Əlaltıların içindəki Anar – Anarın içindəki əlaltılar

Xaliq Bahadır

 

Xalq şairi adlanan Fikrət Qocanın adından mənə cabab verilib (Azadlıq, 28.07.11.). Açıq-aydın görünür: ayrı-ayrı adlar altında Yazıçılar Birliyindən qaynaqlanan bir çox cavablar kimi, bunu da Anar özü yazıb. YB-dən qaynaqlanan bir çox başqa cavablar kimi, bu da söyüş-təhqirlə dolu, nə yolla olur olsun opponenti aşağılamağa yönəlmiş bir cavabdır. Bu yazımda mən indiki cavab başda olmaqla son çağlar YB-dən qaynaqlanan, xaraktercə bir-birindən çox da seçilməyən bir çox cavablarla bağlı düşüncələrimi oxucularla bölüşəcəm.
F.Qoca (Anar) oxucunu tezcə aldadıb ələ almaq üçün məni başlanğıcdan topa tutmağa başlayır. “eyni” sözünü bir cümlədə iki yol “təkrar” etməyimi mənim söz sarıdan “kasıb” olmağımla bağlayır. Xalq şairinin (xalq yazıçısının) “eyni” adlandırdığı iki sözə baxın: adlanan, adından. Nəylə olmasa da, türkcəni, özü də arı türkcəni gözəl bilməyim, belə türkcədə yazmağımla öyünə bilərəm. Elə türkcəni gözəl bildiyimə görə də mən Azərbaycan publisistikasına bir sıra yeniliklər gətirmişəm. O yeniliklərdən biri də mənim publisistikamda geniş yayılmış səs-söz zənginliyi – alliterasiya faktıdır. Belə bir parlaq faktı başqaları bir yana, Azərbaycan Yazıçılar Birliyinin başında duran xalq şair-yazıçıları (indilikdə biri sədr, o biri katib) görüb dəyərləndirə bilmirlərsə, dağılsın elə Birlik! Adlanan, adından sözlərinə gəlincə, görünüşcə oxşar, anlamca ayrı-ayrı sözlərdir. Ən başlıcası, Azərbaycan dilinin qrammatik qanunları baxımından, bunlar ayrı-ayrı sözlərdir: birinci feil, ikinci feil deyil. Qrammatik kateqoriya baxımından bir olmayan iki sözü AYB başqanlığının bir saymağı… bunların bacarıqsızlığından deyil, ayrıca bacarıq yiyələri olmalarından irəli gəlir.
Kim bilir, ola bilsin, bir sıra tanınmışlar kimi mən də dəmiryolu texnikumunu bitirmiş olsaydım, adlananla adından sözlərinin bir söz olduğunu düşünər, hələ özümün bu dahiyanə dil biliyimi kimlərəsə sırımağa da çalışardım. Hələ bunların mənə “təklifinə” baxın: mən bunlara “xalq şairi adlanan” yerinə “xalq şairi rütbəsi” yazmalıyammış. Sözün doğrusu, elə özləri deyəndir: bunlar gerçək xalq şair-yazıçısı deyil, hansısa RÜTBƏ altında general diktaturasına qulluq eləyənlərdir!
Bunların düşüncəsinə görə, Qəbələ sözü ilə Qələbə sözü də bir olmalıdır. Ancaq elə deyil: Qəbələ əliyevçi oliqarx K.Heydərovun, Qələbə Azərbaycanın demokratik müxalifətinin kurasiyasında olan sözdür – Anar özünün sevimli diktatura generalına “qalib gəldi, qalib getdi” yazsa belə. Di gəl, burada da anarsayağı bir manipulyasiya, xalqı aldatma istəyi var. Rus süngüsü üzərində, üstəlik, Qarabağla Azərbaycan neftini düşmənlərə verməklə hakimiyyətə gələnə, sonra da Türkiyədən ABŞ-a (Gülhanədən Klivləndə) rus uçağında aparılana necə “qalib gəldi, qalib getdi” demək olar? Anar deyər!
Ayrı-ayrı çağlarda ayrı-ayrı adlar altında çıxan bir sıra başqa cavablardakı kimi yenə Anarın stili özünü göstərir: ad tənqid, aşağılama obyektinə çevrilir – “dır-dır”. Sonra da Anarın bir sıra çıxışlarındakı sovet dönəmi “qəhrəmanlıqlarından” epizodlar gətirilir. Anar teleçıxışlarının birində demişdi, axı: “Mən Sovet hökumətiylə mübarizə aparmışam”. Biz Anarın bioqrafiyasında parlaq yer tutan bir sıra faktları qırağa qoyub, onun indi dediyinə, AZMAN Sovet dövlətinə qarşı çıxması faktına inanardıq: gözümüzün qabağındakı əliyevçi cırtdan diktaturaya qulluq-nökərçilik faktları olmasaydı!
Köşə yazarlığı lağ obyektinə çevrilir. Mənim bir səhifəlik yazım köşə yazısı sayılır. Bu yazıqlar qulluq-təyinat adamları olduqlarından elə bilirlər köşə yazarlığı da təyinatla olur; köşə yazarı başqa yazı yaza bilməz.

 

Yazıçılar Birliyi… Donuz ferması

Intellektual bir polemikaya meydan veriləsi yerdə… görünür, yetmişinci illərin nostaljisi altında donuzçuluq, heyvandarlıq dastanı danışılır. Sonra da “qəhrəmancasına” bildirilir: “… hər cür heyvandan yazmışam. Yazıram, bundan sonra da yeri gəldikcə yazacam”. Aydındır: oturduğun yeri ferma sayırsansa, opponentlərinə başqa cür baxa bilməzsən. Bir az sonra “Mənim indiyə kimi yazdığım ancaq məqalələri yığsam, sənin indiki həm mənəvi, həm də maddi çəkindən qat-qat ağır gələr”. Burası da aydındır: yalnız ferma düşüncəsi, ferma dünyagörüşü ilə yaşayanlar mənəviyyatı, mənəvi dəyərləri daş-tərəziyə vura bilər, daş-tərəzi ilə ölçərlər. Budur, bax, “kövşəmək” budur. Bir də, makulaturanı daş-tərəziyə vurmaq olar, gerçək yaradıcılıq işini yox!
Bütün bunlardan sonra ailə tərbiyəsindən danışmaq… söz tapmaq çətindir. “Mən aldığım ailə tərbiyəsinə görə Moskvada susdum”,- indi dirənib dansa da, bu, Anarın sözüdür. Qabaqca bunu Moskvada susduğuna görə onu qınayanlara cavab olaraq televiziyada demişdi, sonra qəzetdə. Yanılmıramsa, özünün sevimli, kimsənin oxumadığı “Ədəbiyyat və incəsənət” qəzetində. Başlıcası bu deyil, başlıcası erməni yazıçısı (V.Petrosyan), erməni rəssamı (Igityan) Moskva tribunasından Azərbaycana, Azərbaycan xalqına qaralar yaxarkən, Anarın susmasıdır. Bütün Sovetlər Birliyinə translyasiya olunurdu: Anar onda, qorxaqcasına kresloya qısılıb susanda, ermənilərin cavabını bəstəkar Arif Məlikovla Kosmik araşdırmalar institutunun direktoru Tofiq Ismayılov verdi. Bununla da onlar Azərbaycan xalqının sevimlisinə çevrildilər, Anarsa o çağdan xalqın qınaq obyektinə çevrildi. Bunu necə danmaq olar? Anarın illərdən bəri etdiyi kimi: yalnız yalanla, faktları baş-ayaq qoymaqla, öz suçunu başqalarının boynuna atmaqla.

Difai faktoru

Mən yanlışa yol verərək Difai partiyasının qurucuları, başda duranları arasında Xudadat bəyin atası Ələkbər bəyin yerinə özünün adını çəkmişəm. Anar mənim yanlışımı yanlışla “düzəldir”: Ələkbər bəyi Difai partiyasının yaradıcısı olaraq göstərməklə. Mənim “Anardan… anasınadək” adlı yazımda (“Azadlıq”, 12.07.11.) göstərdiyim kimi, Difai partiyasının başlıca yaradıcısı, başçısı Əhməd bəy Ağaoğlu olub. Xudadat bəyə gəlincə, mənim yazımda deyilən doğrudur: “Sovet hakimiyyətinə arxalanan erməni daşnak yığını çox keçmədən ”Difai” partiyası ilə bağlılığı olanların hamısını aradan götürdü”. Özünün cılız maraqları üçün belə bir tarix gerçəyini danmağa çalışmaq… bu da xarakterik-anormal bir görsənişdir.

Əkrəm Əylisli faktoru

Mənim “Əkrəm Əylislinin dəyişməz erməni sevgisi” adlı yazımda (“Azadlıq”, 22.07.11.) ermənilərin yüz ildən bəri (Əkrəm Əylisli bu dünyaya gələndən çox-çox qabaqdan) azərbaycanlıları qıra-qıra gəlmələri faktına toxunulur. Görün, Anar mənim ermənilərlə bağlı gün kimi aydın yazıma necə don geydirir: “Yazının başlığından belə çıxır ki, bu hadisələrin hamısında Əkrəm Əylislinin əli olub”. Başlıqdan belə çıxmır, bunu Anar çıxarır. Görün, hələ sonra necə bir priyoma əl atır: “Vallah, gözlərimə inana bilmirəm, ay Xaliq, doğrudan bu şeylərin hamısını Əkrəm Əylisli eləyib?”. Hə, bəs necə! Sizin (sədr-katib) tutduğunuz yola and olsun, 1918-20-ci illər arası Qarsdan Qubayadək azərbaycanlıları Əkrəm Əylisli qırıb. Indi də gedib oturub Əylisdə kef eləyir. Bununla belə, biləsiz: keçməz sizin adamları qızışdırıb bir-birinin üstünə salmaq, sonra da haralardansa oğrun-oğrun baxıb sevincək olmaq kimi KQB metodlarınız!
Biz Əkrəm Əylislinin bugünkü bir sıra yanlışlarını görüb-göstərməklə yanaşı, onun qabaqlardakı gözəl, unudulmaz işini də yüksək dəyərləndiririk. Əkrəm Əylisli ötən yüzilin 70-ci illərində, Sovet dönəmində, bütün Azərbaycan oxucularının sevimlisinə çevrilən bir jurnalın – sarı üzlü “Azərbaycan” jurnalının başında dururdu. 21-ci yüzildi, sovet çoxdan çöküb, Yazıçılar Birliyinin başında durursuz, hanı sizin populyarlıqda Əkrəmin “Azərbaycan”ına yaxınlaşan bir jurnalınız, qəzetiniz? Əlinizdə bir elə qəzet-jurnal, büdcə pulları… çoxsaylı cavab yazılarınızı çap etdirmək üçün ora-bura qaçmalı, ona-buna ağız açmalı olursuz. Bircə elə bu fakta görə susmağınız yetməzmi? Öz qəzetləriniz, az qala bütünlüklə “qayıdış” malı ikən “Azadlıq”ı “az satılan” qəzetlərdən saymağınız nə deməkdir? Sizin fakta, gerçəyə yanaşmanız budur – öz istədiyiniz kimi!

Anarın “mübarizəsi”

Anarın “Mübarizə bu gün də var” kitabını mənə örnək göstərən, Anar, “yalnız oxuculara maarifçilik yükü aşılayan əsərlərini sadalasan” nə olasıdı? Sənin o yalançı “mübarizənin”, “maarifçiliyinin” içində başlıca yeri Azərbaycana, Azərbaycan demokratiyasına düşmən KQB generalı tutursa, nədən danışırsan? Sən bilirsənmi bu gün türmədə oturan Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Elnur Məcidli, Arif Alışlı, Tural Abbaslı, Babək Həsənov, Vidadi Isgəndərov… nəyin üstündə dustaq ediliblər? Sənin sevimli diktatura rejimində deyil, demokratik rejimdə yaşamaq istəklərinə görə. V.Isgəndərovun, sənin yerlinin, adını bilərəkdən sonda çəkdim. Bilirsənmi sənin sevimli diktatura rejiminin bu hüquq savçısının üzünə durğuzduğu altı adamdan dördü ruhi xəstədir? Biz hansı ölkədə yaşayırıq?
Sizin hökumət qəzetlərindəki çıxışlarınıza görə, adını çəkdiyim, çəkmədiyim bu adamlar hamısı cinayətkardır. “Iqtidarla müxalifəti bir-birindən ayırmadığınızı” deyirsiz, ancaq illərlə “iqtidarı” öyüb, müxalifəti söyürsüz. Bunun üstündən bizi gerçək demokrat olmamaqda suçlayır, “özünü demokrat sayan adam onun düşüncələrilə üst-üstə düşməyən fikirlərə görə od püskürməz. Sakitcə, ədəb-ərkan çərçivəsində öz etirazını bildirər” deyirsiz. Göstərdiyiniz örnək nədir? Diktatura-şər rejiminə qulluq! Bununla bağlı sizi qınayanlarla FERMA davranışı sərgiləmə! Mehriban Vəzirə cavabınızda Xalq Cəbhəsi hakimiyyətini xalqa XOXAN kimi tanıdırsız (“adamlar küçəyə çıxmaqdan qorxurdular”). Sən demə, Anar küçəyə çıxmaq qorxusundan AXC hakimiyyəti dönəmində gedib Türkiyədə yaşayıb. Qayıdanda da özüylə türkün “baxmayaraq” sözünün yerinə ərəbin “rəğmən” sözünü gətirib. Indi çoxları bizdə Anarın yetirməsi olub: “baxmayaraq” yerinə “rəğmən” yazırlar. Ölkənin yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələnən, demokratik rejim yerinə korrupsioner, kriminal-repressiv KQB rejimi quran, milləti əzdikcə əzən ailə-klan hakimiyyətini “sabitlik”, “istiqlal”, “təhlükəsizlik” hakimiyyəti olaraq öyür, sonra da bizi demokratiya örnəyi göstərib, dözümlü olmağa çağırırsız. Nəyə qulluq edirsiz, kimə kələk gəlirsiz?
Anarın ayrı-ayrı adamların adından yazdığı bütün cavab yazılarında belə bir priyom da var: filankəs mənim gözümdə heç nə olduğuna görə, ona cavab yazmaq istəmirdim, amma yazdım. Indiki cavabda da o sürtük priyoma əl atılıb: “Sənin məqaləni bağda oxudum. Vaxtıma hayfım gəldi, cavab yazmaq istəmədim. Həyətdə gözümə bir qarpız qabığı dəydi. Mirzə Cəlil yadıma düşdü, güldüm. Düşündüm, indiki halda qısa bir cavab qarpız qabığından yaxşıdır”. Siz bir məntiqə baxın: “cavab qarpız qabığından yaxşıdır”! Məntiqlə, tərsinə deyilməliydi, ancaq opponenti nə yolla olur olsun aşağılamağa, təhqir eləməyə köklənən yerdə nə məntiq?! Mənim yadıma bu yerdə Molla Nəsrəddin əhvalatı düşür. Molla bir gün eşşəklə yol gedirmiş. Bərk susayıbmış. Əlinə bir qarpız keçir. Qarpızın özəyini yeyib, qalanını atır: “Qoy burdan keçənlər desinlər: qarpızı xan yeyib”. Bir az keçir, molla özünü saxlaya bilməyib qarpızın qalanını da yeyir: “Qoy burdan keçənlər desinlər: xanın nökəri də varmış”. Bir az da keçir, molla qarpızın qabığını da yeyir: “Qoy burdan keçənlər desinlər: mollanın eşşəyi də varmış”.