Azərbaycan estradasının canlı əfsanəsi, təkrarsız səs və ifa tərzinə malik olan xalq artisti Flora Kərimovanın keçən həftə 70 yaşı tamam oldu. Yüzlərlə mahnıya öz möhürünü vurmuş bu sənətkar eyni zamanda, bir çox filmlərimizdə, tamaşalarımızda da ifasıyla tarixə düşüb. Flora xanımın ad gününə media ciddi yer ayırsa da, onu dövlət başçısı təbrik etmədi. Söhbətləşdiyimiz ictimai xadimlər düşünür ki, Flora Kərimovaya qarşı bu münasibət təsadüfi deyil və onun siyasi mövqeyilə bağlıdır.
Mehriban Vəzir: «Dövlət başçısının Flora xanımı təbrik etməməsi siyasi ayrı-seçkiliyin nəticəsidir»
Məsələn, publisist Mehriban Vəzir deyir ki, Flora Kərimovaya qarşı bu cür münasibət yolverilməzdir. Bu xanımın bənzərsiz səs sahibi olduğunu deyən Mehriban Vəzir xatırladır ki, Flora Kərimovanın incəsənət aləmində, ictimai həyatda əhəmiyyətli rolu olub. Publisist xanımın sözlərinə görə, bütün bunlar nəzərə alınmadan, Flora Kərimovaya qarşı belə xoşagəlməz münasibət sərgilənməsi Azərbaycanda idarəçilik mədəniyyətinin olmamasının göstəricisidir: “Flora Kərimova həqiqətən estradamızın korifeyidir. Onu mən Rəşid Behbudov, Mirzə Babayev kimi ustadlarımızla müqayisə edərdim. Bənzərsiz səs sahibi kimi Flora xanımın incəsənətimizə ciddi təsiri olub. Flora xanıma qarşı bu cür münasibət ayrı-seçkiliyin nəticəsidir. Insanlara siyasi mövqeyinə görə fərq qoymamaq bir idarəçilik mədəniyyətidir. Bu, bir daha göstərir ki, Azərbaycanda idarəçilik mədəniyyəti, davranışı yoxdur”.
Cavanşir Quliyev: «Sənətkarların zəhmətinə onların siyasi hakimiyyətə loyallığına uyğun yanaşılır»
Məşhur bəstəkar Cavanşir Quliyev də düşünür ki, bu, Azərbaycanda sənətkarların zəhmətinə onların siyasi hakimiyyətə loyallığına uyğun yanaşıldığını göstərir. Hazırkı rejimə loyal olan sənətkarların təbrik, imtiyaz aldıqlarını deyən Cavanşir Quliyev vurğuladı ki, siyasi baxışlarıyla hakimiyyətə müxalif olanlara isə layiq olduqları münasibət göstərilmir: “Flora Kərimova XX və XXI əsrdə Azərbaycanın yetişdirdiyi ən böyük müğənillərdən biridir. Üç-dörd müğənni varsa, onlardan biri də Flora Kərimovadır”.
Hikmət



