Rüstəm Usubovun əmisi oğlu polis rəisini aşağılayıb

Şəki icra hakimiyyətində keçirilən tədbirdə icra başçısı ilə şəhərin baş polisi arasında mübahisə olub

 

Şəkinin icra başçısı Elxan Usubovla şəhərin polis rəisi Azad Məmmədov arasında mübahisə olub. Bu barədə xəbəri “Bizim Yol” qəzeti yayıb. Məlumatda deyilir ki, olay Şəki Icra Hakimiyyətində keçirilən dövlət tədbirində baş verib.
Icra başçısı təyinatından bir neçə gün sonra xarici dövlətlərin birinə səfər edib. Səfərdən qayıdan Elxan Usubov rayonun rəhbər vəzifəli şəxsləri ilə tanışlıq görüşü keçirmək istəyib. Şəkinin polis rəisi də bu görüşə gəlib. Elxan Usubovun Azad Məmmədovun polis rəisi olmasına şübhə etməsi mübahisəyə rəvac verib. 
Yaranan mübahisədən sonra polis rəisi mərasimi tərk edib.
Elxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur. O, həm də ədliyyə naziri Fikrət Məmmədova yaxın şəxs sayılır. Görünür, hakimiyyətdə kifayət qədər güclü himayədarları olduğuna görə də Ramil Usubovun işçisini tənə edib.
Xatırladaq ki, Elxan Usubovdan əvvəl Şəkinin icra başçısı Murad Cabbarlı idi. Murad Cabbarlı Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə yaxın şəxs olub. Şəkidə sahibkarın ölümündən sonra Fikrət Məmmədovla Cahangir Hacıyev arasında şəhərə nəzarət uğrunda mübarizə də ikinci məğlubiyyətə uğratdı. Və Murad Cabbarlı vəzifəsini itirməli oldu.

 

Informasiya şöbəsi