Ilham Əliyev o anda ürəyində Ərdoğana nə dedi?

Ilham Əliyev Ərdoğanla birgə mətbuat konfransında yenə çətin sual qarşısında qaldı. Türkiyənin “Kanal24” televiziyasının müxbiri bizim kraldan soruşdu: ”Iki ölkə arasındakı əlaqələrdən danışılarkən həmişə “dost və qardaş” tərifindən istifadə olunur. Madam ki, qardaş ölkəyik, mən bura niyə viza alıb gəldim?”.
Möhtərəmin bu suala verdiyi cavab heç maraqlı deyil. Zatən cavab da verə bilməyib. Qalmışdı maraqlı ola.

Bu da Ilham Əliyevin bir şanssızlığıdı: el-aləmin adamları tarixə müdrik, ağıllı, insanları aydınladan cavabları ilə düşür. Bizim kralsa belə getsə, tarixə ona verilən suallarla düşəcək.
Keçənlərdə “Euronyus” telekanalının müxbirinin Ilham Əliyevə ünvanladığı “Siz özünüzü kral kimi hiss edirsinizmi” sualı dillər əzbəri olmuşdu. Ilham Əliyev onda da nəsə cavab vermişdi, amma indi heç kim o cavabı xatırlamır. Sual hamının yadındadır, amma cavab yox – bu, bizim kralın istedadı, zəkası, qabiliyyəti haqqında yekun nəticəyə gəlmək üçün kifayət edən bir məqamdır.
Qayıdaq Ərdoğanla birgə keçirilən mətbuat konfransında Əliyevin düşdüyü gözlənilməz və xoşagəlməz vəziyyətə. Mən əminəm ki, “Kanal24” müxbirinin sualını eşidəndən sonra kral həzrətləri ürəyində Türkiyənin baş nazirinə xeyli əsəbləşib, onu xeyli asıb-kəsib. Və ürəyində ona elə belə də deyib: ”Dostum və qardaşım Rəcəb, bax, bu həddini bilməzləri yanına salıb oradan bura gətirmisən, amma sən bilirsənmi ki, mən 8 ildir belə çətin suallar qarşısında qalmamaq üçün nə əziyyətlər çəkmişəm? Bilirsənmi ki, nə qədər pul tökmüşəm “dikbaş” qələmləri satın almaq, susdurmaq üçün, bilirsənmi ki, nə qədər tər tökmüşəm danışan ağızları qıfıllamaq, yazan əlləri qandallamaq üçün? Dünyayla üz-göz olmuşam, xalqla pis olmuşam. Adım camaat içində diktatorluğa çıxıb, lukaşenkoluğa çıxıb. Indi mənə lazım idimi bu qədər zəhmətim havaya getsin, bu qədər əziyyətim yerə dəysin? Mən yenə çətin suallar qarşısında qalacaqdımsa, yenə hansısa jurnalist qarşımdan qayıdacaqdısa, indiyədək bu qədər pulu və təri niyə tökürdüm, niyə el-aləmlə düşmən olurdum, üz-göz olurdum?”.

Əslinə qalsa, Ilham Əliyev belə düşünməkdə, Ərdoğana ürəyində əsib-coşmaqda haqlıdır. Heç kimə bir insanın çoxillik zəhmətini bir sualla yerə vurmaq ixtiyarı verilməyib.
Ərdoğan bir də Azərbaycana gələndə türk jurnalistləri bir ay əvvəldən Bakıya göndərməlidir. Qoy, gəlib prezidentə necə sual verildiyini “AzərTac”ın müxbirlərindən öyrənsinlər. Axı bilmək eyib deyil, öyrənməmək eyibdi.

Sözümün Mustafası

Zarafat bir yana, əslində bunları yazmaqda ciddi bir niyyətim var. Demək istədiyim odur ki, Ilham Əliyev yersiz inadkarlığından, tərsliyindən əl çəkməlidir. Azərbaycanda tənqidçi, müxalif, idarəedilməyən jurnalistikanı son nəfərinədək sıradan çıxarmaq planından vaz keçməlidir.

Artıq fərqli bir dünyada, fərqli bir çağda yaşayırıq. Artıq arzuolunmaz suallarla qarşı-qarşıya qalmamaq mümkün deyil. Biz soruşmasaq belə, kimlərsə ondan çətin sualların cavabını istəyəcək. Necə ki, istəyirlər.
Onsuz da bir az gec, bir az tez, arzu etmədiyi, sevmədiyi sualları eşitmək məcburiyyətində qalırsa, nə mənası var özünü çağdaş dünyaya daha artıq düşmən etməyin? Modern dünyayla daha artıq üz-göz olmağın nə anlamı var?

Gülməli deyil, ağlamalıdır

Iqtidar saytlarından oxudum, Ilham Əliyev Sərkisyanın məlum bəyanatına da toxunub birgə mətbuat konfransında, “mən onu tanıyıram, o, həmişə belə danışır” deyib, Ərdoğan da “mən sizin qədər yaxşı tanımıram” şəklində qarşılıq verib, sonra hər ikisi gülümsünüblər.
Rejim saytları bu səhnəni elə qələmə verirlər ki, sanarsan yumor hissi bir Cem Yılmazdadır, bir də bizim kralda.
Amma bir dəqiqə, cənablar! Axı Əliyevin dedikləri qətiyyən gülməli deyil, əksinə ağlamalıdır. Necə yəni “o, həmişə belə danışır?”. Belə çıxır ki, Sərkisyan bizim kralla görüşlərində də hər dəfə o tonda, o üslubda danışır? Və belə çıxır ki, hər dəfə də layiqli cavabını almadığı üçün daha da cəsarətlənir, ürəklənir və daha da irəli gedir, eləmi?
Yoxsa özünüz deyin, bunun başqa izahı varmı?