Müzəffər Baxışov: «Azərbaycan məhkəmələrinə inam sıfır səviyyəsindədir»
Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan məhkəmələri ilə bağlı maraqlı açıqlama verib. Son illər məhkəmələrə müraciətlərin sayının artdığını deyən PA rəsmisi bildirib ki, bu, vətəndaşların Azərbaycan məhkəmələrinə inamının artması ilə bağlıdır. F.Ələsgərov qeyd edib ki, inamın artmasının səbəbi Azərbaycanda məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin olunması üçün ciddi tədbirlərin həyata keçirilməsidir.
Vəkil Müzəffər Baxışov isə deyir ki, Azərbaycan məhkəmələrinə inam sıfır səviyyəsindədir və bunu istənilən vaxt, istənilən şəxsə sübut edə bilər: “Hər il ”Azərbaycan” qəzetində ədliyyə naziri və Ali Məhkəmənin sədri ilə müsahibələr dərc olunur. Onlara məhkəmələrə inamla bağlı sual verirlər. Hansı ildə məhkəmələrə müraciət azalıb, onlar bildirirlər ki, insanların problemləri həll olunub deyə müraciətlər də azalıb. Hansı ildə məhkəmələrə müraciət çoxalıb, onlar bildirirlər ki, məhkəmələrə inam artıb. Istər ədliyyə nazirinin, istər Ali Məhkəmənin sədrinin, istərsə də Fuad Ələsgərovun bu fikirləri olduqca əsassızdır. Bunu həm Fuad Ələsgərova, həm də həmin vəzifəli şəxslərə sübut etməyə hazıram. Mənim əlimdə qanunsuz və əsassız çıxarılmış kifayət qədər məhkəmə qərarları, hökmləri, qətnamələri, qərardadları, əmrləri var. Onlara sübut etməyə hazıram ki, vətəndaşlar arasında Azərbaycan məhkəmələrinə inam sıfır səviyyəsindədir”.
M.Baxışovun sözlərinə görə, Azərbaycan vətəndaşları ölkə ərazisində qanuni mənafelərini müdafiə edə bilmədiyi üçün Avropa Məhkəməsinə üz tuturlar: “Avropa Məhkəməsi də çox az işləri öz icraatına götürür. Onminlərlə məhkəmə qətnaməsini gətirib həmin yüksək vəzifəli şəxslərlə televiziyada, ya qəzet səhifəsində debata çıxa bilərəm. Mənim yanıma gələn hər bir vətəndaşa başa salıram ki, sizin tələbləriniz qanuna uyğun olsa da, bu tələblərlə Azərbaycan məhkəmələrində ədaləti bərpa edəcəyinizə söz verə bilmərəm. Məhkəmə müşavirəyə gedənə qədər mən hüquqlarınızı müdafiə edəcəm və siz də tam əmin olacaqsınız ki, qalib gəlirsiz. Amma hakimin müşavirədən hansı qərarla qayıdacağı ilə bağlı təminat verə bilmərəm. Belə məhkəmə sisteminə heç vaxt vətəndaşların inamı arta bilməz.
1995-ci ildən Azərbaycanda məhkəmə-hüquq islahatları həyata keçirilir. Amma mən tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycandakı məhkəmə sistemi sovet məhkəmə sistemindən min dəfə aşağı səviyyədədir. Sovetlər dövründə elə şəxsiyyətli hakimlər var idi ki, onlara hər hansı sifarişi vermək qeyri-mümkün idi. Çünki şəxsiyyətlərinə hörmət edirdilər. Amma indi elə şəxsiyyətli hakimləri elə vəziyyətə salıblar ki, onlar bizim yanımızda özləri-özlərini söyürlər. Onları bu vəziyyətə saldıqları üçün sistemdən narazılıqlarını bildirirlər”.
Gültəkin


