Avropaya inansaq…

Uzaq Osloda baş verən hadisə hamını sarsıtdı. Ən azı ona görə ki, Norveçin adı müstəqil adamlar arasında həmişə minnətdarlıqla qeyd olunub. Həm də hadisə çox sarsıdıcı və düşündürücü idi. Dünya nədən belədir? Rusların bir sözü var ki, Rusiyanın iki problemi var – yollar və axmaqlar! Amma mən bir qədər başqa cür demək istərdim: ən qorxulu şey öz yolu olan axmaqlardır! Mən bilmirəm hadisəni törədən norveçli hansı motivlərdən bunu edib. Bəlkə də o sadəcə, bir psixi xəstədir. Məgər dünyada belələri azdırmı? Nə isə.

Indi elə məqamdır ki, Norveçə ancaq acımaq olar. Amma mənim diqqətimi başqa bir detal da çəkdi – neft dollarlarının ədalətli bölgüsü! Və mən növbəti dəfə köks ötürməli oldum. Bəli, bizim neftimiz heç vaxt öz ixtiyarımızda olmayıb, nə əvvəllər, nə də indi. Amma mən bu mövzunu da qapayıram, çünki onun inkişafı heç kimi maraqlandırmır. Insan itaətkar ola bilər, amma axır vaxtlar bizim psixologiyamızda bir mütilik tendensiyası hakim kəsilib. Bəlkə elə bu da əvvəllərdən gəlmə bir haldır, bilmirəm. Biz reallığa çox tezcə alışırıq, onu dəyişmək üçün azacıq da olsa səy göstərmirik. Hər şey sanki gözümüzə bir qəzavü-qədər kimi görünür. Mən bir vaxt bizim təfəkkürümüzdəki “qismət” kateqoriyası haqda çox yazmışdım. Bizə elə gəlir ki, bunların min fırıldaqla, hiylə ilə topladıqları, ələ keçirdikləri bunların “qisməti”dir. Yox, mən keçmiş bolşeviklər kimi “talanmışı tala!” demək istəmirəm. Amma bizim sərvətimizi bunlar məhz talayıblar axı! Nə isə. Burada da bir nöqtə qoyaq. Elə bizim nitq də nöqtələrdən ibarətdir, fikrimizi axıra çatdıra bilmirik…

Adamlar, siz haradasınız?

Bəli, ictimai fəallar adamların yeni yaranmış birliklərə etinasızlığından giley edir. Haqlı gileydir. Amma mənə elə gəlir ki, biz insanları müxtəlif çətirlər və formatlar altına qovmaqla onları yoruruq. ABŞ-da iki yüz il bundan əvvəl iki partiya yaranıb, hamı da bunu qəbul edib, daha harasa başqa bir yerə və siyasi ünvana getmək haqda heç kim fikirləşmir. Bəlkə də dünyanın heç bir yerində bizdə olduğu qədər yeni-yeni siyasi kombinasiyalar fikirləşmirlər. Nə qədər yeni siyasi format olar? Bütün bunlar nəyin nəticəsidir? Kiminsə siyasi kaprizlərinin və yaxud ambisiyalarının! Yeni formatlar hansısa forma və məzmun kəsb etsəydi, onları qəbul etmək bir az asan olardı. Amma nəsə bir yenilik yoxdur axı! Riyazi elmlərdə buna sadəcə kommutativ cəbr deyilir, toplananların yerini dəyişdikdə cəm dəyişmir və yaxud vuruqları başqa cür düzdükdə hasil dəyişmir!

Indi hər bir lider öz ətrafına nə qədər mümkünsə fəal toplayıb. Yeni formata da elə həmin fəallar gələcək, çətin ki, bundan elə də çox olsun. Hər şeyin bir izahı var. Amma bir şeyin izahı yoxdur: zülmə nə qədər davam gətirmək olar? Bax, bu sualın cavabı yoxdur. Insanın sosial-siyasi davranışını alqoritmləşdirmək hələ heç kimə müyəssər olmayıb. Qəti bir söz demək mümkün deyil bu haqda, bu, bir il də çəkə bilər, on il də… O aydındır ki, bu, əbədi davam edə bilməz, heç yarım əsr də çəkməz, xüsusən də, indiki dövrdə. Ərəblərdən sonra növbə Xəzər ətrafına çatacaq, buna heç şübhəniz olmasın. Indi bunlar AB ilə assosiativlik müqaviləsini imzalamaq istəmirlər. Əgər bu saziş imzalansa, ölkə dəyişməlidir və çox güman ki, hər bir şey evolyusion yolla gedəcək. Bəli, indi AB keçmiş ittifaq ölkələrinin bir hissəsini öz sıralarına cəlb etməkdə israrlıdır. Görək, kimin iradəsi üstün gələcək! Biz bu prosesə təkan verə bilsəydik, çox yaxşı olardı. Amma gərək, bunun yolları haqda ciddi düşünülsün. Təəssüf ki, bizim təbliğatın indi o qədər də böyük imkanları yoxdur. Mən, hətta bunu da istisna etmirəm  ki, bunlar bəzi Avropa ölkələrindəki böhranı qəsdən geniş işıqlandırırlar ki, bu proses haqda mənfi təəssürat yarada bilsinlər. Insanlar arasında kiçik də olsa sorğu keçirmək maraqlı olardı. Maraqlıdır, görən, onlar Avropaya və ya ABŞ-a nə qədər inanırlar? Məişət səviyyəsindəcə, hətta böhran insanların Avropaya inamını sarsıtmayıb, insanlar hələ də ora inkişafın yeganə ünvanı kimi baxır…