Ayətullah Zəncani: “Hakimiyyət legitim olsa, müxaliflərə böhtan atıb onları damğalamağa ehtiyac duymaz”
İranda nüfuzlu din xadimlərinin hakimiyyətin yürütdüyü daxili siyasət və müxalifətə qarşı apardığı repressiyalara yönəlik sərt etirazı davam edir. Onlar hazırda həbsdə saxlanılan Mehdi Kərrubi və Mirhüseyn Musəviyə qarşı irəli sürülmüş ittihamların ədalətsiz olduğunu söyləyir, müxalifət liderlərinin dərhal azadlığa buraxılmasını tələb edirlər.
Ölkənin dini mərkəzi kimi tanınan Qum dini dairəsinin nüfuzlu ruhanilərindən biri, əslən azərbaycanlı olan ayətullah Əsədullah Bayat Zəncani kinorejissor Məhəmməd Nurizadın ölkədəki mövcud vəziyyətlə bağlı sualını cavablandırıb. Qeyd edək ki, kinorejissor əvəllər dini lider ayətullah Əli Xamneyiyə bir neçə dəfə açıq məktub yazaraq dinc müxaliflərə qarşı təzyiq və repressiyalara etiraz bildirdiyinə görə iki dəfə həbs olunub. Sonradan mülk girovu qarşılığında azadlığa buraxılıb.
Ayətullah Bayat Zəncani İranda hakimiyyətə qarşı dinc mübarizə aparanları “fitnəçi” adlandırmağın doğru olmadığını söyləyib. Onun sözlərinə görə, dinc müxalifətçiləri “fitnəçi” hesab etmək ədalətsizlikdir:“Hökumətin apardığı siyasəti və onların əməllərini dinc yolla tənqid edənlərin zindanlara salınması qanuni sayılmır. İnsanları əqidəsinə görə həbs etmək qanunsuzluqdur. Nəzərə almaq lazımdır ki, hakimiyyət legitim olsa, müxaliflərinə böhtan atıb onları damğalamağa ehtiyac duymaz. İslam siyasi sistemində mövcud vəziyyəti tənqid edənlərin həbsə atılması doğru deyil. İslam peyğəmbəri Həzrət Məhəmmədin hakimiyyəti dövründə də müxaliflərin zindana salınması haqda heç bir tutarlı tarixi sənəd yoxdur. O həzrətin dövründə müxaliflər tam sərbəst və azad şəraitdə yaşayırdılar”.
Zəncani hökumətin hicaba riayət etməyən gənc qız və xanımlara qarşı təzyiqinə də etiraz bildirib. Onun sözlərinə görə, zor gücü ilə, ikrah və məcburiyyətlə insanları dindar etmək olmaz:“Son vaxtlar hakimiyyətə bağlı qüvvələr vətəndaşların evlərinə girir, müxtəlif bəhanələrlə onları döyüb təhqir edir, ailələrin şəxsi həyatına müdaxilə edir, insanların hüququnu pozurlar. Bu hərəkət nə əxlaq prinsiplərinə uyğundur, nə də şəriət qanunlarına. Sözsüz ki, bu kimi şəxslər və qüvvələr əməllərinə görə cavabdeh olmalıdırlar”.
İnformasiya şöbəsi


