savaşım” kitabının adını yada salır. Mətndə bu “savaşın” nədənləri də açıqlanır. “Savaş” sözünü ona görə  dırnaq arasına alırıq ki, Anarın bu “savaşdan” yerli-dibli xəbəri yoxmuş. Yazıçılar Birliyinin sədrinə bu münasibətlə müraciət edərkən Anar: “bu adamla savaşdığımı ilk dəfə eşidirəm” – dedi – ola bilsin ki, haçansa hansı atmacasınasa eynən öz ifadələriylə cavab vermişəm, amma bunu “savaş” adlandırmaq mənimlə “çəngə çıxançün” böyük şərəf olardı.
“Azadlıq” qəzetinin 30 iyul tarixli sayında Xaliq Bahadırın əndərəbadi bir başlıqla “Əlaltıların içindəki Anar – Anarın içindəki əlaltılar” başlığıyla dərc olunmuş yazısında daha maraqlı kəşflərlə tanış oluruq. Xaliq Bahadır böyük təvazökarlıq nümayiş etdirərək özü haqqında yazır: “Nəylə olmasa da (!) türkcəni, özü də arı türkcəni gözəl bilməyim, belə türkcədə yazdığımla öyünə bilərəm. Elə türkcəni GÖZƏL bildiyimə görə də mən AZƏRBAYCAN PUBLISISTIKASINA BIR SIRA YENILIKLƏR GƏTIRMIŞƏM. O YENILIKLƏRDƏN BIRI DƏ MƏNIM PUBLISISTIKAMDA GENIŞ YAYILMIŞ SƏS-SÖZ ZƏNGINLIYI – ALLITERASIYA FAKTIDIR. BELƏ BIR PARLAQ FAKTI BAŞQALARI BIR YANA, AZƏRBAYCAN YAZIÇILAR BIRLIYININ BAŞINDA DURAN XALQ ŞAIR-YAZIÇILARI GÖRÜB DƏYƏRLƏNDIRƏ BILMIRLƏRSƏ DAĞILSIN ELƏ BIRLIK” (sitatdakı cümlələrin altını biz cızdıq).
Xaliqin elə bu iki yazısında da “səs-söz zənginliyi-alliterasiya” və “Azərbaycan publisistikasına bu kimi yeniliklər gətirən parlaq faktları… heç cür aşkar edə bilmədik.
Amma “səs-söz zənginliyini, alliterasiya ustalığı kimi parlaq faktı” dəyərləndirə bilməyən Yazıçılar Birliyinə qaraçı qarğışlarını yağdıran Xaliq Bahadır dildə sinonim zənginliyini qəbul etmir, “baxmayaraq” sözüylə yanaşı “gözəl bildiyi türk dilində” geniş işlədilən “rəğmən” sözünə etiraz edir, eyni zamanda “arı” türk dilində alliterasiya, stil, metod, xarakterik-anormal və sairə və ilaxır kimi yüzlərlə “xalis türkcə” sözlər işlədir.
Qırx il bundan qabaq “Qobustan” toplusunda ön söz, öncül,  önəmli, yozum, danılmaz, çağdaş, elə toplu sözü və onlarla belə gerçəkdən də arı türk dilində olan sözləri işlədəndə bunu türkçülük, pantürkizm kimi damğalayır, bu barədə KQB-yə danoslar verirdilər. O vaxtlar Xaliq Bahadır radioda rəsmi və quru bir dillə sovet təbliğatının mətnlərini efirə çıxarırdı.
Bu dil söhbətlərinin üzərində belə çox dayanmağa dəyməz, çünki Xaliq Bahadırın hər iki məqaləsində daha ciddi etiraz doğuran məqamlar var.
30 iyul tarixli qəzetdə dərc etdiyi və Anarın, Fikrət Qocanın ünvanına yeni söyüşlərlə süslənmiş, parlaq təhqirlərlə bəzənmiş yazısında Xaliq Bahadırın öz sözüylə desək, metodu ondan ibarətdir ki, Fikrət Qocanın yazdığı məqaləni Anara aid edir və qəzəbini hər ikisinə də yönəldir. Bu təxribatla da kifayətlənmir, son vaxtların qalmaqalında  müxtəlif qəzetlərdə (“Azadlıq”, “Yeni Müsavat”, “Şərq”, “Bizim yol”, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”) dərc olunan yazıların Anar tərəfindən yazıldığını iddia edir. Deməli, tutalım, “Azadlıq” qəzetində Oqtay Şamilin yazısı dərc olunur, Yazıçılar Birliyinin mətbuat xidməti bu yazıya iradlarını bildirir, amma

 

Xaliq Bahadırın məntiqiylə Oqtayın məqaləsini də Anar yazıb,

ona irad tutan yazını da, yəni bir yandan yazır, o biri yandan da özü öz yazdığına etiraz edir. Belə metod heç şeytanın da ağlına gəlməz, Xaliqin ağlına gəlir.
Yazıçılar Birliyinin bütün işləri şəffaf olduğu kimi, bir məsələyə də aydınlıq gətirmək istəyirik. Yazıçılar Birliyinin mətbuat xidməti adından verilən bütün yazılar Birliyin rəhbərliyilə razılaşdırılır, onların fikrini ifadə edir. Bu qalmaqalda vicdanları susmayan adamlar da bəzən mətbuat xidmətinə müraciət edir, hansısa faktları dəqiqləşdirirlər. Bunu danmırıq.
Amma Fikrət Qoca kimi ustad qələm sahibinin yazılarını özünün deyil, Anarın yazması yalnız özləri belə fəndlərə əl atanların ağlına gələ bilər. Belə fəndlərin çox dəqiq düşünülmüş məqsədi də var. Məqsəd – həqiqətə qahmar duran adamların hamısını şantaj etmək, “siz özünüz yazmırsınız, sizin yerinizə Anar yazır” deyə onları suçlayıb susdurmaq cəhdidir. Hətta bəyəndikləri, rəğbətlə yanaşdıqları bir alim, ya şair də Anar haqqında xoş söz deyirsə, dərhal ona da hücum edir, onu da öz qara siyahılarına salırlar ki, Anarı tamamilə təcrid etsinlər, təkləsinlər. Amma xam xəyaldır. Haqqın, ədalətin tərəfində duranlar qat-qat çoxdur, bəzən abırlarına qısılıb, yaxud böhtanlara düşməmək üçün susub kənardan baxsalar da qəlbən heç vaxt haqsızlıqla, insafsızlıqla, ədalətsizliklə barışmırlar.

Xaliq Bahadır 30 iyul yazısında Fikrət Qocanın bir fikrini yüz faiz təsdiq etdi

Fikrət Qoca “Balıq da bilsin, Xaliq da” adlı yazısında qeyd edirdi: “Belələrinin bir şakəri var – eşitmək istəmədiklərini eşitmirlər, görmək istəmədiklərini görmürlər, bilmək istəmədiklərini bilmirlər”.
Xaliq Bahadırın 30 iyul yazısı Fikrət Qocanın bu müşahidəsini tamamilə doğrultdu. 12 iyul yazısında Xaliq Bahadır iddia edirdi ki, Moskvada qurultayda Anar Ermənistan Yazıçılar Ittifaqının sədri Vardqes Petrosyanın Azərbaycana qarşı çıxışlarına cavab verməyib, susub. Fikrət Qoca məlum faktı Xaliq Bahadıra çatdırdı: Vardqes Petrosyan SSRI deputatı olanda Anar deputat deyildi, Anar SSRI deputatı olanda isə Petrosyan deputat deyildi, odur ki, onlar heç vaxt qurultaylarda üzləşməyiblər.
Xaliq Bahadır, Fikrətin təbiriylə desək, özünü eşitməməzliyə qoyaraq yenidən Anarı ittiham edir ki, Petrosyan Azərbaycana qaralar yaxarkən Anar susub. Görəsən belələrini hansı üsullarla başa salmaq olar və ümumiyyətlə, mümkündürmü: yüz fakt, yüz dəlil gətir, yenə dediklərini deyəcəklər. Doğrusu, Anar da, Fikrət Qoca da Xaliq Bahadır haqqında onun layiq olduğundan daha yaxşı fikirdə imişlər. Hətta Anar Nəriman Nərimanova haqsız hücumlar ediləndə Xaliq Bahadırın ona daha obyektiv yanaşmasını təqdir edirdi. Anara da, Fikrət Qocaya da elə gəlirdi ki, Xaliq Bahadır qərəzinə görə yox, bəzi faktları yetirəncə bilmədiyinə görə belə ittihamlara əl atır. Fikrət Qoca hətta Anarın siyasi çıxışları toplanmış iki kitabını – “Əsrin əsiri” və “Plennik veka” (Moskvadakı rus dilində çıxışları əsasən, bu ikinci kitabda toplanıb) göndərməyi təklif etmişdi. Doğrudan da bu iki kitabı “Azadlıq” qəzetinə göndərdik. Bilmirik Xaliq Bahadır bu kitabları görübmü, heç olmasa maraqlanıb vərəqləyibmi,  Anarın Moskvada Ali Sovetin sessiyalarında, SSRI Xalq deputatlarının qurultaylarında, Moskva mətbuatında, Mərkəzi televiziyada, habelə Türkiyədə, ABŞ-da, Avropa ölkələrində çıxışlarını gözdən keçiribmi? Qarabağ məsələsinə dair,  erməni işğalçılarını ifşa edən yazılarıyla çıxışlarıyla  tanış olan vicdanlı adam heç vaxt Anarı haçansa, hardasa susmaqda suçlaya bilməz? Xaliq Bahadır daha da irəli gedərək Anarın adından “Ailə tərbiyəmə görə Moskvada susdum” kimi mənasız bir yalan uydurur və deyir ki, guya bu yalan  qəzetdə də dərc olunub. Özü uydurduğu bu yalanı hansı qəzetdə tapa bilsə, Xaliq Bahadırı həmin qəzetə illik abunəçi yazdırmağa söz veririk.
Bu adam tək böyük yalanlarını yox, nisbətən balaca yanlışlarını da heç cür boynuna almır. Birinci yazısında Difai partiyasının yaradıcılarından biri kimi Xudadat bəy Rəfibəylinin adını çəkmişdi. Bu yanlışı göstəriləndən sonra səhvini boynuna almaq əvəzinə yazır ki, guya Anar Ələkbər bəyi Difai partiyasının yaradıcısı kimi göstərir. Yenə növbəti yalan. Əvvəla Ələkbər bəy və Difai partiyası haqqında sözlər Anarın yox, Fikrət Qocanın yazısında var.  Fikrət Qoca tarixi mənbələrə isnad edərək Ələkbər bəy Rəfibəylinin Difai partiyasının GƏNCƏDƏ yaradıcısı olduğunu göstərir. Bakıda yaradıcısı Əhməd bəy Ağayevin olduğu Difai partiyasının Gəncədə qurucusu, sonra isə fəxri sədrinin Ələkbər bəyin olması neçə-neçə kitabda və məxəzdə qeyd olunub. Ələkbər bəyin də, Xudadat bəyin də xalqımız qarşısında elə böyük xidmətləri olub ki, əlavə şöhrətə ehtiyacları yoxdur. Rəfibəylilər nəslinin indiki əleyhdarlarının o vaxtkı mənəvi sələflərindən olan Rostmistr Astroyantsın verdiyi danosda da Ələkbər bəyin evində axtarış zamanı tapılmış sənədlərə görə Difai partiyasının yaradıcısı kimi Ələkbər bəy Rəfibəyli və Pişnamazzadə göstərilir. Bu sənəd də Anarın “Mübarizə bu gün də var” kitabında əks olunub. Nahaq yerə Xaliq Bahadır Anarın və əcdadlarının apardıqları MÜBARIZƏ sözünü dırnaq arasına alır, Anarın və əcdadlarının ermənilərə qarşı davalarının da, ermənilərin onlara qarşı hər növ təxribatlarının da üstündən keçmək istəyir. Ələkbər bəydən, Xudadat bəydən, Rəsul Rzadan Anaradək bütöv bir nəsil erməni millətçilərinə qarşı  mübarizə apararkən bəzi “özümüzünkülər” də bu nəslin nümayəndələrinə qarşı mübarizə aparıblar. Bütün bunları – Ələkbər bəydən danos yazan Astroyantsı, Xudadat bəyi ölümə məhkum etmiş erməni müstəntiqləri, Nigar Rəfibəylinnin və anasının sürgün edilməsi haqqında, Bağırova raport verən NKVD müavini Xoren Qriqoryanı, Rəsul Rzanı millətçi kimi suçlayaraq Sov.IKP MK-ya məktub göndərən Sero Xanzadyanı, Anara qarşı Vardqes Petrosyanın, Perç Zeytunsyanın, neçə-neçə başqa erməni yazıçısı, deputatının  dediklərini və yazdıqlarını, Ermənistan Yazıçılar Ittifaqının SSRI Yazıçılar Ittifaqına Anarın cəzalandırılması haqqında müraciətini və bu kimi başqa faktları ortaya qoymaqdan, Xaliq Bahadıra xatırlatmaqdan nə fayda? Yüz dəfə, min dəfə fakt, sübut, dəlil gətir, xaliq bahadırlar heç nəyə məhəl qoymayacaq, axı robot kimi yalnız bir şeyə – Anara qarşı nifrətlə proqramlaşdırılıblar.
Xaliq Bahadırın Anara qarşı bu erməni nifrətinin səbəbi nədir? “Erməni nifrəti” ifadəsini gəlişigözəl söz kimi işlətmirik. Adlarını çəkdiyimiz hər iki kitabla tanış olanlar erməni mətbuatında Anara qarşı nə qədər təhqir və böhtan yazıların dərc edildiyini görüb ermənilər tərəfindən ona ünvanlanmış hədə məktublarını oxuya bilərlər. Eyni zamanda Xaliq Bahadır və onun kimilərin Anara eyni cür nifrət bəsləməsinin əyani şəkildə şahid olarlar. Amma ermənilər Xaliq Bahadıra və onun kimilərə bütün bu illər ərzində güldən ağır söz deməyiblər və deməzlər. Beynəlxalq forumlarda ermənilərin qabaqlarına çıxan Anardır, burda, yerli mətbuatda od-alov püsgürənlər yox. Xaliq Bahadırın erməni nifrəti bəslədiyi yalnız Anar deyil.

