kiv-df

“Kim deyir ki, Simurq quşu var imiş?”

Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru

Bu ləqəbi özünə niyə seçmişdi? Əfsanəvi quşun adını xeyirxahlıq, cəsurluq, ədalət simvolu kimi götürmüşdü hər halda özünə. Amma özü ömrü boyu haqsızlığın qarşısında dayanarkən, görünməmiş bir ədalətsizliyin qurbanı oldu. Repressiya illərində günahsız yerə həyatına son qoyulan ziyalıların siyahısına Simurq adı da yazıldı?
Yazıçı-publisist Tağı Şahbazi Simurq 1892-ci il iyulun 2-də Bakıda anadan olub. Ibtidai təhsilini mollaxanada alıb. 1902-1905-ci illərdə Içərişəhərdə 9 saylı məktəbdə, sonra Həbibbəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib.

Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Xarkov Darülfünunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1915-ci ildə “Sosial-Demokrat Bolşevik Firqəsi”nin tələbə fraksiyasına daxil olub. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəal çalışıb.
919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli Işlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinin katibi olub.
1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MIK-in katibi, 1926-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifələrində çalışıb.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. “Quşlar kimi azadə”, “Iyi aləm”, “Südçü qız”, “Aclar” və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunub.
Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutub. Bunlar “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz əksini tapıb.

Tağı Şahbazi 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk azərbaycanlı rektoru təyin edilmiş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdi. Xarkov Dövlət Universitetinin tibb fakültəsini bitirən Tağı Şahbazi keşməkeşli həyat yolu keçmişdir. O, hələ 1917-ci ildə Bakıda “Hümmət” təşkilatının yaradılmasında, 1918-ci ildə Xarkovda türk-tatar fəhlələrinin hərəkatında iştirak etmişdi. Elə o dövrlərdə RSFSR-də Millətlər Işi üzrə Xalq Komissarlığında Cənubi Qafqaz müsəlmanları şöbəsinin katibi və Şərq xalqları kommunist təşkilatlarının Məlumat Bürosunun şöbə müdiri vəzifələrini daşımışdır.

Əksinqilabçı və “ikiüzlü” millətçi?

Azərbaycanda sovet işğal rejimi qurulduqdan sonra da o, bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, o, rektor təyin edilənə qədər Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, “Maarif və mədəniyyət” jurnalının baş redaktoru, Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü və katibi olmuşdur.

1937-ci il iyulun 11-də bu görkəmli Azərbaycan ziyalısı həbs edilmişdi. O hələ həbsindən xeyli əvvəl, 1937-ci il martın 4-də “gizli milli təmayülçülər” qrupuna məxsusluğuna, əksinqilabi millətçi çıxışlarına və “ikiüzlülüyünə görə” Sov.IKP sıralarından xaric edilmişdi.

“Kommunist” qəzetinin 5 mart 1937-ci il tarixli sayında M.Məmmədov imzalı şəxsin Tağı Şahbazinin partiya sıralarından qovulması haqqında məqaləsi yer alıb.
“Azərbaycan Tibb Institutunun diamat müəllimi, eyni zamanda sovet yazıçıları ittifaqının üzvü ikiüzlü Tağı Şahbazi son günlərədək özünün nasional uklonçu olduğunu partiyadan gizlədərək, öz antipartiya fəaliyyətini davam etdirmişdir.

Partiyamız və bütün ölkə, kontrrevolusion trotskiçi – zinovyevçi antisovet mərkəzin mühakimələri dövründə, mitinq və yığıncaqlarda, xalq düşmənlərinə – faşist xəfiyyə idarələrinin mənfur agentləri olan trotskiçilərə, diversiyaçılara, casuslara, terrorçulara min qat lənət yağdıraraq, onların külünün göyə sovrulmasını tələb etdiyi bir zamanda, millətçi Tağı Şahbazi ağzına su alaraq bir kəlmə belə, danışmayır və susmağı lazım bilirdi.

Tağı Şahbazi, özünün çürük millətçilik ideyalarını, sovet yazıçılarından bəziləri ilə söhbəti əsnasında şərh etməkdən də həyasızcasına çəkinməmişdir.
Azərbaycan Tibb Institutunun partiya komitəsi, partiyanı aldadan ikiüzlü, millətçi Tağı Şahbazini partiya sıralarından kənar etmişdir.

