İşə baxan hakim isə diqqəti əsas məsələdən yayındıraraq, «Kür»dən nizamnamə tələb edir
Iyulun 25-də 1 saylı Iqtisad Məhkəməsində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının informasiya əldə olunması hüququnun pozulması ilə bağlı Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı iddiası üzrə ilkin dinləmələr keçirilib.
Qərargah ötən ilki daşqınla bağlı ASC-nin qarşısında qoyulmuş suallara məhkəmə qaydasında cavab almağa məcbur olub. Belə ki, dövlət qurumlarının günahı üzündən Kür çayı sahildən çıxıb, 100 min ha sahəni və 20 min evi su basıb.
Bu barədə “Kür”ün koordinatoru Oqtay Gülalıyev bildirib.
ASC su təsərrüfatının idarə olunması, sahilbərkitmə işləri, bəndlərin inşası, Kür və Araz çaylarının dibinin lildən təmizlənməsi, bu məqsədlə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin taleyilə bağlı sualları cavablandırmaqdan imtina edir. Məlum olduğu kimi, 2005-2010-cu illərdə bu məqsədlə 1 mlrd. manat ayrılıb. Lakin ötən ilki daşqın göstərdi ki, su təsərrüfatı sistemi fəlakətin qarşısını almağa hazır deyil. Həmin vəsaitin hara xərcləndiyi indiyədək məlum deyil. ASC ümumi sözlərlə yaxasını kənara çəkir. Bu dəfə də belə oldu. Belə ki, qərargah yazılı sorğu ilə müraciət edib. Ümumilikdə, digər dövlət qurumları- Rabitə və Fövqəladə Hallar nazirlikləri informasiya azadlığı haqqında qanunu pozaraq kompensasiya alan adamların siyahısını açıqlamaqdan imtina edirlər. Üstəlik, Rabitə Nazirliyi Iqtisad Məhkəməsinin dəstəyini alıb. Nazirlik imtinanı onunla izah edir ki, belə informasiya vətəndaşlar üçün şəxsi informasiyadır. Halbuki, söhbət dövlət vəsaitindən gedir ki, bu da cəmiyyət üçün şəffaf olmalıdır.
Zərərçəkənlərin özləri də maliyyə yardımının şəffaf aparılmasına israr edirlər.
Ümumilikdə, dövlət orqanlarının daşqınla bağlı hesabatları, xüsusən daşqının nəticələrinin aradan qaldırılması üçün ayrılmış 300 mln. manat büdcə vəsaitinin taleyi barədə sənədlər konkret deyil, ümumi xarakter daşıyır.
Qərargah və yerli əhali maliyyə pozuntusu ilə bağlı xeyli faktlar aşkarlayıb. Lakin hakimiyyət vətəndaş cəmiyyətinin siqnallarına reaksiya verməməyə çalışır.
Bu dəfə də hakim Şəfayət Məmmədov şikayətlərə mahiyyətcə baxmaq əvəzinə, prosedura əsaslanaraq məhkəmə iclasını iyulun 29-na keçirib, “Kür”ün nizamnaməsinin növbəti məhkəmə iclasına təqdim olunmasını tələb edib(Turan).