Eynən ermənilər kimi mərhum prezident Heydər Əliyevə də nifrət edir

Anarın da bütün dövrlərdə – H.Əliyev iş başında olanda da,  vəzifələrindən uzaqlaşdırılandan sonra da ona eyni sədaqətlə yanaşmasını Xaliq Bahadırlar heç cür həzm edə bilmir. Anarın H.Əliyevin vəfatından sonra yazdığı “Qalib gəldi, qalib getdi” yazısını yada salaraq mərhum prezidentin  xəstəliyinə, ABŞ-da və Türkiyədə müalicə olunduğuna görə Xaliq məntiqsiz sual verir: “necə qalib gəldi, qalib getdi demək olar?”. Yəni Xaliq Bahadır doğrudan da başa düşmür ki, insan xəstələnəndə və ya rəhmətə gedəndə məğlub olmur, sürünə-sürünə yaşayanda zəlil olur. Azərbaycanın indiki durumunda çox məqamlarla razılaşmamaq olar, amma görəsən hansı diktaturada Xaliq Bahadır bu iqtidara qarşı  yazdıqlarını yaza bilərdi? Sovet dönəmində adicə JEK müdirinin qarşısında tir-tir əsənlər, şöbə müdirləri papiros dalınca göndərərkən bunu itaətlə yerinə yetirənlər indi ölkə başçısı haqqında ağızlarına gələni yazırlar. Çünki indiki dövrdə “icazəli cəsarətə”, “idarə olunan qoçaqlığa”, “muzdlu qoçuluğa” imkan verilir. Yəni Heydər Əliyevə də,  Azərbaycanın dəyərli ziyalılarına da çirkab atanlar ermənilərlə eyni mövqedə durduqlarını, daha açıq şəkildə desək, ermənilərə nökərçilik etdiklərini başa düşmürlər?
Belə məlum olur ki, indiki iqtidarı yamanlayanlar, ondan əvvəlki iqtidar dövründə də şəxsi karyera naminə bəd əməllərindən əl çəkmirlərmiş. Bu məsələ “Şərq” qəzetində (26 iyul 2011) də, “Yeni Müsavat” qəzetində də işıqlandırılır (25 iyul 2011). Demə, 1993-cü ildə Xaliq Bahadır AzTV rəhbərliyindən Təhlükəsizlik Nazirliyinə danos veribmiş. Bu barədə “Yeni Müsavat” qəzetində (25 iyul 2011) verilən yazıda ən çox diqqət çəkən Xaliq Bahadırın öz etirafıdır. Özünü “təmiz adam” adlandıran Xaliq boynuna alır ki, Milli Təhlükəsizlik Nazirliyinə verdiyi danosda AzTV-də yeyinti olması barədə nəinki AzTV-nin sədri, istedadlı şair Məmməd Ismayıldan, eləcə də o vaxt yüksək vəzifə tutan Pənah Hüseyndən də yazıbmış. Ancaq ən qəribə bundan sonra dediyi sözlərdir: “Əlimdə faktım yoxdur ki, birbaşa Pənahdan yapışım. Belə bir faktım olsaydı, çoxdan haqq-hesab çəkərdim. Təbii ki, cinayətin başında duran Məmməd Ismayıl və Səfər Alışarlı idi. Məncə, sonradan Pənah Hüseyn də bu işdə ortaq olmuşdu”.
Budur Xaliq Bahadırın əsl siması. Əlində fakt olmadan kiminləsə haqq-hesab çəkən, tək bir “məncə” sözüylə kimlərəsə ən ağır ittihamlar verən şəxsin hələ özünü “təmiz adam” adlandırmağa da üzü var.
Görünür, bütün müddəaları yalnız böhtan, yalan, kiməsə çirkab atmaq, kimisə şərləmək üzərində qurulmuş adamlarla mübahisə etməyə dəyməz. Burda yalnız Fikrət Qocanın Cəlil Məmmədquluzadəyə isnad edərək yada saldığı qarpız məsələsini  xatırlamaq olar. Məsələnin mahiyyətini bilməyənlərə bu qarpız əhvalatını izah edirik. Öz dövrünün qanmazlarını heç cür qandıra bilməyən Mirzə Cəlilin bir gün hövsələsi tükənir, çarəsiz qalıb “götürəsən yerdən qarpız qabığını, yapışdırasan beləsinin ağzına, çıxıb getsin işinə” – deyir.
Qarpız qabığı məsələsi bu gün də aktualdır”.