Erməni hökuməti milli maraqlarına uyğun davranır

Ermənistanda hakimiyyət-müxalifət dialoquna Azərbaycandan ekspert baxışı

Rahim Hacıyev: «Azərbaycan hakimiyyəti də xalqın maraqlarına uyğun hərəkət edərək müxalifətlə münasibətləri yaxşılaşdırmalıdır»

Ermənistanda müxalifətlə hakimiyyət arasında dialoq növbəti mərhələyə qədəm qoyur. Hakimiyyət müxalifətin dialoqla bağlı gündəliyini olduğu kimi qəbul edib. Müxalifətin birləşdiyi Erməni Milli Konqresi bu dialoqun əsas mövzusu kimi növbədənkənar parlament və prezident seçkisinin keçirilməsini təklif edir.
Artıq bu, Ermənistan hakimiyyətindən müxalifətə münasibətdə sərgilənən neçənci konstruktiv mövqedir. Bundan əvvəl hakimiyyət müxalifətlə bir masa arxasında oturmağa razılıq verərək, sərbəst toplaşmaya qoyulan qadağanı aradan qaldırmışdı. Bundan başqa, siyasi məhbuslarla bağlı problemin çözülməsi də məhz Ermənistan hakimiyyəti tərəfindən atılan addımdır.
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, hazırda Ermənistanda baş verənləri hökumətin xalq qarşısında məsuliyyətini dərk etməsi kimi qiymətləndirmək lazımdır. R.Hacıyevin sözlərinə görə, Azərbaycan hakimiyyətindən fərqli olaraq, Ermənistan iqtidarı dünyada gedən prosesləri daha diqqətlə izləyir və ona daha çevik reaksiya verir: “Əlbəttə, Ermənistandakı hakimiyyət demokratik kimi xarakterizə olunmasa da, Yerevan göstərir ki, onlar proseslərə daha məsuliyyətlə yanaşır və sırf erməni xalqının maraq, mənafelərinə uyğun hərəkət etməyə çalışırlar. Təəssüf ki, Azərbaycan hakimiyyəti üçün əsas məsələ iqtidarı qoruyub saxlamaqdır. Amma Azərbaycan hakimiyyəti başa düşmür ki, dünyada gedən qlobal proseslərə qarşı durmaq mümkün olmayacaq”.
Bu baxımdan Azərbaycan hakimiyyətinin də xalqın maraqlarına uyğun hərəkət edərək müxalifətlə münasibətləri yaxşılaşdırmalı olduğunu deyən R.Hacıyev vurğuladı ki, bu, ilk növbədə Azərbaycanın maraqları baxımından vacibdir: “Hakimiyyətdəkilər daha məsuliyyətli olsalar Azərbaycanın problemləri daha tez həll oluna bilər. Indi göstərdikləri konstruktiv mövqe hakimiyyətdəkilərin özləri üçün də  gələcəkdə xeyirli ola bilər”.
R.Hacıyev hazırda Ermənistanda baş verənlərin Azərbaycan üçün təhlükəli məqamlarına da toxundu. R.Hacıyevin sözlərinə görə, çünki hazırda baş verənlər beynəlxalq aləmdə Ermənistanda demokratiyanın inkişafı kimi qiymətləndiriləcək. Bu isə Qarabağ probleminin həllində Ermənistana Azərbaycan qarşısında müəyyən üstünlüklər verəcək.

Hikmət