Yazıçılar arasındakı savaşa daha bir nəfər qoşuldu
Bu yazımı qələmə alandan sonra Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin Şamo Arifin yalanlarını bir-bir ifşa edən mətnini oxudum, odur ki, yazımın çap olunmasına israr etmədim. Hər şey hamıya aydın oldu. Amma yalanları konkret faktlarla, tutarlı sübutlarla, təkzib olunmaz dəlillərlə ifşa edilsə də, Şamo Arif yalançılıq peşəsindən əl çəkmir və əvvəlki böhtanlarını yazıdan-yazıya köçürür. Ən küt adam da Şamo Arifin Nigar Rəfibəyliyə atdığı çirkin böhtanın nə qədər əsassız, məntiqsiz və mənasız olduğunu görür.
Yəni Şamo Arif Azərbaycan dilini bilmir ya elə kütdür ki, ona açıq-aşkar şəkildə qandırılan məsələləri heç cür qanmaq istəmir. Yox, Azərbaycan dilini də bilir (yoxsa özünü Azərbaycan yazıçısı saymazdı ki), küt də deyil (yoxsa alim olmazdı ki). Intəhası əlində heç bir fakt yoxdur, heç bir təzə böhtan uydura bilmir, ona görə də sərsəm fikirlərini dönə-dönə təkrar edir.
Nigar xanımın SSRI Ali Sovetində adicə tərcüməçi işləməsini Şamo Arif elə ağlasığmaz şəkildə təqdim edir ki, bu adamın psixi vəziyyəti haqqında şübhə yaranır. Şamo Arifin şizofreniyası o həddə çatır ki, “Sizsiz” müəllifi Anarın öz anasına nifrət etdiyini deyir. Görünür, doğrudan da bu adam olan-qalan ağlını da itirib, ciddi müalicəyə ehtiyacı var.
Şamo Arif deyir ki, Süleyman Rəhimov ömrü boyu təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Ola bilər. Amma beş aylıq həbs müddətində görünür, orqanların elə böyük etimadını qazanıb ki, həbsdən çıxandan dərhal sonra Bakı Partiya Komitəsinin katibi, Mərkəzi Komitənin şöbə müdiri, Komitə sədri vəzifələrinə irəli çəkilib. Bu vəzifələrin hamısı Şamo Arifin belə həvəslə adını çəkdiyi Xüsusi şöbələrin nəzarəti altında idi. Şərhə ehtiyac yoxdur.
Şamo Arif təxribatçıların şablon üsuluna əl atıb əvvəlcə Rəsul Rzanı oğlu Anara qarşı qoyaraq mərd kişi adlandırır, bunun dalınca isə bu mərd kişi haqqında namərdcəsinə iftiralar uydurur. Ən çox da ona yanıb-yaxılır ki, Rəsul Rzanı da, Nigar Rəfibəylini də 37-ci ildə məhv etməyiblər.
Şamo Arifdən fərqli olaraq, Anar bir dəfə də olsun onun valideynləri haqqında nalayiq söz deməyib. Çünki Anar kişi oğlu kişi, Şamo Arif isə kişi oğlu ….
Şamo Arif kimlərə müraciət edib?
Süleyman Rəhimovun günahı yoxdur ki, oğlanlarından biri, təkrar edirik, məhz biri belə nadürüst çıxıb, dədəsinə şillə vuran adamın qarşısında diz çökür, “Ey böyük Nəbi” sözləriylə başlanan mədhiyyə yazır, yalvarıb-yaxarır ki, “gəl Anara qarşı birləşək”. Bunu mənə həmin söhbətin şahidi olan adam danışıb, özü də elə ordaca düşük hərəkətinə görə Şamo Arifin abırını verib. Eyni təkliflə Şamo Arif Vaqif Səmədoğluna da, Süleyman Rüstəmin oğlu Azada da müraciət edib və hər ikisi onu layiq olduğu yerə göndəriblər.
Mətbuatda çıxanlardan və ilk növbədə Şamo Arifin yazılarından belə məlum olur ki, Anardan narazılığının bir səbəbi Süleyman Rəhimova heykəl qoyulmaması, 10 cildliyinin nəşr olunmaması, yaşadığı evə xatirə lövhəsinin vurulmamasıdır. Yəni, başa düşmür ki, Anar bu məsələləri neçə dəfə qaldırıbsa da, onların heç birinin həlli Anarın səlahiyyətində deyil.
