Devrilmiş diktatorun övladları Qahirədən Şarm əl Şeyxdəki həbsxanaya köçürüləcək
Misirdə yayımlanan “Əl Məsr əl Youm” qəzetinin yazdığına görə, devrilmiş diktator Hüsnü Mübarəkin oğulları Camal və Ala hazırda saxlandıqları Qahirə həbsxanasından Şarm əl Şeyxdəki həbsxanaya köçürüləcək. Onlarla birlikdə Mübarək hakimiyyəti illərində ölkənin daxili işlər naziri vəzifəsini tutmuş Həbib əl Ədli də Şarm əl Şeyxə göndəriləcək.
Qəzet təhlükəsizlik qurumlarındakı mənbəyə istinadən bildirib ki, Misir Daxili İşlər Nazirliyi Camal və Ala Mübarək ilə Habib əl Ədlinin Şarm əl Şeyxə yaxın Cənubi Sina Tur həbsxanasına köçürülməsinin hazırlıqlarına başlayıb. Mənbə dustaqların hərbçi və polislərin birgə müşaiyyəti ilə başqa həbsxanaya köçürüləcəyini söyləyib.
Xatırladaq ki, 17 gün davam edən xalq etirazlarından sonra hakimiyyətən getməli olan Hüsnü Mübarək vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə və hökumət əleyhinə mitinqlərə qatılan müxalifət tərəfdarlarının öldürülməsi əmrini verməkdə ittiham olunur. Onun oğlanları korrupsiya, dövlət əmlakını mənimsəmə və hakimiyyətdən şəxsi maraqlar naminə istifadədə günahlandırılır.
Keçmiş daxili işlər naziri Həbib əl Ədli isə Mübarəkin mitinqçilərin öldürülməsi əmrini icra etməkdə şübhəli bilinir. Misir məhkəməsi keçmiş nazirin növbəti məhkəmə iclasını avqustun 3-nə, yəni Hüsnü Mübarəkin məhkəməsinin keçiriləcəyi günə kimi təxirə salıb. Onun devrilmiş diktatorla birlikdə hakim qarşısına çıxarılacağı gözlənilir.
İnformasiya şöbəsi


