İkinci qrup əlil ölüm aclığına başlayır

Bərdənin yerli hakimiyyəti 64 yaşlı qadını və ailəsini ən radikal addım atmağa vadar edib

Bərdə rayon sakini, 2-ci qrup əlil 64 yaşlı Almaz Talıbova və ailəsi ölüm aclığına başlamaq niyyətindədir. Onun bu addımı atmağa vadar edən şəxs isə rayon icra başçısının müavini Vidadi Imamquliyevdir.
Almaz xanımın oğlu Azərin sözlərinə görə, artıq icra başçısının müavininin qanunsuz əməllərindən cana doyublar: “Artıq bezmişik. Müraciət etmədiyimiz qurum qalmayıb, yenə də bu adamın qanunsuz əməlləri ilə bağlı tədbir görülmür. Ona görə də qərara gəldik ki, iyulun 27-də Prezident Administrasiyasının qarşısında ölüm aclığına başlayaq. Bəlkə bu yolla diqqəti Vidadi Imamquliyevin qanunsuz əməllərinə yönəldə bildik”.
Almaz Talıbova bundan əvvəl mətbuat vasitəsi ilə Ilham Əliyevə müraciət edərək Bərdənin yerli hakimiyyətinin qanunsuz əməlləri ilə bağlı tədbir görülməsini tələb etmişdi.  Talıbova bildirmişdi ki, onun Bərdədə pambıqtəmizləmə zavodunun yaxınlığındakı ticarət sırasında kommersiya obyekti olub. Yerli hakimiyyət obyekti sökərək satıcılara yeni mağaza tikintisini təklif edib. Lakin Talıbovaya bunu etməyə icazə verilməyib. Bunun səbəbləri isə açıqlanmır. Bununla da yaşlı qadın yaşamaq imkanından məhrum edilib. O, həmçinin bəyan etmişdi ki, son çıxış yolu kimi Azərbaycan vətəndaşlığından imtina etməyi düşünür.

Sosial şöbə