Hərbi Komissarlığın “otdelkadr”ı həbs edildi

Əliağa Hüseynovun yaxın adamını Cəlilabaddakı fəaliyyətinə görə tutublar, hədəfdə Ağdamın hərbi komissarıdır

 

Respublika Hərbi Komissarlığının Kadrlar Idarəsinin rəisi həbs edilib. Bu barədə “Azadlıq”a məlumatlı mənbədən xəbər daxil olub. Həbs edilən şəxs Hərbi Komissarlığın Kadrlar Idarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyevdir.
Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Məlumata görə, E.Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılsa da, onun həbsi hazırkı işilə bağlı deyil.
Xəbəri verən mənbə deyib ki, bu həbs onun Cəlilabad rayonu hərbi komissarı vəzifəsini icra edərkən başlanılan araşdırmalarla bağlıdır.
Qeyd edək ki, E.Nuriyev əslən Salyanlıdır, hərbi komissarlıq sistemində sabiq hərbi komissar, general, hazırda deputat olan Əliağa Hüseynova yaxın şəxs kimi tanınır.
Əldə etdiyimiz məlumata görə, növbəti həbs qərarı Ağdam rayonunun hərbi komissarı Namiq Osmanov barəsində ola bilər. Xəbəri bizə verən mənbə deyib ki, analoji yoxlamalar Ağdam Hərbi Komissarlığında da aparılıb və xeyli pozuntular aşkarlanıb. N.Osmanovün müdafiə naziri Səfər Əbiyevin həmyerlisi olduğu bildirilir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl hərbi prokuror Xanlar Vəliyev bildirmişdi ki, bu il prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Hərbi prokurorluğun apardığı yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində cinayət işləri başlanıb və istintaq davam etdirilir.

 

İnformasiya şöbəsi