ibrahim-ibrahimli

Nehrəm hadisələri örnək olmalıdır

İbrahim İbrahimli: «Hakimiyyət nə qədər aqressiv-repressiv siyasət aparsa da, kollektiv etiraz onu geri çəkilməyə, siyasətində korrektələrə məcbur edir»

Iyulun 27-də Nehrəmdə baş verən hadisələr bir daha haqsızlığa qarşı insanların bir araya gəlməsinə səbəb oldu. Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvanın Nehrəm kəndində yerli sakinlərin su problemi ilə əlaqədar keçirdikləri aksiya zamanı AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy döyülərək həbs olunub. Bağırsoy qardaşlarının günahsız yerə həbs edilməsi Nehrəm sakinlərini ayağa qaldırıb. Sakinlər iyulun 27-də və 28-də Polis Idarəsinin qarşısında toplaşıb qardaşlara azadlıq tələb ediblər. Nehrəmlilər tələbləri yerinə yetirilməsə iyulun 29-dan mitinqlərə başlayacaqlarını da elan etmişdilər. Etirazlar nəticəsini verdi və Bağırsoy qardaşları iyulun 29-da azad edildi.
Onu da qeyd edək ki, Nehrəm kəndində baş verən hadisələrdə Prezident Administrasiyasının şöbə müdiri Suleyman Ismayılov və onun Mübariz adlı qardaşı oğlunun adı hallanır. Belə ki, Mübariz adlı şəxs Yaşar Bağırsoy Bakıda olarkən ona hücum edib və təxribata çəkmək istəyib. Yerli sakinlərin sözlərinə görə, son hadisələrdə də vəziyyətin gərginləşməsində onun rolu olub.
Hər bir halda, Naxçıvan kimi despotik bir yerdə insanların etirazının nəticə verməsi və hakimiyyət orqanlarının geri çəkilməsi diqqət çəkən haldır. Nehrəm hadisələri bir daha göstərdi ki, insanların mübarizəsi nəticəsiz qalmır.
Siyasi ekspert, əslən Naxçıvandan olan Ibrahim Ibrahimli də Nehrəmin həmişə ictimai-siyasi proseslərdə çəkisinin olduğunu deyir. Naxçıvanın Azərbaycanın Quantanamasına çevrilməsinə baxmayaraq, bu kənddə etiraz ənənəsi var.
I.Ibrahimlinin sözlərinə görə, acınacaqlı durumda olan Naxçıvanda nehrəmlilərin mübarizə aparması, sosial problemləri önə çəkməsi bu bölgəni ağır duruma salanlar üçün təhlükəli prosesdir. Nehrəm camaatının etirazı orada geniş prosesin başlanmasından xəbər verir.
Ekspertin fikrincə, hakimiyyət nə qədər aqressiv-repressiv siyasət aparsa da, kollektiv etiraz onu geri çəkilməyə, siyasətində korrektələr etməyə məcbur edir. Son dövrlər də bu proses müşahidə olunur. Bıçaq sümüyə dirənəndə insanlar geri çəkilmək barədə düşünmür: “Nehrəm camaatının polis idarəsinin qarşısına gəlməsi, davamlı aksiyalar keçirməsi, hətta ”polad iradəli” Vasif Talıbov komandasının mövqeyini dəyişməyə səbəb oldu. Bu, çox yaxşı örnəkdir. Bu örnək geniş yayılmalıdır. Insanlar seçim etməlidir – ya məhv olmalı, ya da azad yaşamaq üçün dəyərlər uğrunda birgə mübarizə aparmalıdırlar”.

Fizzə