“Cibimə patron atıb, qazandığı pulla övladını böyüdür”

Şahinin Həsənlinin məhkəmədəki son sözü…

«Hansı demokratiyadan, hansı ədalətdən danışırıq?»

«Azad, demokratik bir cəmiyyət istəmişəm ki, heç kim mən düşən vəziyyətə düşməsin»

Iyulun 21-də Şəmkir Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin məhkəmədəki son sözünün tam mətnini əldə etmişik. Heç bir əlavə etmədən Ş.Həsənlinin bu çıxışını oxucularımıza təqdim edirik.

“Niyə araşdırılmadı ki, o patron mənim cibimə haradan düşüb?”

Şahin Həsənli: Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır.  Ictimai Palatada təmsil olunandan sonra mənə qarşı təzyiqlər başladı. Martın 30-da polislər tərəfindən axtarılmışam. Anamgilə, öz evimə gəliblər. Mənə də zəng vurublar, demişəm Şəmkirdəyəm. Şahidlərdən biri ifadəsində dedi ki, onlara Şahin Həsənlinin Bakıdan gəlməsi və üzərində silah olması barədə məlumat daxil olub. Onlar da bu silahı götürməyə gəliblər. Mənim üstümdə silah vardısa, silahsız və mülki geyimli 4 nəfər mənim olduğum evə necə gəlib? Nəyə görə məni yatdığım yerdə götürdükləri halda, deyirlər ki, Şahin sərbəst şəkildə hərəkət edirdi. Mənim üzərimdə silah olması ehtimalı varsa, necə sərbəst gəzə bilərdim? Silahlı adam necə sərbəst gəzə bilər? Qoluma qandal vurulub, bunun özü də qanunsuzdur. Sonrakı proseslər də göstərdi ki, onlara mənim həbsim lazım idi. Çox səthi bir istintaq aparıldı. O patronun məndə olduğu sübuta yetirilmədi. Niyə araşdırılmadı ki, o patron mənim cibimə haradan düşüb? Yoxdur axı belə şey, siyasi sifarişdir. Mənim qohumlarım işdən çıxarılıb. Onlar mənim yolumu bəyənməyib dövlət strukturlarında işləyirdilər. YAP-çı idilər, iqtidarı müdafiə edirdilər.
Sizi qohumunuzun siyasi fəaliyyətinə, siyasi əqidəsinə görə işdən çıxarsalar, münasibətiniz necə olardı?

“Üzərimdən avtomat çıxsaydı, nə qədər iş istəyərdi?”

Hansı demokratiyadan, hansı ədalətdən danışırıq? Bunun özü sübut edir ki, mənim həbsim siyasi xarakter daşıyır. Prokuror 2 il yarım iş istəyib. Mənə qarşı irəli sürülən maddədə 3 ilə qədər iş nəzərdə tutulub. Prokuror mənə ən ağır cəza istəyib. Üzərimdən avtomat çıxsaydı, nə qədər iş istəyərdi? Bunun özü bu işin siyasi çalarlı olduğunu sübut etmirmi? Bu yaxınlarda bu məhkəmədə üzərindən silah tapılan birinə 1 il iş verilib. Fakt ortada deyilmi?
Və nəhayət mən heç bir cinayət törətməmişəm, o patronlar  cibimə siyasi fəaliyyətimə görə atılıb. Ittiham başdan-ayağa şər-böhtandır. Mən dövlətimi, dövlətçiliyi sevmişəm. Çoxlu dostlar qazanmışam, həmişə insanlara hörmət etmişəm, bir nəfərə də pislik etməmişəm. Cinayətkar-residivist deyiləm ki, mənə bu münasibəti göstərirsiniz. Demokratik, azad bir cəmiyyət istəmişəm ki, heç kim mən düşən vəziyyətə düşməsin.

“Mənim cibimə patron atır, qazandığı pulla övladını böyüdür”

Uşağını tərbiyə etmək, yaxşı oxutmaq istəyən adam gedir işə, ona deyirlər ki, get, birinin cibinə patron at. Adam mənim cibimə patron atır, o qazandığı pulla övladını böyüdür. Mən bunun əleyhinə çıxıram. Cəmiyyət nə gündədir ki, Dostoyevskinin dediyi kimi, 2 manat rüşvət alanı 10 min manat rüşvət alanlar ittiham edir.
Möhtərəm hakim! Özümü təqsirli hesab etmirəm. Həbsim siyasi sifarişdir. Güllələr Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən cibimə atılıb. Bəraət hökmü çıxarmağınızı xahiş edirəm!
Yəqin öz vicdanınızın səsinə qulaq asıb ədalətli hökm çıxaracaqsınız. Siz sübut edəcəksiniz ki, bizim cəmiyyət elə deyil, məhkəmələr müstəqildir, heç bir siyasi sifariş yerinə yetirmir…