Salyanın icra başçısı rayonda abadlaşdırma işlərini büdcə hesabına deyil, sahibkarların puluna aparır
Salyanda sahibkalardan məcburi qaydada pul yığılır. Rayondakı sahibkarların verdiyi məlumata görə, bu işi həyata keçirən Tahir və Eldar adlı şəxslərdir. Onlar pul yığılması işini birbaşa rayon icra hakimiyyəti başçısı Tahir Kərimovun göstərişi əsasında həyata keçirdiklərini deyirlər. Məlumatda bildirilir ki, dükan sahiblərindən tələb olunan məbləğ 500 manatdır. Əsasən də bu pullar kiçik dükan sahiblərindən toplanır. “Bizə deyirlər ki, əgər pul verməsək, hamımızı qovacaq. Bu pulları niyə yığdıqları bilinmir. Sahibkarlarla heç bir müqavilə bağlamadan, icazə almadan dükanların qarşısını sökürlər, bizim hüquqlarımızı pozurlar. Bu yetmir, üstəlik, bizdən pul da tələb edirlər”. Salyanlı sahibkarlar aidiyyəti orqanlardan tələb edirlər ki, bu haqsızlığa son qoyulsun: “Ilham Əliyev Salyana gələndə icra başçısı ona söz verdi ki, rayon dövlət büdcəsi hesabına abadlaşdırılacaq. Indi belə bir nəticəyə gəlmək olar ki, başçı verdiyi vədə xilaf çıxır və sahibkarları soymaqla məşğuldur”.
Ramin DEKO