Anarın adından yazılan ən murdar cümlə
Mətbuat Xidmətinin bəyanatında Şamo Arifin yalanları kifayət qədər ifşa olunub, heç birini boynuna almır, heç birini də təkzib edə bilmir. Əvəzində “Azadlıq” qəzetində (28 və 29 iyul nömrələrində) sayıqlamalarına davam edir.
Əvvəllər Şamo Arif Anarın adından onun heç vaxt demədiyi sözləri uydurub sonra da özü öz iftirasına irad tuturdu.
Bu səfər Şamo Arifin Anarın adından söz uydurması xeyli inkişaf edib, onun adından bütöv bir mətn yazıb.
Şamo Arifin Anarın adından yazdığı ən murdar cümlə belədir: “Qurana əl basıb deyirəm ki, Teymur Salahovun ifadələri əsasında Süleyman Rəhimovu həbs ediblər”.
Indi tam bəraət qazanmış Teymur Salahovun güllələnməsi, bütün ailəsinin bədbəxt olması, Şamo Arifə bəs eləmir, adəti üzrə ölülərdən də əl çəkmir. Ən böyük qəbahət də odur ki, bu sözləri Anarın adından yazır. Şamo Arif o qədər də sadəlövh deyil. Anarın adından bu kimi sözləri ona görə yazır ki, haçansa özü, ya başqa bir dələduz bu sözlərin məhz Anarın dediyinə istinad etsin.
Şamo Arif yox, Məmməd Araz
Anarın adından rəhmətlik qardaşı Şamonu “dünya şöhrətli alim” adlandırdıqdan sonra Anar Mahmudoğlunun məhz Şamo Arifə aid sözlərini rəhmətlik Şamoya ünvanlayır. Mərhum Şamo Rəhimovun günahı deyil ki, Arif onun adını öz adına yapışdırıb bu adı da ləkələyir.
Fikrət Qocayla söhbətdə Anar deyib ki, Şamo Arif onun mükafata təqdim olunması üçün Anarın yanına gəlib. Anar bu mükafata Məmməd Arazı təqdim edəcəyini deyib. Şamo Arif bu faktı qəribə şəkildə təkzib edir, onun Universitet tərəfindən mükafata təqdim olunduğunu göstərir. Guya bu iki fakt bir-birini istisna edir. Ola bilsin ki, mükafata təqdim olunmaq üçün Şamo Arif qapı-qapı gəzib, Anar onun xahişini rədd edib, Universitet isə təqdim edib.
Şamo Arifin çirkin yalanlarından biri də odur ki, guya Rəsul Rza Səməd Vurğunla ölüm-dirim mübarizəsi aparmışdır. Rəsul Rzanın Səməd Vurğunla yoldaşlıq münasibətləri də olub, sırf yaradıcılıq mübahisələri də. Bir-birlərinin əsərləri haqqında yüksək fikirlər də söyləyiblər. Onların oğlanları da kişi oğlu kişi olduqlarına görə bir-biriylə qardaş kimidirlər. Təxribatçı Şamo Arifi yandaran da budur. Paxıllıq bu adamın əsas cəhəti olduğu halda, Anarın guya ki, Süleyman Rəhimova paxıllıq etdiyini yazır. Hansı məntiqlə Anar ayrı dövrdə yaşamış heç bir cəhətdən onunla toqquşmayan qocaman ədibə paxıllıq etməlidir? Paxıllıq edən məhz Ş.Arifdir. Özü də tək Rəsul Rzaya, Nigar Rəfibəyliyə yox, onların heykəllərinə də qısqanır. Dədəsinə heykəl istəyir qoysunlar. Kim buna etiraz edir ki. Amma daha başqa heykəllərlə nə işi var. Heydər Əliyev tərəfindən açılmış heykəli- N.Rəfibəylinin heykəlini uçurmaq istəyir. Arzusu ürəyində qalacaq. Iş o yerə çatır ki, Şamo Arif Dövlət Kitabxanasından M.F.Axundovun adını götürüb dədəsinin adının verilməsini istəyir. Mehdi Hüseynin ölümüylə əlaqədar məktubu yalnız Anarın adına yazmaq da dələduzluqdur. Bu məktuba Əkrəm Əylisli başda olmaqla onlarla gənc yazıçı imza atıb. Onlardan biri də Anardır.
Şamo Arif heç yerdə üstünü vurmadığı etibarlı bir məxəzi – Zivər Hüseynovanın “Dəryadan damlalar” kitabını da, Ziya Bünyadovun və Mehdixan Vəkilovun kitablarını da diqqətlə oxusaydı, orda verilən faktları belə inadla ört-basdır etməzdi.
Süleyman Rəhimov nəyi etiraf edib?
Mehdixan Vəkilov xatırlayır ki, Mehdi Hüseyn onunla söhbətində Süleyman Rəhimovun adını çəkir: “O demişdi ki, Mehdini elə bir vəziyyətə salmaq lazımdır ki, onun ürəyi partlasın”.(Zivər Hüseynova “Dəryadan damlalar”, səh.296)
Şamo Arifin bu mətndən xəbəri yoxdur?
Şamo Arifin cürət edib etiraf etmədiyi bir məsələni Süleyman Rəhimov mərd-mərdanə boynuna alır, başına gələn müsibətin- həqiqətən qeyrətli oğlu Şamonun 34 yaşında vaxtsız ölümünü taleyin qisası kimi qavrayır. Zivər xanım yazır: “Bizə xəbər verdilər ki, S.Rəhimov saçını yolur: “Allah, nə böyük intiqam, nə böyük qisas” deyərək, hönkürtü qoparırmış.
Yaxşı deyiblər ki, nahaq qan yerdə qalmaz” (“Dəryadan damlalar” kitabı, səh.300).
Yetməzmi, Şamo Arif?
Bəlkə bundan da böyük biabırçılıqların üzə çıxmaması üçün susub dincələsiniz. Anarın Üzeyir bəyin məşhur zarafatını xatırlayaraq “biz dəyərik min cavana” sözlərini şəhidlərə aid etmək kimi ucuz demoqogiyaya, fitnəkarlığa və təxribata əl atmayın. Rəhmətliklərin, o cümlədən şəhidlərin ruhundan utanın.
Şamo Arif Anarın dilindən yazır ki, “Öncə mənim yazdıqlarımı, hər evdən, kitabxanalardan yığıb yandırın”.
Budur Ş.Arifin ən böyük arzusu. Məlum olduğu kimi, kitabları alman faşistləri yandırırdılar. Şamo Arifin də Anara qarşı “mübarizədə” tapdığı ən uğurlu yol, onun kitablarını yandırmaqdır.
Çoxdan unudulmuş Əlisa Nicat
Anarın Mehdi Hüseyn haqqında iki il bundan qabaq yazdığı məqalə ona görə Şamo Arifin indi yadına düşüb ki, Anarın mükafat alması onun içindəki qurdları yenidən dirildib. Budur Anara qarşı hücumların əsas səbəbi. Bunu tək Şamo Arif yox, başqa bir “tərəfdarı” da etiraf edir. Şamo Arifin böhtanlarını müdafiə edəcək abırlı adam tapılmadığı üçün yazıçı kimi çoxdan unudulmuş Əlisa Nicat adlı birisini arxivdən çıxarıb fikrini soruşurlar. O da Şamo Arifin qaşını düzəltdiyi yerdə gözünü çıxarır. Qalmaqalın səbəbi kimi Molla Nəsrəddinin yorğan məsələsini ortaya qoyur. Deyir: “Şamo Arif də Anar kimi yazıçıdır da. Anar mükafatlar alır, Şamo bir az kənarda qalır. Istər-istəməz belə şeylər insana toxunur”.
Yəqin, elə öz aləmində Əlisa Nicat özü də Anar kimi yazıçıdır, yəni, “sən maralla mən maral” məsələsi. Əlbəttə, düz deyirlər Şamo Arif də, Əlisa Nicat da. Azərbaycanda Anar kimi 1500 yazıçı var. Hamısına mükafat vermək lazımdır ki, daha heç kəsin könlü qırılmasın. Şamo Arifin də paxıllıqdan bağrı çatlamasın, ölülərə-dirilərə çirkab atmasın?
Nizami Muradoğlu,
Yazıçılar Birliyinin üzvü
HƏMÇİNİN OXU
Anar ittihamlara cavab verdi və…
AYB Mehriban Vəzirə cavab göndərdi
“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”
Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu
Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi
Xaliq Bahadır: “Anardan… anasınadək”
Şamo Arif Xaliq Bahadıra cavab verdi
Anar Şamo Arifin debat çağırışını rədd etdi
“Anar ermənilər qarşısında susub…”
Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı



