Avropanın göbəyi

Və ya dostum Anara Mahmudoğluya cənnət barədə bir neçə kəlmə

Heç zaman özümü reklam, yəni, üzərimə olan basqılardan danışmaq, ya da gördüyüm işləri pafosla təqdim etməklə işim olmayıb. Sadəcə, bir səbəbdən ki, mən Azərbaycan üçün hansısa kiçik iş görməyi belə, vicdan borcu sayıram. Düşünürəm ki, bu, sona qədər gediləcək yoldu. Bu yolda baş verənlərə görə də kimsəni günahlandırmamışam. Hətta bütün çətinliklərə baxmayaraq, həyatıma olan real təhlükə üzündən məhz öz hesabıma Avropaya gəlib çıxanda və burada min bir çətinliklə yeni həyatın şərtlərinə uyğunlaşanda da kimsəni qınamamışam. Nə məni aramayan dostları, nə siyasiləri, nə də başqa kimsələri. Çünki məni təhlükəyə aparan yolu özüm seçmişdim.

Ola bilsin ki, Azərbaycandan baxanda Avropa cənnət görünsün. Və həqiqətən də cənnətdir. Amma vicdanı olan siyasi mühacir üçün bu, cənnət sayılmaz. Çünki hər dəfə bu cənnəti gördükdə xalqının, dostlarının, yaxınlarının cəhənnəmdə yaşadığını xatırlayırsan. Nə qədər cənnət olsa belə, bu  məkanda qonaq olduğunu anlayırsan. Illərlə yaxınlarını görməmək, xəstə ata-anana baş çəkə bilməmək, rəhmətə gedən insanların yaxınlarına təsəlli belə, verməmək cənnəti cəhənnəmə çevirir. Bir yaxınının qəbri üstündə 10 dəqiqə dayanmaq imkanın yoxdursa, necə yaşamağının nə fərqi var? Öz ölkənə istədiyin zamanda dönmək imkanın yoxsa, o cənnətdə nə edə bilərsən?

Və bütün bu olanların fonunda həm sığınacaq alaraq yaşadığın ölkədə dil öyrənir, oxuyur, iş qurur, dolanışığı təmin edir, yeni əlaqələr yaratmağa çalışırsan, həm Azərbaycandakı yaxınlarının problemlərini düşünərək onlara necə yardım edəcəyini fikirləşirsən, həm də jurnalistika, siyasi və diaspor fəaliyyəti ilə məşğul olursan. Azərbaycanda jurnalist olaraq fəaliyyət göstərənlər yazdıqlarının qarşılığında qonorar alırlar. Yəni, mənəvi ilə yanaşı, maddi maraqları da var. Amma bizim, konkret olaraq mənim hansı marağım ola bilər ki, Avropanın bu başından o başına Azərbaycanla bağlı hansısa tədbirə gedim? Əcnəbi bir dövlətin verdiyi müvəqqəti sosial yardımı bu yollarda xərcləyim? Axı bu sosial yardım mənim dolanışığımı təmin etmək üçündür və iki dəfə Azərbaycanla bağlı nələrsə etmək üçün Brüsselə, Strasburqa gedib gələndə bitir. Heç bir əlavə gəlir olmaya-olmaya dövlətdən aldığı 3-5 manat yardımı da bu yolda sərf etmək fədakarlıq deyilmi?

O üzdən bunları yazıram ki, dostum Anar Mahmudoğlu jurnalistlərin poçtuna ölüm təhdidli məktubla bağlı “Meşəyə gedən ayı ilə qarşılaşacağını gözə almalıdır. Biz bunu gözə aldığımızdan qorxusu yoxdur” deməyimə ironiya ilə yanaşıb. Görünür, dostum elə fikirləşir ki, Avropaya çatdın, hər şey bitdi. Amma onu bilmir ki, Avropanın paytaxtı Brüsselin 200 kilometrliyində Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq, Avropa Parlamenti önündə aksiya keçirib Qərb dairələrinin diqqətini ölkəmizə yönəltmək, saysız-hesabsız məktublar yazıb, görüşlərə getmək elə birbaşa hədəfə gəlməkdir. Mən və buradakı dostlar dəfələrlə təhdid və xəbərdarlıqlar almışıq. Hətta Azərbaycan hakimiyyətinin əlaltılarının şərilə polis idarələrinə çağırılanlar da olub. Hakimiyyətin qondarma diaspor qurumlarından birinin yalandan “filan ünvanlı evdə yaşayan şəxs Azərbaycanda terrorla məşğul olub” xəbərilə siyasi fəallardan birinin evinə xəbərdarlıqsız basqın da olub. Nəticədə həmin şəxsin ailə üzvlərindən biri həyəcan keçirərək xəstəlik tapıb və qısa zamanda dünyasını dəyişib. Vətəninə getmək istəyən siyasi fəallara isə viza verilməsindən imtina edilir. Və nəhayət, hakimiyyətin diqqətindən uzaq, Azərbaycanda bir hadisə olanda hər kəs bilir ki, sən jurnalistsən. Avropada başına bir olay gələndə kimin hardan xəbəri olacaq, Mahmudoğlu? 1990-cı illərin sonunda Praqada yoxa çıxan Marat Manafov yadından çıxıbmı? Siyahını uzadıb insanlarda həyəcan yaratmaq istəmirəm. Həm də burada olanlar barədə Azərbaycana məlumat verib əlavə narahatlıqlar yaratmaq niyyətində deyiləm.

Amma əziz dostum Anar bəy, bil ki, Azərbaycanda mübarizə aparmaq o üzdən rahatdır ki, meşənin hər tərəfini tanıyırsan, heyvanlar da səni tanıyır. Avropada isə meşə də yaddır, heyvanlar da…