İctimai Televiziya məhkəməyə verildi

Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Komitəsi Ictimai Televiziyanı məhkəməyə verib. Buna səbəb isə bu ilin mayında telekanal rəhbərliyinə ünvanlanan müraciətə cavab verilməməsidir. Bu barədə Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Müdafiə Komitəsinin sədri Rəsul Cəfərov bildirib ki, onlar həmyaşıdlarının həbsi və təzyiqlərə məruz qalması ilə bağlı ictimaiyyətə məlumat vermək, bir sıra media qurumlarında bu həbslər, təzyiqlər və baş verən hadisələr haqqında əsassız ittihamları cavablandırmaq istəyiblər. Elə ITV rəhbərliyinə ünvanlanan müraciətdə də son vaxtlar Azərbaycanda gənclərin əsassız və qondarma ittihamlarla həbsə atılmasından narahatlıq ifadə olunub.
“Ismayıl Ömərovdan bizim mövqeyimizin də əks olunacağı  süjet və ya ayrıca verilişin hazırlanmasını, yaxud birbaşa çıxış üçün qısa müddətə də olsa, efir vaxtı ayrılmasını xahiş etmişik. Konkret olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının 2 il 6 ay azadlıqdan məhrum edilməsi, Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslı və üzvləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli barəsində həbs-qətimkan tədbirinin seçilməsi, bitərəf gənc, son parlament seçkilərində deputatlığa namizəd Bəxtiyar Hacıyevin əsassız olaraq həbsə atılması bizi narahat edir. Telekanal rəhbərliyi müraciətimizi cavabsız qoyduğundan Yasamal Rayon Məhkəməsinə müraciət edib, məsələyə hüquqi qiymət verilməsini xahiş etmişik”, – deyə Rəsul Cəfərov bildirib.

Natiq