Cabbar Savalanlı barəsində həbs qərarı qüvvədə qaldı
“Mübarizə davam edir. Bu mübarizə mənim həyat tərzimdir”
Sumqayıt Apelyasiya Məhkəməsi AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının apelyasiya şikayətini təmin etmədi. Dünən keçirilən iclasda hakim Lətifə Məmmədova Cabbar Savalanlı barədə birinci instansiyanın hökmünü qüvvədə saxladı. AXCP fəalı bu il mayın 4-də Cinayət Məcəlləsinin 234.1-ci(satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Narkoman hal şahidi
Iclasda Cabbar Savalanlı polis tərəfindən saxlanılarkən hal şahidliyi etmiş Rəhim Şıxaliyev dindirilməli idi. Lakin bəlli oldu ki, o “xəstələndiyinə” görə iclasa gəlməyib. Hakim müdafiə tərəfindən hal şahidinin dindirilməsində israr edib-etmədiyini soruşdu. Vəkil Anar Qasımov isə artıq Rəhim Şıxəliyevin dindirilməsinə ehtiyac olmadığını dedi: “Onsuz da gəlib əzbərlədikləri ifadələri təkrar edirlər. Bu adamları dindirmədən də onların polislə əlbir olduğunu sübut etmək mümkündür. Elə birinci məhkəmədə Rəhim Şıxəliyev ifadə verdikdən sonra mətbuat nümayəndələri onu izləyiblər. Məlum olub ki, o, məhkəmədən çıxandan sonra polislərlə çay içməyə gedib. Sadəcə biz istəyirdik ki, məhkəmə özü də bizim dediklərimizə qiymət versin”.
Bu halda hakim Rəhim Şıxəliyevin məcburi gətirilməsi haqqında qərara ehtiyac olmadığını bildirdi və hal şahidinin ifadəsini elan etdi. Anar Qasımov Rəhim Şıxəliyevin Cabbar Savalanlı ilə üzləşmə protokolunun da elan edilməsini istədi. Həmin protokolda hal şahidinin söylədikləri bu şəkildə qeyd olunub: “Cabbar Savalanlı cibindən çıxan narkotik maddəni görəndə dedi ki, bu nədir, zibilə düşdüm? Sonra halı pisləşdi, polislər ona su verdilər”.
Maraqlıdır ki, Rəhim Şıxəliyev sonrakı ifadələrində bu barədə susub. Bundan sonra Anar Qasımov hal şahidinin 2000-ci ildən narkoman kimi qeydiyyatda olduğu barədə arayışı məhkəməyə təqdim etdi. Vəkil bildirdi ki, bu arayış ona Sumqayıt Narkoloji Dispanserinə verdiyi sorğuya cavab olaraq təqdim edilib: “Rəhim Şıxəliyev 2000-ci ildən narkoman kimi qeydiyyata düşüb. Deməli o, əvvəllər məhkum olunub. Indi də polis bu adamı özündən asılı vəziyyətdə saxlayıb, ondan narkotik vasitə ilə saxlanma əməliyyatlarında hal şahidi kimi istifadə edir. Adam narkoman kimi rəsmi qeydiyyatdadır. Kim mənə sübut edə bilər ki, həmin gün də narkotik vasitənin təsiri altında olmayıb? Belə olmasaydı, bir gündə əməliyyatçılarla 3-4 əməliyyatda hal şahidliyi etməzdi. Digər hal şahidi Məhərrəm Ismayılovun da narkoman kimi qeydiyyatda olması istisna deyil”.
Anar Qasımov Rəhim Şıxəliyevin narkoman olmasını əsas gətirərək onun ifadələrinin işdən çıxarılmasını xahiş etdi.
Əməliyyatçılar qanunu pozublar
Anar Qasımov əməliyyatçıların hərəkətinə də diqqət çəkdi. Vəkil bildirdi ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda əməliyyatçıların şəxsin üzərinə baxış keçirməsi nəzərdə tutulmur: “Bu, istintaq hərəkətidir. Əgər əməliyyatçı şəxsdən şübhlənirsə, onu saxlamalı, müstəntiqə təhvil verməlidir. Baxma və götürmə hərəkətlərini də müstəntiq həyata keçirməlidir. Amma bunlar özlərilə iki narkomanı götürüb, şəxsi saxlayaraq polis idarəsinə aparıblar, orada isə üzərinə baxış keçiriblər. Və hətta hal şahidlərindən ifadə alaraq, işi hazır vəziyyətdə müstəntiqə təhvil veriblər. Əgər belə olmalıdırsa, bəs onda müstəntiq nəyə lazımdır?! Ona görə də biz hesab edirik ki, əməliyyatçıların bu işlə bağlı həyata keçirdikləri hərəkətlər əsaslı sübut sayıla bilməz. Məhkəmədən xahiş edirəm ki, onların hərəkətləri etibarsız hesab edilsin”.
