Böyük Ipək yolu – tarixi keçmişin yolu
Bir zamanlar Azərbaycanı uzaq ölkələrlə birləşdirən o tarixi yol sonradan inkişafın, tərəqqinin bir simvolu kimi işlənməyə başladı. “Böyük ipək yolu” terminini ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen işlətmişdir. Bu yol qədim dövrlərdə və orta əsrlərdə Çindən Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə aparan karvan yoluydu.
Bu yol eramızın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. Ipək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürmüşdür. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı Iskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bəzi mənbələrə əsasən Ipək yolu tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdılar.
Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, Iran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və Irana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə Ipək yolu vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə, yox idi.Azərbaycanın inkişafında Böyük ipək yolunun sosial-iqtisadi rolu böyükdür. Tarixi faktlar Böyük Ipək Yolunun bir neçə istiqaməti olduğunu və Asiya kontinentindən əsasən qərb istiqamətində çoxsaylı yolların keçdiyini sübut edir. Şərqi Çin dənizinin sahillərindən, Sinan şəhərindən başlanan Ipək yolu Lançcondan keçərək, Donxuana qədər uzanıb. Yolun bir qolu Kopetdağın şimal ətəyi ilə Xəzərin cənub hissəsindən keçib Azərbaycana daxil olub. Ikinci qol isə Təklə-məkan səhrasının şimalından ötüb Dərbənd, Şamaxı-Gəncə, Batumi-Istanbula uzanaraq, Balkan yarımadası vasitəsilə Avropanm mərkəzinə istiqamətlənib. Digər məlumatlara görə isə eramızdan 4-5 əsr əvvəl fəaliyyətə başlayan Ipək yolu başlanğıcını Koreyadan götürüb. Karvanlar Çin, Monqolustan, Mərkəzi Asiya, Azərbaycandan keçərək Aralıq və Qara dəniz sahili ilə Avropaya gedirmişlər. “Ipək Yolu” anlayışı bu istiqamətlərdə daşınan Çin ipəyinin adından götürülməsinə baxmayaraq, artıq X-XI əsrlərdə Azərbaycan ipəyi onu sıxışdırıb çıxarmağa başlamışdı. Ticarət əlaqələrinə yol açan körpü
Böyük Ipək yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən keçdiyindən, bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Şəkidə Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasma səbəb olmuşdur. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələrində tacirlərin rahatlığını təmin etmək məqsədilə karvansaralar salınmışdır.
Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dəniz çıxışı tapıldıqdan sonra isə Böyük Ipək yoluna demək olar ki, ehtiyac olmamışdır. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük Ipək yolu XVI əsrdə tamamilə süquta uğramışdır. Mövcud olduğu dövrdə Böyük Ipək yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdir. 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük Ipək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanındadır. Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olmuşdur. Ölkəmiz bu günə qədər öz nadir coğrafı mövqeyini itirməmiş, Böyük Ipək yolunun bərpası təşəbbüsçülərindən biri olmuşdur. Böyük Ipək yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASIS proqramı çərçivəsində TRASEKA layihəsi təşkil edir.
Tarixi Ipək Yolunun bərpası üzrə aparılan işlər Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə böyük yardım edə bilər. Ilk əvvəl, Azərbaycanın mövcud əlaqə vasitələrinin dünya standartlarına uyğun olaraq yenidən qurulması respublikada çoxlu mövcud istehsal sahələrinin müasir tələblərə uyğunlaşdırılması və genişləndirilməsi, habelə bu istiqamətdə yeni müəssisələrin yaradılması zərurətini meydana çıxarır. Bu sahədə fəaliyyətin böyük miqyasını təsəvvür etmək üçün təkcə faktları nəzərə çatdırmaq kifayətdir. Hesablamalara görə nəqliyyat sistemlərinin yenidən qurulması üçün respublikaya 900 milyon ABŞ dolları həcmində vəsait – o cümlədən, dəmir yolu nəqliyyatı üçün 243, dəniz nəqliyyatı üçün 78, avtomobil nəqliyyatı üçün 109 milyon tələb olunur. TRASEKA proqramına uyğun dəniz nəqliyyatı vasitəsi ilə yüklərin daşınmasının iqtisadi səmərəliliyini artırmaq məqsədi ilə Aralıq və Qara dənizlərinin hövzə limanları ilə yanaşı, Xəzər dənizinin istər Azərbaycan daxili, istərsə də ümumi hövzədə fəaliyyət göstərən limanlar da dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməlidir. Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələri sistemində yerini müəyyən edən 2-ci mühüm amil dəniz nəqliyyatının inkişafıdır. Belə ki, qədim Ipək Yolunun bərpası dəniz nəqliyyatını da Avropa və Asiya ölkələri arasında tranzit yük axımı olan mühüm nəqliyyat vasitəsinə çevirmişdir.
Ipək yolundan böyük inkişaf yoluna
Böyük Ipək Yolu proqramı çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı respublika daxilində müxtəlif nəqliyyat yollarının kəsişdiyi 7 formalaşmış nəqliyyat qovşağı (Bakı, Şirvan, Yevlax, Lənkəran, Gəncə, Naxçıvan, Culfa) fəaliyyət göstərir ki, bunlar da xarici iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynayır. Bu şəhərlərin nəqliyyat xətlərinin birləşdiyi yerdə yerləşməsi, burada hotellərin, kempinqlərin, xüsusi avtoparkı olan motellərin tikintisini tələb edir.
Müasir dövrdə enerji daşıyıcıları məhz elə materialdır ki, o, əvvəllər Ipək Yolu adlanmış yol boyunca satılacaq əsas mal kimi ipəyi əvəz edir. Bununla da, bütün dünya bu bölgəyə böyük diqqət yetirir, çünki onun təbii coğrafi-siyasi əhəmiyyəti var. Qədim Ipək Yolunun bərpası Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətində yeni bir mərhələ, respublikamızın dirçəlişi üçün güclü faktor rolunu oynaya bilər. Onu da qeyd etmək lazımdır ki, Böyük Ipək Yolunun bərpası özü ilə kompleks tədbirlərin həyata keçirilməsini də sürətləndirir. Azərbaycanın dünya ölkələri arasında əlverişli geosiyası vəziyyətdə olması dünya ölkələrinin iqtisadi marağına səbəb olub ki, bu da aşağıdakı amillərlə bağlıdır: – Hələ yüz illər öncə Böyük Ipək Yolunun Azərbaycandan keçməsi, ən ucuz nəqliyyat növü olan və iqtisadi əlaqələrdə mühüm rol oynayan dəniz nəqliyyatının respublika ərazisində kəsişməsi, kiçik ərazisi olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli nəqliyyatın bütün sahələrinin – dəmiryolu, avtomobil, neft kəməri və hava nəqliyyatının və s. inkişafı üçün əlverişli şəraitin olması. Bütün bu göstərilən amilləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Böyük Ipək Yolunun bərpası, yeni nəqliyyat dəhlizi təkcə iqtisadi yox, həm də mədəni əlaqələrin intensivləşməsinə şərait yaradacaq. O, Qafqazda münaqişə ocaqlarının söndürülməsində əvəzsiz rol oynayacaq, ölkəmizin mövcud kommunikasiyalarının müasir tələblərə uyğun qurulmasına kömək edəcək, Azərbaycanın sosial-iqtisadi problemlərinin həllində, o, cümlədən işsizliyin azaldılmasında irəliləyişlər əldə etməsinə səbəb olacaq, Azərbaycanın dünya miqyasında nüfuzunu, gücünü artıracaq.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir