ABŞ-dakı defolt təhlükəsi dünya nəhənglərini qorxuya salıb
ABŞ və Avropanı cənginə alan borc böhranı dünya iqtisadiyyatının nəhənglərini aciz vəziyyətə salıb. Kömək edən dövlətlərin özlərinin də sarsılacağı gözlənildiyindən, bu böhranın təsir dairəsinin genişlənəcəyi qaçılmaz görünür.
Respublikaçılar və demokratlar arasında dövlət borcunun limitinin qaldırılması ilə bağlı danışıqlarda razılıq əldə olunmaması dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Belə ki, bu borc böhranı ilə üzləşən Avropa ölkələrininin durumunu da daha da ağırlaşdırır. Fransanın baş naziri Fransua Fiyonun sözlərinə görə, Yunanıstana yardım etməklə Fransanın dövlət borcu 2014-cü ilədək 15 milyard avro arta bilər. Yunanıstandan başqa, Avropanın digər ölkələrində də iqtisadi vəziyyət ürəkaçan deyil. Belə ki, Avropanın 3-cü iqtisadiyyatı sayılan Italiyanın xarici borcu 1,8 trilyon dollardır.
Ispaniya parlamenti isə dövlət xərclərinin azaldılması məqsədilə pensiya yaşının 65-dən 67-yə qaldırılmasını nəzərdə tutan islahat planını təsdiqləyib. Bu, öz növbəsində kütləvi nümayişlərin keçirilməsi ilə müşahidə olunub.
Dünyanın nəhəng iqtisadi güclərindən sayılan ABŞ-dakı vəziyyət isə artıq dünya birjalarında qızılın qiymətinin rekord həddə çatmasına səbəb olub. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-da güzəştlərin yoxluğu sərmayəçilərin qızıla marağını artırıb. Ekspertlərin proqnozlarına görə, bu ilin sonuna qədər qızılın bir unsiyasının qiyməti 1800 dollaradək arta bilər. ABŞ-dakı defolt təhlükəsi dünyada neftin qiymətinə və dolların məzənnəsinə də təsir edib. ABŞ dövlət katibi Hillari Klinton isə hesab edir ki, demokratlarla respublikaçılar büdcə kəsirini azaltmaqla bağlı ortaq məxrəcə gələcək.
ABŞ qanunvericiləri borc tavanının qaldırılmasına dair iki fərqli planı müzakirəyə çıxarmağa hazırlaşır. Onlar avqustun 2-də başa çatacaq möhlətədək razılıq əldə etməyə çalışacaqlar. Ağ ev rəhbəri Barak Obama televiziya ilə yayımlanan müraciətində bildirib ki, qanunvericilər güzəştə getməsə, ölkə dərin iqtisadi böhranla üzləşəcək.
Xatırladaq ki, prezidentin çıxışından bir neçə saat əvvəl demokratların nəzarəti altında olan Senat və respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının üzvləri planlarını açıqlamışdı. Hər iki planda hökumətin məsrəflərinin ixtisarı və borc limitinin artırılması nəzərdə tutulur. Demokratlar 2.7 trillion, respublikaçılar isə 1.2 trillion ixtisar təklif edir.
Elxan



