AYB-dən Şamo Arifə sərt cavab

«Şamo Arif dərk edirmi ki, bu yalanlarıyla öz adı heç, dədəsinin adına necə ziyan vurur?»

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi “Azadlıq” qəzetində (24 iyul 2011) Oqtay Şamilin “Kürdçülük” faylının fəsadları” adıyla dərc olunmuş yazısına münasibətini açıqlamağı lazım bilir. Məqalədə doğru və həqiqətə uyğun mülahizələrlə bərabər ciddi etiraz doğuran məqamlar da var. Yazıçılar Birliyi həmişə rəhmətə getmiş yazıçılarımızın adlarının hallandırılmasına, onların ittiham edilməsinə qarşı olub. Yenə də bu prinsipə sadiq qalaraq oğlu Şamo Arifin yaramaz hərəkətlərinə görə Süleyman Rəhimovu yazıçı kimi inkar etməyi düzgün hesab etmirik. Süleyman Rəhimovun ədəbiyyatımız qarşısında xidmətləri var, bunu unutmamalıyıq. Yazıda qardaş kürd xalqı haqqında işlədilən bəzi ifadələr də qəbuledilməzdir. Şamo Arif hansı xalqa mənsub olur olsun həmin xalqın üz qarasıdır. Amma belə istisnalar hər xalqda ola bilər və ayrı-ayrı fərdlərə görə bütünlükdə heç bir xalqı qaralamaq olmaz. Yay aylarında bəzi qəzetlərin tirajlarını artıran bu qalmaqalı başlayan, onun təşəbbüskarı və səbəbkarı Şamo Arifdir.

Şamo Arif yalanlarını təkzib edə bilmir

Mətbuat səhifələrində Şamo Arifin yalanları bir-bir ifşa olunduqca heç birini təkzib edə bilmir, amma yenə də yalan danışmaqdan əl çəkmir, yorulmur, usanmır, biabır olduğunu vecinə almadan yeni yalanlar uydurur.
Müxtəlif qəzetlərdə müxtəlif müəlliflər tərəfindən ifşa olunmuş yalanlarının bir qismini yada salaq:
Yalan-1: Şamo Arif yazır: Anar Süleyman Rəhimova qarşı mənfi münasibət sərgiləyir.
Yalanın ifşası: Yazıçılar Birliyində üç yerdə Süleyman Rəhimovun şəkili asılıb, o cümlədən Anarın sifarişiylə rəssam tərəfindən xüsusi çəkilmiş şəkli. Bir şəkli də Anarın iş otağında asılıb. Anarın təşəbbüsüylə və Yazıçılar Birliyinin vəsaiti hesabına Süleyman Rəhimov haqqında xüsusi buraxılış hazırlanıb nəşr edilib. Anar Süleyman Rəhimovun 90 illiyi və 100 illiyi münasibətiylə, eləcə də yaşadığı evin divarına xatirə lövhəsi vurulması haqqında dəfələrlə əlaqədar təşkilatlara müraciət edib.

O, dəlillərin üstündən sükutla keçir

Yalan -2: Şamo Arif yazır: Anar isbat eləmək istəyir ki, Azərbaycan ədəbiyyatında nə Səməd Vurğun var, nə Süleyman Rüstəm var, nə də Süleyman Rəhimov. Ancaq və ancaq bir Rəsul Rza var, bir də Nigar Rəfibəyli. Budur onun əsl məqsədi.
Yalanın ifşası: Azərbaycan, Moskva və Türkiyə mətbuatında Anarın Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə Ibrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Mirvarid Dilbazi, Ilyas Əfəndiyev, Imran Qasımov, Ismayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Isa Muğanna və 20-dən artıq başqa müasir Azərbaycan şair və naşirləri haqqında məqalələri dərc olunub. Onların yubileylərində çıxışlar edib. Hər həftə televiziyada apardığı “Poeziya” verilişlərində müasir şeirmizin görkəmli nümayəndələri haqqında ətraflı danışır, Azərbaycanda, Türkiyədə nəşr olunmuş Azərbaycan şairlərinin şeirlərindən ibarət böyük antologiyalar tərtib edib, rus dilində üç cildlik Azərbaycan şeir antologiyasının təşəbbüskarı, Redaksiya heyətinin sədri və ön söz müəllifıdir. Bu Şamo Arifin iftirasını kökündən ifşa etmirmi?
Şamo Arifin bu yalanlarının təkzibi qəzetlərdə dərc olunur, amma bir dəfə də olsun yalan danışdığını boynuna almır, konkret dəlillərin üstündən sükutla keçməyə çalışır ki, bəlkə iftiraları başqalarının da diqqətindən yayındı.

Süleyman Rəhimova şillə vurulubmu?

Yalan-3: Şamo Arif deyir ki, Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandıran yeganə şəxs Anardır.
Yalanm ifşası: Əvvəla Anar heç yerdə Mehdi Hüseynin ölümünün səbəbkarı kimi Süleyman Rəhimovun adını çəkməyib. Bununla əlaqədar onun adını çəkənlər Mehdi Hüseynin qızı Zivər Hüseynova (“Dəryadan damlalar” adlı kitabında), Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov və hadisənin başqa şahidləridir.
Yalan-4: Şamo Arif deyir ki, Dədə Süleymana heç kəs şillə vura bilməzdi.
Yalanın ifşası: Zivər Hüseynova Mehdi Hüseynin ölümündən sonra ilk dəqiqələrdə cərəyan edən hadisələri belə təsivr edir: “Otaqda çaşqınlıq baş verir. Arada üçlük- başda S.Rəhimov olmaqla qaçmağa məcbur olurlar. Arxadan özünü yetirən Nəbi Xəzri S.Rəhimovu təpikləyir və şapalaqlayır. S.Rəhimov yerə düşmüş papağmı götürüb həmfikirləriylə 26-lar bağına qaçırlar. Imran Qasımov eyvana çıxaraq ucadan: “Zaderjite  ubiyts!” (Caniləri tutun) çığıraraq hamını haraylayır”.
Süleyman Rəhimovun ruhunu incidəcək bu təfərrüatı xatırlatmaq istəməzdik, bizi buna məcbur edən ancaq və ancaq Şamo Arifin yalanıdır.

Şamo Arifin o cürəti olmayıb

Yalan-4: Şamo Arif iddia edir ki, Nəbi Xəzri heç vaxt Süleyman Rəhimovu təhqir etməyib.
Yalanın ifşası: Şamo Arif Nəbi Xəzrinin peşmançılıq etirafını, Süleyman Rəhimovun ruhundan üzr istəməsini sitat gətirir. Təhqir etməyibsə, görəsən, nəyə görə üzrxahlıq edir?
Yalan-5: Şamo Arifin Anarın dilindən uydurduğu: “Qorbaçov məni tanıdı bu da mənə bəsdir sözləri” də, “Anara dedim səni əzərəm” sayıqlaması kimi büs-bütün yalandır. Nə Anar heç vaxt elə söz deyib, nə də Şamo Arif heç vaxt Anarın üzünə belə söz deməyə cürət edib. (Anarın arxasından çox şey danışırsa da)
Yalan -6: Şamo Arifin yalanlarından çıxış edərək “Azadlıq” qəzetinin “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı” başlığı da, Şamo Arifin dedikləri də başdan axıracan yalandır. Şamo Arif heç bir arxiv sənədi tapmayıb, Anarın öz kitabında gətirdiyi sənədləri fitnəkarcasına tərs yozur, Nigar xanımı namussuzcasına təhqir edir.

Yalançının yaddaşı olmaz

Yalan-7: Altmışıncı-yetmişinci illərdə Rəsul Rzaya qarşı
KQB-yə verilən danosları 37-ci ilin hadisələriylə bağlayan Şamo Arif yəni o qədər tarixdən bixəbərdir ki, bu illərin arasındakı fərqi görmür..
Yalan -8: Yenə də “Azadlıq” qəzetində çap etdirdiyi “Anar ermənilərə qarşı susub” yazısı da tamamilə yalandır. Anarın Erməni millətçilərinə qarşı illər boyu davam edən çıxışları, bəyanatları, məktubları, hətta Şamo Arifin Anar haqqında verdiyi danoslardan da dəfə-dəfə çoxdur.
Yalan -9: Şamo Arif yazır ki, Anar niyə heç yerdə Mehdi Hüseynin adını çəkmir.
Yalanın ifşası: Bundan qabaqkı yazısında Şamo Arif Anarın Mehdi Hüseyn haqqında məqaləsinə istinad etmişdi. Yalançının yaddaşı olmaz.
Yalan -10: Şamo Arif deyir ki, guya Rəsul Rza Hüseyn Cavidin bəraət qazanmısının əleyhinə olub. Ağ yalan və çirkin iftiradır, Rəsul Rza heç bir vaxt heç bir yerdə Cavidin bəraətinə qarşı olmayıb. Bu, Şamo Arifin növbəti provokasiyasıdır.

Kim ermənilərin adamıdır?

Yalan -10: Şamo Arif deyir ki, Anar Rusiyanın adamıdır.
Yalanın ifşası: Bunu nə əsasla deyir? Təbii ki, bu böhtanın da heç bir əsası yoxdur, ola da bilməz. Anar Moskva mətbuatında, SSRI Ali Sovetində, Qurultaylarda çıxışlarında, son dəfə isə Bakıda Rusiya- Azərbaycan forumunda Qarabağ məsələsində rus siyasətinin ədalətsizliyini tutarlı subutlarla göstərib.
Daha böyük əsasla Şamo Arifin ermənilərin adamı olduğunu, erməni maraqlarana xidmət göstərdiyini iddia etmək olar. Çünki Rəsul Rzaya, Nigar Rəfibəyliyə, Anara qarşı fıtnəkarlıqlarında, təxribatlarında Sero Xanzadyanların, Xoren Qriqoryanların, Perç Zeytunsyanların böhtanlarını Azərbaycan dilinə “çevirir”.
Şamo Arifın bütün yalanlarını bir-bir ifşa etmək uzun çəkərdi. Elə bu konkret ifşalar da, onun dilinə heç vaxt düz söz gəlmədiyini sübut edir. Ancaq bir səfeh iddiasını da xatırlamaq yerinə düşər. Şamo Arif yazır ki, Qara yanvar günlərində Anar “qorxub” Yazıçılar Birliyinin qapısını bağlayıb, etiraz tədbirini Akademiyanın böyük salonunda keçirib. Əvvəla Akademiyanm salonu Yazıçılar Birliyinin Natavan klubundan azı beş dəfə böyükdür və iştirakçılar Natavan klubuna sığmazdı. Ikincisi, Anar Akademiyadakı iclasa əvvəldən axıracan sədrlik edirsə, “qorxan” kimdir- Yazıçılar Birliyinin binası? Bədbəxt Şamo Arifin Anara nifrəti gözlərini elə tutub, ağlını elə çaşdırıb ki, az-çox inandırıcı iradlar üçün heç bir şey tapmır, ancaq belə-belə məntiqsiz sözlər danışır. Yazıçılar Birliyinin qapısı nə o gün, nə ondan əvvəl, nə ondan sonra heç vaxt bağlanmayıb. Əksinə, Qarabağ məsələsi başlanan kimi akademik Aqanbekyanın Parisdəki çıxışına qarşı ilk etiraz məktubunu Qorbaçova məhz Anar yazıb və onunla birlikdə görkəmli yazıçılar bu məktuba qol çəkib. O ki qaldı Akademiyadakı iclasa, Şamo Arifin həmin o toplantıda iştirak edib etmədiyini heç kəs xatırlamır, iştirak edib və çıxış edibsə də, görünür, elə mənasız və boş danışıb ki, heç kəsin yadında qalmayıb.
Görəsən, Şamo Arif dərk edirmi ki, bu yalanlarıyla öz adı heç, dədəsinin adına necə ziyan vurur? Yalanları mətbuatda lazımı qədər ifşa olunduğu üçün biz bu məsələyə nöqtə qoymaq istəyirik. Amma əgər Şamo Arif yenə də yeni – iftiralara əl atacaqsa, yenə də layiq olduğu cavabını alacaq.

HƏMÇİNİN OXU

Anar ittihamlara cavab verdi və…

AYB Mehriban Vəzirə cavab göndərdi

“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”

Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu

Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi

Xaliq Bahadır: “Anardan… anasınadək”

Şamo Arif Xaliq Bahadıra cavab verdi

Anar Şamo Arifin debat çağırışını rədd etdi

“Anar ermənilər qarşısında susub…”

Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı

Yazıçılar arasında qalmaqal böyüyür

Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar