Tomas de Vaal:“Hakim elita unudulan xalqı vecinə almır”
“…Bunu edən şirkət deyil, şübhəsiz, Azərbaycanın üç ya dörd oliqarx ailəsi ilə əlaqəli şəxslərdir”
ABŞ-ın “Karnegi” Beynəlxalq Sülh Fondunun şərhçisi Tomas de Vaal “Open democracy” onlayn jurnalında Azərbaycan haqda məqalə ilə çıxış edib. Daha çox Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi barədə şərhləri ilə tanınan Tomas de Vaal “Azərbaycan:sistemsiz sürət” məqaləsində ölkəmizin korrupsiyalaşmasına, vətəndaşlarımızın hüquqlarının tapdanmasına, hakim elitanın insanlarımıza qarşı qeyri-insani hərəkətlərinə toxunub. “Kernegi” fondunun eksperti Tomas de Vaalın məqaləsini qısa ixtisarla təqdim edirik.
Bakının gizli saxlanılan “baş planı”
“Bu günlərdə Azərbaycanda özünəinam ab-havası var. “Eurovision” musiqi festivalında qələbəsi, Bakının 2012-ci ildə növbəti müsabiqəyə ev sahibliyi etmək hüququ qazanması küçələrdə rəqslərlə qeyd olundu. Mən bir il əvvəl də Bakıda olmuşdum. Hətta bu müddət ərzində onun nə qədər dəyişməsi məni təəccübləndirdi. Üfüqə baxdım, iki şüşəli göydələnin kosmik gəmi kimi İçərişəhərin yuxarısındakı yamacdan endiyini gördüm. Bütün bunlar köhnə şəhərə baha başa gəlir. “Füzuli meydanı” yaxınlığında sökülən bir və iki mərtəbəli evlərin yerində yeni çoxmərtəbəli göydələnlər ucalacağını düşünürəm.
Həmin ərazidə yaşayam sakinlər evlərindən iki yolla köçməyə məcbur edilirlər. Onlara kvadratmetr üçün 1500 manat təklifi ilə yazılı bildiriş gəlir. Bu, Bakının mərkəzi üçün bazar qiymətinin yarısıdır. Yaxud da sakinlərə şəhərin müxtəlif yerlərində mənzil təklif edirlər. 3-mərtəbəli evi olan bir biznesmenə şəhərin fərqli yerlərində 5 müxtəlif mənzil təklif olunub. Sakinlərin mülklərindən köçürülməsi “Bakının yeni baş tikinti planı” ilə əsaslandırılsa da, indiyə kimi ictimaiyyətə bu planın detalları açıqlanmayıb. Bunu edən şirkət deyil, şübhəsiz, Azərbaycanın üç ya dörd oliqarx ailəsi ilə əlaqəli şəxslərdir.
Hakimiyyət qisas alır
Şəmsi Bədəlbəyli küçəsində yerləşən Sülh və Demokratiya İnstitutu ilə Qadın Krizis Mərkəzi də eyni taleni bölüşür. Ancaq qonşularından fərqli olaraq onlara heç bir xəbərdarlıq məktubu gəlməyib. Yəqin ki, hökumət məktubun məhkəməyə getməyə əsas ola biləcəyini bilir. Ya da bu yolla Azərbaycanda insan haqlarının vəziyyətini mütəmadi tənqid edən təşkilatı cəzalandırır.
Bakı inkişaf etsə də, kəndlər kasıb olaraq qalır.
Ölkəyə neft və qaz pulları o qədər sürətlə axır ki, hökumət sanki onları necə sərf etməli olduğunu bilmir. Eşitdiyimə görə, hər gün təkcə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 64 milyon dollar daxil olur. Bakı buxtasından keçən yeni körpü və «Eurovision» üçün xüsusi adanın salınması ilə bağlı möhtəşəm planlar var. Onlarla ali təbəqə nümayəndəsi indiyə kimi milyarder olmalıdır. Azərbaycanı alt qatda qiyamın qaynadığı bədbəxt ölkə kimi təsvir etmək yanlışlıq olardı. Bura nə Suriya, nə də Tunisdir. Son illər salınmış yeni parklar, meydançalar və yol tikintisi sıravi vətəndaşlarda ölkənin yüksəlişdə olduğu təəssüratını yaradır. Lakin əhalinin böyük qismi narazıdır, onlar neft bumundan kənarda qaldıqlarını hiss edirlər. Bakı inkişaf etsə də, kəndlər kasıb olaraq qalır.
Prosesin ən təhlükəli cəhəti odur ki, hakim elita unudulan xalqı vecinə almır. Ola bilsin ki, bu, avtoritar sistemin qorxulu dərsidir. Mahiyyət etibarilə onu “sistem” adlandırmamaq daha yaxşı olardı. Burada aşağıların yuxarılara şikayət etməsi üçün mexanizm yoxdur.
Görəsən, iki on illikdən sonra neft bumu arxada qalanda, azərbaycanlılar geriyə baxıb sual edəcəklərmi ki, bütün o pullar necə oldu?…
“Azadlıq radiosu”