Onu qoruyurlar, yoxsa başqasına qarşı istifadə üçün saxlayırlar?
Adı bir çox qalmaqallı cinayətlərlə qoşa çəkilən DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun adı növbəti dəfə akademik Ziya Bünyadovun qətlində hallanır. Maraqlısı odur ki, bir çox analoji ittihamlara baxmayaraq, bugünə qədər H.Məmmədovla bağlı əlavə istintaq hərəkətləri aparılmır, əksinə illərdir sanki, mühafizə olunur.
Onun bugünə qədər niyə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldığı da müəmma olaraq qalır. Düzdür, ağır cinayətlərdə ittiham olunan bəzi şəxslər istintaq müddətini bu təcridxanada keçirirlər. Amma məsələ ondadır ki, H.Məmmədovun istintaqı çoxdan başa çatıb, ona ömürlük həbs cəzası da verilib. Barəsində hökm çıxarılan şəxslərin isə istintaq təcridxanasında saxlanılması qanunsuzdur. Belə olan halda, MTN-in Hacı Məmmədovu 6 ildir əlindən buraxmaq istəməməsi nəyə xidmət edə bilər?
Bəzi ekspertlərin fikrincə, məqsəd, kifayət qədər məlumata sahib olan H.Məmmədovu izolyasiyada saxlamaqdır. Belə ki, keçmiş baş əməliyyat müvəkkilinin bildiyi şeyləri danışmaması və kimlərəsə ötürə bilməməsi üçün MTN-in təcridxanası ən əlverişli yerdir.
Xatırlayırsınızsa, açıqlamalarının birində Hacı Məmmədov bildirmişdi ki, onun cinayətlərinin bir hissəsi hələ açılmayıb və “silahdaşlarının” da bir hissəsi azadlıqdadır. Bu o deməkdir ki, məlum qanlı cinayətlərə ortaq olan, lakin hələ də azadlıqda gəzən çox iri fiqurlar var. H.Məmmədovun ömürlük məhbusların cəza çəkdiyi Qobustandakı qapalı təcridxanaya köçürülməsi isə bu məlumatların yayılması baxımından böyük riskdir. Bəzi ekspertlər isə deyir ki, H.Məmmədovun MTN-də saxlanılması iki nazirin savaşının nəticəsidir. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Hacı Məmmədovu öz idarəsində əzəli rəqibi olan daxili işlər naziri Ramil Usubova qarşı ciddi “kart” kimi saxlayır. H.Məmmədovu Qobustana yollamaqda məqsəd də, bu “kartın” ömrünü mümkün olduğu qədər uzatmaqdır.
Hikmət