Ukrayna haqda bir azca…

“Yeni media və söz azadlığı” mövzusunda seminarda iştirak etmək üçün Azərbaycandan gedən 11 nəfərlik heyətin tərkibində mən də Kiyevdəydim. Ukraynanın bir neçə media quruluşunda olduq, media nümayəndələrilə görüşdük, onları biz, bizi onlar dinlədi. Ukraynada da söz azadlığının vəziyyətindən razı deyillər. Bunu ümumxalq fikri kimi yazmıram, görüşdüyüm adamların düşüncəsi kimi sizinlə bölüşürəm. Ancaq onların narazılığı ilə bizim narazılığımız arasında yerlə göy qədər fərq var. Müxalifət liderlərinin televiziyada öz ideyalarını xalqla bölüşməsi Ukrayna üçün çox adi haldır, telekanallarda siyasi şoular da öz yerindədir. Sadəcə, o cəmiyyət daha çoxa iddialıdır, məncə, bu iddiada yersiz deyil. Demokratiya daim sərhədini genişləndirməyə meyllidir.

CTB Kiyevdə təxminən bizim ATV-dir. Əsas profili əyləncə olsa da, bu kanal ciddi xəbərlərilə ölkədə nüfuz qazanıb. Telekanalın analitika şöbəsinin Irina adlı rəhbəri bizi inandırmağa çalışdı ki, onların patronu peşə etikasına zidd olan hansısa sifarişi versə belə, o materialın efirə yol tapması qeyri-mümkündür. Səfər zamanı nümayəndə heyətinin tərkibində “Lider” telekanalının əməkdaşı da vardı. Görüş zamanı Irinaya dedik ki, bax, bu yoldaşın çalışdığı kanal insanların yataq otağından canlı yayım verir, belə şey sizdə mümkündürmü?
Irina xanım, təəccübləndi, inanmadı, dəqiqləşdirmə apardı, daha sonra dəhşətə gəlib dedi: “Elə bir şey olsa, 2 dəqiqədən sonra gəlib buranı dağıdarlar”.
Ukraynalı jurnalistləri dəhşətə gətirən başqa bir fakt isə bizim müstəqil və müxalifyönlü qəzetlərin reklam üzünə həsrət qalması barədə dediklərimiz oldu. Reklamsız medianın ayaq üstə necə duruş gətirməsi dünyanın 8-ci möcüzəsi kimi həmkarlarımızı maraqlandırırdı.
Kiyevdə qiymətlər Bakıdakından azı 20 faiz ucuz olsa da, jurnalistlərin maaşı bizimkilərdən əməllicə çoxdur. Istər televiziyada, istərsə də qəzetdə minimum əməkhaqqı həddi 500 manatdan başlayır. Bu pulun Kiyevdə nə demək olduğunu cəmi bir nümunə ilə izah etmək istərdim: şəhərin ən prestijli yerində, ən gözəl və səliqəli kafelərin birində 5 manata yüksək səviyyəli nahar edə bilərsiniz…
Yeni Media ilə tanış olduğum ilk gündən onun gücünə sitayiş etmişəm. Kiyev səfəri “facebook”, “twitter”ə inamımı daha da möhkəmləndirdi. Söhbətləşdiyim QHT təmsilçiləri, gənc fəalların Azərbaycan haqqında bilgiləri daha çox sosial şəbəkələrdən əldə edilən məlumatlar əsasında idi, yazsam, səhv olmaz. Onlar gənc bloqçularımızın həbsi, 2 apreldə Ictimai Palatanın aksiyası barədə “facebook” və “twitter”dən informasiya aldıqlarını deyirdilər.
Kiyevdə qaldığım 3 gün ərzində hər gün aksiya gördüm. Bu aksiyaların ən məşhuru isə keçmiş baş nazir Yuliya Timoşenkonun məhkəməsi önündə keçirilən idi. Timoşenkonun lehinə və əleyhinə aksiyalar demək olar ki, hər gün keçirilir. Bəzən bu aksiyalar eyni yerdə, eyni saatda başlayır və bitir. Aksiyaları bir-birindən 5 metrlik zolaq ayırır, bu zolaqda polis dayanır. Düz məhkəmə önündə keçirilən, sözün əsl mənasında kifayət qədər səs-küylü aksiyaları nə məhkəməyə təzyiq kimi qiymətləndirən var, nə də vətəndaşların istirahətinə maneə kimi.
Kiyevdə aksiyanı necə keçirirlər – bunu bizə “Internews- Ukrayna”nın rəhbəri Andrey anlatdı. Onun sözlərinə görə, aksiya keçirmək istəyən təşkilat bu haqda məktubunu meriyanın poçtuna salır və 7 saatdan sonra ona zəng edib deyirlər: “Qardaş, al bu sənin filan kodun, di get, aksiyanı keçir, polis sizi qoruyacaq”.
Ukrayna polisi barədə bir cümlə yazmamaq insafsızlıq olar. Mən Azərbaycan polisinin əməllərindən çox, fizionomiyasından aqressiya görmüşəm. Bizim polis burnunu siləndə də aqressivdi. Kiyev polislərində xoşsimalılığı heyətimizin əksər üzvləri təsdiqlədi. Bir nəfər dostumuzun izahına görə, bu fərqin bir səbəbi də ondadır ki, Ukraynada bizdəki kimi cəmiyyətdə özünə heç bir yer, uğur tapa bilməyənləri polisə yığmırlar.
Və son… Ukrayna analoqsuz inkişaf etmədiyindən orada tramvay da var, trolleybus da…