Lakin bununla iş bitməməlidir. Tağı Şahbazi kimi qəddar millətçi hələ Azərnəşrin rus ədəbiyyat şöbəsi kimi mühüm bir uçastoka “rəhbərlik” edir. Azərnəşr və sovet yazıçıları ittifaqı bundan özləri üçün ciddi nəticə çıxarmalıdırlar”.

“Kommunist”in yazdıqları…

“Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” adlı məqaləsi dərc edilib.

“…Vaxtı ilə cibində partiya bileti daşıyaraq orda-burda millətçi fikirlər yürüdən, nəinki bolşevikə, hətta adi bir sovet vətəndaşına belə layiq olmayan meşşan, ikiüzlü fəaliyyəti ilə sovet hökumətini biabır edən boşboğazlıqla məşğul olan Tağı Şahbazi artıq partiya və sovet yazıçıları sırasından qovulmuşdur…”

Tağı Şahbazinin istintaqının ilk dörd ayında müstəntiq ondan heç bir özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilməmişdi. Müstəntiq, hətta onu bir çox adamla üzləşdirsə

də, məqsədinə çatmamışdı. Bu üzləşdirmələrdən biri diqqəti daha çox çəkmişdi. 1937-ci il oktyabrın 4-də müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirmişdi. “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb və blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Qaliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim…
1926-cı ildə o, Azərbaycan Dövlət Universitetinin rektoru təyin edildi. Pantürkist təşkilatın iştirakçısı kimi məni Şərq fakültəsinin dekanı vəzifəsinə irəli çəkdi və bir sıra əksinqilabi göstərişlər verdi. Xüsusilə, 1927-1928-ci illərdə deyirdi ki, türk Nazim Hikmətə professor adının verilməsi məsələsini irəli sürüm, halbuki Tağı Şahbazi bilirdi ki, Hikmət əksinqilabi iş aparır və buna görə də

SSRI-dən kənara çıxarılır.

Tağı Şahbazi Bakıdakı ali məktəblərin yüz faiz türkləşdirilməsi və digər millətlərdən olanların tamamilə qovulmasının zəruriliyini söylədi…”. Ancaq müstəntiqin T.Şahbaziyə bu “ifadəni təsdiq edirsinizmi” sualına o, yenə də “rədd edirəm” cavabını vermişdi. 

Ən ağır cəzaya- güllələnməyə məhkum…

T.Şahbazinin istintaqa sərf edən “düzgün və səmimi” ifadələr verməməsi ona qarşı ən ağlasığmaz, insanlıqdan kənar metodlarla işgəncələr tətbiq edilməsinə gətirib çıxarmışdı. Bunu T.Şahbazinin müstəntiqin diktəsilə XDIK DTI-nin rəisi Sumbatov Topuridzeyə yazdığı ərizədən də aydın görə bilərik.

1937-ci il noyabrın 13-də istintaq başa çatmışdı və elə həmin gün ittiham qərarı tərtib olunmuşdu. O, Azərbaycan SSR CM-in 64, 70 və 73-cü maddələri ilə ittiham olunmuşdu.
1937-ci il dekabrın 31-də Qroznı şəhərində SSRI Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının iclası keçirilmişdi. Qeyd edək ki, bu dövrdə Bakıdakı üçlük (troyka), hətta 15 dəqiqəlik ölüm hökmlərinə möhür vurmağa belə, vaxt tapa bilmirmiş. Ona görə istintaq işlərinin bir hissəsini iş az olan yerlərə – şəhərlərə göndərirmişlər. Ittiham qərarı təsdiq edildikdən sonra 1938-ci il yanvarın 2-də saat 15.30-da Hərbi Kollegiyanın bağlı məhkəmə iclası işə başlamış və cəmi 15 dəqiqəyə öz işini yekunlaşdırmışdı.

Hərbi Kollegiya Tağı Abbas oğlu Şahbazini ən ağır cəzaya – güllələnməyə məhkum etmiş və hökm dərhal yerinə yetirilmişdir.

“Vətən xaininin ailə üzvü” kimi səkkiz il həbs cəzası çəkmiş T.Şahbazinin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi 1954-cü il iyulun 29-da ərinin işinə yenidən baxılması xahişi ilə SSRI dövlətinin başçısı N.S.Xruşşova ərizə ilə müraciət etmişdi. Nəhayət, uzun müddətli yazışmalardan, şikayət ərizələrindən sonra 1956-cı il sentyabrın 25-də ona SSRI Ali Məhkəməsi Hərbi Kollegiyasından Tağı Abbas oğlu Şahbaziyə bəraət verilməsi haqqında arayış alındı.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir