Azərbaycanın dövlət başçısı Ilham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı rəsmi Bakının PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan etsə də, bu açıqlama hələ indiyə qədər heç bir siyasi və qanuni çəkisi olan sənədlə möhkəmləndirilməyib. Azərbaycan parlamenti PKK-nı terrorçu təşkilat kimi hələ də tanımır. Digər tərəfdən, Azərbaycanın PKK-ya qarşı əməldə münasibəti verilən bəyanatlara da adekvat deyil.
«Türkiyəni PKK məsələsində bəyanatlarla deyil, konkret addımlarla dəstəkləməliyik»
Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, I.Əliyevin söylədikləri rəsmi mövqe kimi qəbul oluna bilər. Amma unutmaq lazım deyil ki, bu, bir bəyanatdır. R.Hacıyev vurğuladı ki, uzun illərdir Azərbaycan hökumətindən ən müxtəlif səviyyələrdə PKK-nın terror təşkilatı kimi tanınması istənilsə də, rəsmi Bakı heç bir addım atmayıb: “Azərbaycan parlamentində bu barədə yalnız bir fikir səslənmişdi. Heç zaman Azərbaycan hökuməti bu məsələ ilə bağlı hüquqi qüvvəsi olan sənəd qəbul etməyib. Bu baxımdan əlbəttə, Ilham Əliyevin bəyanatını müəyyən addım saymaq olar. Amma bu bəyanatı Azərbaycan hökumətinin tam sənədə əsaslanan mövqeyi kimi qəbul etmək olmaz. Azərbaycan parlamenti də başqa ölkələrin parlamentləri kimi PKK-nı terror təşkilatı kimi tanımaq haqqında qərar verməli və bu vaxta qədər səslənmiş ittihamlara aydınlıq gətirməlidir”.
R.Hacıyev hesab edir ki, Azərbaycan tərəfi PKK-nın rəhbər şəxsləri, maliyyə qaynaqlarına dair ondan tələb olunanları aşkara çıxarmalıdır. Siyasi ekspertin fikrincə, Azərbaycan parlamentinin qəbul etdiyi qərarda mütləq dövlətin PKK-ya qarşı münasibəti aşkar göstərilməlidir: “Azərbaycan Türkiyəni PKK məsələsində bəyanatlarla deyil, parlamentin qəbul etdiyi qərarla, konkret addımlarla dəstəkləməlidir. Bu, yalnız bəyanatla bitə bilməz. PKK məsələsi həm Türkiyə, həm də Azərbaycan üçün olduqca ciddi problemdir”.
«PKK-nı Azərbaycan parlamenti terror təşkilatı kimi tanımalıdır»
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, dövlət başçılarının bir qayda olaraq səsləndirdiyi fikirlər rəsmi mövqe kimi dəyərləndirilsə də, daha sonra həmin bəyanatların möhkəmlənməsi istiqamətində addımlar atılır: “Bu tip bəyanatlar parlamentdə qanunvericilik bazası ilə möhkəmləndirilir. Ya bir neçə təşkilatın adı siyahıya daxil edilir və bu təşkilatlara qarşı dövlətin mövqeyi bəlli edilir. Ya da ayrıca dinləmələr keçirilərək müəyyən təşkilat terrorçu kimi tanınır. Ona görə Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması sənəd şəklində olsaydı, daha yaxşı olardı. Bunu parlament etməlidir”.
Azərbaycan üçün PKK mövzusunun uzun müddətdir aktual olduğunu deyən M.Əliyev vurğuladı ki, Azərbaycan müstəqillik qazanan gündən PKK-nın adı hallanır. Hətta Azərbaycanın bəzi ərazilərinin Ermənistan tərəfindən işğalında da iştirakçı kimi PKK-nın adı çəkilir: “Görünür, PKK-nın öz maraqları var ki, Azərbaycanda daha güclü mövqeyə sahib olsunlar. Yəni, söhbət Azərbaycanda PKK-nın siyasi və iqtisadi hakimiyyəti ələ keçirməsindən gedir”.
Hikmət