kiv-df

Böyük sənət yolçusu – Sidqi Ruhulla

Ərəblinskidən gələn sənət ruhu

Sidqi Ruhulla Azərbaycanın mahir səhnə ustalarından biri olub. O, aktyor olmaq haqqında qərarını 1906-cı ildə ilk dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundovun “Vəziri Xan Lənkərani” komediyasında Teymur Ağa rolunda gördükdən sonra qətiləşdirib….

1908-ci ildə Bakıda “Morskoe Sobranie” zalında Nəcəf bəyin “Müsibəti Fəxrəddin” faciəsi tamaşaya qoyulur. Ərəblinski Rüstəm bəy kimi çətin bir rolu Sidqiyə tapşırır. Bu, gənc aktyor üçün böyük bir səadət, eyni zamanda ciddi bir imtahan idi. Sidqi öz ustaları qarşısında parlaq bir imtahan verir. Ərəblinski ona: “Indi sən sənətkarsan, indi sən yarada bilərsən” deyir. Bakının qabaqcıl ziyalıları, yazıçıları, müəllimləri səhnə arxasına gəlib, gənc sənətkarı təbrik edirlər, onun sənətinə pərəstiş etdiklərini bildirirlər. Rüstəm bəy rolunda Sidqi hər şeydən əvvəl öz ifasının təbiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb etmişdi. Son səhnələrdə Sidqi-Rüstəm bəy daha təsirli, daha inandırıcı idi. Gənc sənətkar Rüstəm bəy rolunda Ərəblinskinin ləyaqətli şagirdi olduğunu sübut edirdi. O, hər cür yersiz, süni deklamatorluqdan uzaq idi. Hər bir hərəkətində, tələffüz və ifadəsində son dərəcə təbii və inandırıcı idi. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay Irəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir.

Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor sifətilə Irana və Cənubi Azərbaycana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi. Sidqi Ruhulla bu hadisəni belə xatırlayır:

“Birinci Irəvan, Naxçıvan, Tbilisi, Batumi və Vladiqafqaz qastrolundan qayıtdıqdan sonra bir gün Ərəblinski mənimlə xüsusi görüşmək istədiyini söylədi. Yanına getdim. O vaxta qədər Ərəblinski mənimlə ancaq səhnə, aktyor sənəti haqqında danışar, rollarımı təhlil edər, istiqamət verər, səhnə fəaliyyətim haqqında öz fikirlərini və arzularını bildirərdi. Bu dəfə o tamamilə başqa bir məsələdən – mənim ürəyimdən xəbər verən bir məsələdən söhbət açdı. Böyük ustad öz söhbətinə bu sözlə başladı ki, biz öz sənətimizə gərək sadəcə bir yaşamaq vasitəsi kimi baxmayaq, biz gərək həmişə nəzərdə tutaq ki, camaatımıza xidmət edirik, vətənimizə xidmət edirik”.

50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaratmışdır. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə Ibrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, Ilyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa etmişdir.Incəsənət qurban da tələb edir…

Sidqi Ruhullanın əlyazmalarından:

“Məşğələlərdən sonra evə gəlib Rüstəm bəy rolunu öyrənirdim. Eşitmişdim ki, Ərəblinski həmişə bir rolu hazırlayanda qoca anasını yanına çağırıb onu tərəf-müqabil tutub, onunla danışarmış. Mən nə edəcəyimi düşünürdüm, çünki özümü Ərəblinskiyə oxşatmaq istəyirdim, o vaxt mən sənəti məhz onda görürdüm. Rolun bir parçasında çox çətinlik çəkirdim. Rüstəm bəyin oğlu Mahmud bəyin meyitini onun evinə gətirirlər, Rüstəm bəy meyitin üzərində ağlayır. Mən həmin parçanı hazırlamaq üçün nə edəcəyimi bilmirdim. Bu vaxt Ərəblinskinin anasını qabağına qoyub danışmağı yadıma düşdü. Çarpayıdan yorğanı götürüb meyit əvəzinə yerə uzatdım və nəticədə Bakıda qaldığım evdən qovuldum”.

Sidqi Ruhulla hələ kənddə-Buzovnada yaşadığı illərdə şəbehlərdə iştirak etdiyi üçün onu artist adlandırırdılar. Tale elə gətirdi ki, o, Ərəblinski kimi bir korifeylə dost oldu. Səhnəyə olan həvəsini ona bildirdi. Böyük tragik, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bildi, onu səhnəyə cəlb etdi…

Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Onun adı Ruhulla, familiyası Axundovdur. Gəncliyində “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyindən, yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul etmişdir.Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olmuşdur. Qışda şəhərdə-Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri, xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna-Ruhullaya izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini kənddə-Buzovnada keçirmişdir. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətdə tərbiyə etmişdir. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu “ipə-sapa yatmayan şagird” adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

Onların yandırdığı teatr işığı

1904-cü ildə Sidqinin atası ölür. Sidqi ağıllı dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib, Bakıya qayıdır.1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolunda səhnəyə çıxdı (o vaxt səhnəmizdə Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdi). Bu zamandan gənc həvəskarın həyatının əsl məqsədi və mənası müəyyən edilmiş oldu. Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xususilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin “Dağılan Tifaq” faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdı: “Şagirdim Sidqi Ruhullaya”.

O zamanlar tamaşa vermək üçün icazə almaq çox çətin idi. Ya gərək senzor tərəfindən icazə verilmiş əsərlərin kataloqu, ya da çap olunmuş afişalar olsun. S.Ruhulla yazır:

“Mən rayonlara gedəndə əvvəlcə icazə verilmiş əsərin adını, altında icazəsiz əsərin adını xırda yazardım. Icazəsiz tamaşa oynadığım üçün jandarma idarəsindən gəlib səhnəni əhatə etdilər. Pərdə enən kimi suflyordan pyesi götürdülər və mən bir neçə gün həbsdə qaldım”.

Cəfər Cabbarlı S.Ruhulla haqqında yazmışdı: “Sidqinin ən böyük xidməti odur ki, çar istibdadının ən ağır günlərində Azərbaycanda bütün şəhərləri, kəndləri və xırda obaları belə, dolaşmış və o zamana qatı qaranlıq arasında teatr işığı aparmışdir”.

Sidqinin səhnə fəaliyyəti ilə yanaşı öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisalarımızın yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustalarımız kimi, Sidqinin də müəyyən xidməti olmuşdur. Onun arxivində əksəriyyəti gənclərin yazdığı yüzdən artıq məktub var ki, bu məktub və şeirlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün böyük sənətkara öz təşəkkürlərini bildirirlər.O zaman sovet dövləti görkəmli səhnə xadimi Sidqi Ruhullanın xidmətinə böyük qiymət vermişdir. 1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRI xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə “Qırmızı Əmək Bayrağı” ordeni ilə, “Əmək igidliyinə görə” və “Qafqazın müdafiəsi üçün” medalları ilə təltif olunmuşdur.

Sidqi Ruhulla yaradıcılığı bu gün də teatr sənəti sahəsində çalışan gənclərimiz üçün böyük bir məktəbdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir