Masallının icra başçısına talançılıq ittihamı

YAP üzvləri ölkə rəhbərliyindən rayona səriştəli və ədalətli rəhbər göndərməyi tələb etdilər

Tələblər yerinə yetirilməsə, sakinlər kütləvi aclıq aksiyasına başlayacaqlar

Masallının 80-ə yaxın sakini yerli hakimiyyətin fəaliyyətindən narazılıqlarını bildirmək və əhalinin problemlərinin həlli üçün tədbirlərin görülməsini tələb etmək üçün cümə axşamı Bakıya gəliblər.
Onlar öz şikayətlərini Prezident Administrasiyasına təqdim ediblər və Media Mərkəzində mətbuat konfransı keçiriblər.
“Masallı rayon Icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşların hüquqlarını pozur, adamların sosial-iqtisadi problemlərinə məhəl qoymur”, – deyə rayon ziyalıları Ictimai Birliyinin rəhbəri Məmmədağa Eynullayev bildirib.
“Biz tələb edirik ki, Icra Hakimiyyətinə əhalinin problemləri ilə məşğul olacaq səriştəli və ədalətli rəhbər təyin edilsin”, – deyə o, vurğulayıb.
Onun sözlərinə görə, indiki rəhbər 5 ildir ki, öz şəxsi  maraqlarına xidmət edir. Əsasən rayon rəhbəri sahibkarların obyektlərini sökür, sonra yeni obyekt tikintisi üçün onları satır. Rayon sakini Əhəd Əhədov bildirib ki, rayonda 120 kommersiya obyekti sökülüb və onların sahibləri hakimiyyətlə məhkəmə çəkişməsi aparır.
Bundan əlavə, Masallı sakinləri rayon rəhbərini dövlət başçısının rayonun inkişafına ayırdığı vəsaiti mənimsəməkdə ittiham edib. Belə ki, bir neçə il əvvəl 10 mln. manat, bu il isə 2 mln. manat ayrılıb. Lakin rayonun problemləri həll olunmur. Xırmandanı kəndində su kəmərinin yaradılması barədə bəyanatlara baxmayaraq, orada su yoxdur. Adamlar bir avtosistern suya görə 40 manat ödəməlidir. Kənddə normal yol yoxdur. Halbuki, sənədlərə əsasən onu 4 dəfə asfaltla örtüblər. Rayon rəhbəri dövlət və bələdiyyə fondundan torpağı aşağı qiymətə alır. Belə ki, 1 ha torpaq ona 1600 manata başa gəlir. Vətəndaşlara isə 1 ha torpağın alışı 10-20 min manata başa gəlir.
Şıxlar kəndindən hakim Yeni Azərbaycan Partiyasının üzvü Cəbi Hüseynov bildirib ki, rayon rəhbəri prezidentin siyasətini gözdən salır.
Ərəb kəndindən digər partiya üzvü Ramil Ibadullayev bildirib ki, iş o yerə çatıb ki, yerli əhali çıxılmaz vəziyyətə düşüb və kütləvi aclıq aksiyasına başlamağa hazırdır.
Rayon sakini Elnur Gözəlov ünvanlı sosial yardımın yerli hakimiyyət tərəfindən mənimsənilməsindən danışıb:“Pul almaq üçün bizə elektron kartlar verilmir. Biz yardımın həcmini bilmirik. 1 il ərzində mən cəmi 250 manat almışam”.
Həmçinin sakinlər rayonda rəhbər postlarda çalışanların hamısının əslən Naxçıvandan, əsasən Şərur rayonundan olduqlarından şikayətləniblər. Rayonun qeyri-rəsmi rəhbəri isə FHN rəhbəri Kəmaləddin Heydərovdur.
Sakinlər bildiriblər ki, bəzi məlumatlara görə, xəlvəti meşə massivlərində rayon rəhbərinə məxsus plantasiyalarda narkotik bitki becərilir. Dəmirçilər kəndinin sakini, müəllim Asif Abbasov bildirib ki, kənd rəhbərini döydüyünə görə uydurma ittihamla 1,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Bu gün Masallıdan olan nümayəndə heyətini Prezident Administrasiyasında qəbul ediblər. Növbəti dəfə onlara tədbir görüləcəyi vəd olunub. Indiyədək Prezident Administrasiyasına, Baş Prokurorluğa göndərilən şikayətlər geriyə, rayon rəhbərinə göndərilib. Sakinlər bəyan ediblər ki, tələbləri yerinə yetirilməsə, onlar piket, kütləvi aclıq və digər aksiyalara əl atacaqlar(Turan).