“Oğlumu siyasi sifarişlə həbs ediblər”
Daha sonra çıxışlara başlanıldı. Dövlət ittihamçısı Tural Yusifovun çıxışında işdə hər hansı ziddiyyətin olmadığını, birinci instansiyanın hökmünün ədalətli olduğunu vurğuladı. Dövlət ittihamçısının bu mövqeyi zalda qalmaqala səbəb oldu. Tural Yusifovun çıxışına ən sərt etiraz edən isə Cabbar Savalanlının anası Təravət Əliyeva oldu: “Mənim oğlumu siyasi sifarişlə həbs ediblər. Sizə yazığım gəlir. Çünki siz də bu sifarişi yerinə yetirməyə məcbursuz. Amma bilin ki, onun ahı hamınızı tutacaq. Mən onu yetimçiliklə böyütmüşəm. O hara, narkotik hara. Oğlumu cəbhəçi olduğuna görə tutublar. Bu hökumət cəbhəçiləri tutmaq istəyir.
Onun cibində 40 qəpikdən artıq pul olmurdu. Sənin kimi onun-bunun cibinə narkotik atıb qazanmır. Yetim uşaqdır, cibinə 40 qəpik pul qoyurdum, haradan idi onda pul narkotikə verəydi? Siz Azərbaycan vətəndaşı olsaydınız, haqq ədaləti yerinə yetirərdiniz, sifarişi yox. Necə ki, prezidentin Qurana əl basıb, qənim olacaq, sizə də olacaq. Bir ana kimi 12 ildir onu yetimçiliklə saxlamışam”.
Cabbarın anası fikirlərini bitirdikdən sonra zaldakılar onu alqışlamaqla yanaşı “Cabbara azadlıq” şüarları səsləndirdilər.
Cabbara bəraət verilməlidir
Vəkil Anar Qasımov isə çıxışında Cabbar Savanlıya bəraət istədi: “Cabbar Savalanlı siyasi əqidəsinə görə həbs edilib və həbs olunduğu ilk gündən vicdan məhbusu sayılıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da təsdiqləyiblər və dəfələrlə Ilham Əliyevə məktublar göndəriblər ki, Cabbar Savalanlı siyasi əqidəsinə görə həbs olunub və azadlığa buraxılmalıdır. Hər kəs bilir ki, onu, sosial şəbəkədə ”Qəzəb günü” aksiyasına çığırış etdiyinə görə bir neçə gün sonra cibinə narkotik atıb həbs ediblər. Əgər Cabbarın həbsi siyasi sifariş deyilsə, nə üçün o tutulandan sonra universitetdən qovulub? Cabbar atasız kimi sosial təqaüd alırdı, nə üçün bu gün ailəsini bundan məhrum ediblər? Cabbarı hərtərəfli blokadada saxlayırlar. Bütün bunlar bir daha göstərir ki, onun həbsi siyasi sifarişdir. Mən məhkəmədən xahiş edirəm Cabbar Savalanlıya bəraət verilsin. Ən pis halda, onun törətmədiyi əmələ görə aldığı cəza yüngülləşdirilsin”.
“Azərbaycanın hər yeri türmədir”
Cabbar Savalanlı da son sözündə həbsinin siyasi sifariş olduğunu bəyan etdi: “Mənə verilən ittiham və cəza siyasi sifarişdir. Aydındır ki, bu məhkəmə cəzanı müəyyən qədər qüvvəsində saxlayacaq. Onu da hiss edirəm ki, barəmdə bu qərarı çıxarandan sonra sifarişlə bu qərarı verdiyinizə görə müəyyən qədər kövrələcəksiniz. Bütün bunlara baxmayaraq, mübarizə davam edir. Bu mübarizə mənim həyat tərzimdir. Həbsdəki məhkumluğum həyatdakı ilə demək olar eynidir. Bunun üçün də dörd divar arasında yaşamaq mənim üçün çox da çətin deyil. Onsuz da bu ölkədə, demək olar ki, azad olan yer yoxdur. Azərbaycanın hər yeri türmədi. Mənə burada sifarişlə cəza çıxaranlar bilməlidirlər ki, bizi azadlıqdan məhrum etmək heç də insanları azadlıqdan məhrum etmək demək deyil. Azadlıq insanların düşüncəsindədir, əqidəsindədir”.
Cabbar Savalanlı son sözünü bitirdikdən sonra məhkəmə müşavirəyə yollandı və təqribən 10 dəqiqədən sonra qayıdaraq qərarın qüvvədə saxlanıldığını elan etdi.
Polislə qarşıdurma
Hələ məhkəmə zalında qalmaqal yarananda Sumqayıt polisi və mülki geyimlilər məhkəmə binasının həndəvərinə toplanmışdı. Iclasdan sonra isə Sumqayıt şəhər Polis Idarəsinin rəis müavini Azər Cahangirovun göstərişi ilə polis və mülki geyimlilər iştirakçılara hücuma keçərək onları məhkəmənin həyətindən qovmağa başladı. Polisin bu hərəkəti isə iştirakçıların hiddətinə səbəb oldu. Xüsusilə gənclər Azər Cahangirovun bu qanunsuz hərəkətinə sərt etirazlarını bildirdilər. Bu isə polislə gənclər arasında qarşıdurmanın yaranmasına səbəb oldu. Nəticədə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və təşkilatın fəalı Kamran Sanatürk həbs edilərək 4-cü bölməyə aparıldı. Bir müddət sonra isə hər iki gənc xəbərdarlıq edilməklə sərbəst buraxıldı.
Vidadi


