Rəsmi Ankara Azərbaycandan demokratiya da tələb edə bilər
Razi Nurullayev: «Türkiyə Azərbaycandan son sözünü deməsini istəyəcək»
Türkiyə baş naziri Ərdoğanın Bakı səfərinin hansı nəticələr verəcəyi gündəmin əsas müzakirə mövzusudur. Səfər zamanı müzakirələrin hansı istiqamətdə aparılacağı, demək olar, bəllidir. Lakin bu müzakirələrin nə ilə nəticələnəcəyinə dair müxtəlif ehtimallar səslənir. “Yeni Müsavat” qəzetində danışıqların nəticə verməcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı fikirlər yer alıb. Belə ki, qəzetin yazdığına görə, Ankaranın Bakıya şərtləri var. Əsas şərt iki ölkə arasında qaz anlaşması ilə bağlıdır. Danışıqlar nəticə verməsə, məsələ siyasi müstəviyə keçəcək və Türkiyə-Ermənistan yaxınlaşması prosesini yenidən canlandırmaq cəhdləri olacaq. Qəzet, hətta bunun ilk əlamətlərinin müşahidə olunduğunu da yazır.
Qeyd edək ki, Ərdoğanın Bakıya səfəri zamanı əsasən viza və qaz məsələsinin müzakirə ediləcəyi gözlənilir. Onu da xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında Sürix anlaşması imzalanan dövrdə də iki ölkə arasında münasibətlərin yaxşılaşacağına dair fikirlər səslənsə də, Türkiyə tərəfi bunu təkzib etdi. O zaman qardaş ölkə rəsmiləri yalnız Qarabağ münaqişəsi həllini tapandan və Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra bu addımın atıla biləcəyini deyirdi. Hətta Türkiyəyə edilən müəyyən təzyiqlər də Ankaranı mövqeyindən çəkindirmədi. Belə olan halda, Bakıdakı danışıqların nəticəsindən asılı olaraq Ankara ilə Yerevan arasında münasibətlərin düzələcəyinə dair deyilənlər nə dərəcədə inandırıcı səslənir?Politoloq Razi Nurullayev Ərdoğanın Bakı səfəri zamanı ciddi müzakirələrin aparılacağını deyir. Lakin danışıqların nəticəsi iki ölkə arasında münasibətləri açıq şəkildə korlamayacaq: “Ankara Azərbaycanın həm xarici siyasəti, həm də Türkiyəyə münasibəti ilə bağlı ciddi narahatlıq keçirir. Baş nazirin səfəri zamanı da iki ölkə arasında həll olunmamış məsələlər müzakirə ediləcək. Viza məsələsində Türkiyə Azərbaycandan son sözünü deməsini istəyəcək. Hətta Azərbaycan viza rejimini aradan qaldırmağa razılaşmasa, eyni zamanda qazın Türkiyədən Avropa ilə ötürülməsi ilə bağlı inadkarlıq göstərərsə belə, Türkiyə Ermənistanla yaxınlaşma siyasəti aparmayacaq. Bunu Azərbaycan xalqına hörmətə görə etməyəcək”.
Lakin ekspert Ankaranın Azərbaycanla bağlı ciddi addımlar ata biləcəyini də qeyd etdi. Münasibətlərin müəyyən qədər sərinləşəcəyini də ehtimal etmək olar: “Türkiyə bundan sonra Azərbaycanda demokratiyanın indiki durumu ilə bağlı daha sərt mövqe ortalığa qoya bilər. Hakimiyyəti müdafiə etməkdən çəkinər. Çünki hakimiyyət nə viza, nə də qaz məsələsində Türkiyəyə güzəştə getmək istəyir”.
Fizzə



