AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə qarşı çıxarılan hökmdən bugünlərdə apelyasiya şikayəti veriləcək. Bu barədə Ş.Həsənlinin vəkili Mənsum Bayramov məlumat verib. Vəkil hökmün surətini aldığını və hazırda şikayəti hazırladığını bildirib. Onun sözlərinə görə, məhkəmə qərar verərkən, heç bir yüngülləşdirici halı nəzərə almayıb:
“Hakim Şahin bəyin himayəsində 3 azyaşlı körpənin olmasını, xəstə qardaşının ailəsinə də baxdığını, bundan əvvəl məhkumluğunun olmamasını, ölkənin ictimai-siyasi həyatındakı rolunu nəzərə almadan ona iki il həbs cəzası verdi. Apelyasiya şikayətində bütün bu məqamları, eləcə də məhkəmə proseslərində təmin olunmayan vəsatətlərimizi qeyd edəcəyik. Ümid edirik ki, bu instansiyada ədalətli qərarın şahidi olacağıq. Məlum məsələdir ki, Şahin bəyin silah-sursata heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, onun barəsində siyasi sifariş var idi, hakim də bu sifarişi icra etdi”.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.
Gültəkin


