“Hər hansı dövlətlə münasibətləri bəhanə gətirib bundan imtina etmək bəraəti olmayan səhvdir”
Əli Kərimli: “Türkiyə heç bir ölkə ilə müqayisə olunmamalıdır”
Azərbaycan hakimiyyətinin Türkiyə ilə viza məsələsinə münasibəti iki ölkə arasındakı münasibətlərə adekvat sayılmır. Bu məsələni bir daha gündəmə gətirən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məlum açıqlaması oldu. Ə.Həsənov bu açıqlamasında Türkiyə ilə viza məsələsinin həllinin Irana görə yubanmasını dolayısı ilə etiraf etmişdi. Əslində, Azərbaycanın bu məsələdə mövqeyi necə olmalıdır?
AXCP sədri Əli Kərimlinin fikrincə, Türkiyə ilə viza məsələsinin bu qədər yubadılması Azərbaycanın maraqlarına cavab vermir və təəssüfləndirici haldır. Həm AXCP, həm Ictimai Palata olaraq Türkiyə ilə viza rejiminin qaldırılmamasına dəfələrlə etiraz etdiklərini deyən Ə.Kərimli vurğuladı ki, bir millətin iki dövləti arasında bu sadə məsələ hakimiyyətin məsuliyyəti nəticəsində hələ də həllini tapmayıb: “Bütün dünya hazırda çalışır ki, sərhədlər simvolik xarakter daşısın, insanların, sərmayələrin gediş-gəlişi üçün maksimum imkanlar yaradılsın. Hətta Avropa Birliyi və Rusiya kimi nəhənglər arasında vizasız gediş-gəlişə nail olmağa səy göstərirlər. Türkiyə bu məsələdə xeyli irəli gedib. Azərbaycanın qonşularından artıq ikisi – Gürcüstan, Rusiya ilə vizasız gediş-gəlişə nail olub. Amma Azərbaycanla bu məsələnin həll olunmaması təəssüf doğurur”.
Azərbaycan hakimiyyətinin bəhanələrinin tamamilə əsassız olduğunu vurğulayan Ə.Kərimli hesab edir ki, bu bəhanələr Türkiyə ilə vizasız rejimdən imtina üçün yetərli ola bilməz. Ə.Kərimlinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri heç bir ölkə ilə olan münasibətlərlə müqayisə olunmamalıdır: “Azərbaycanla Türkiyə arasındakı münasibətlər səviyyəsində münasibəti bizdən tələb etməyə hər hansı ölkənin haqqı çatmır. Çünki Türkiyə Azərbaycana münasibətdə heç bir dövlətin etmədiklərini edib. Yalnız Türkiyənin Azərbaycan torpaqlarının işğalını rəhbər tutaraq Ermənistanla sərhədləri bağlı saxlamasını əsas götürsək, görərik ki, Azərbaycanın təəssübünü dünyada heç kim bu şəkildə çəkməyib. Hər hansı dövlətlə münasibətləri bəhanə gətirərək, Türkiyə ilə gediş-gəlişdən imtina eləmək, birmənalı şəkildə heç bir bəraəti olmayan səhvdir. Bu, Azərbaycan hökumətinin şüurlu siyasətinin nəticəsidir”.
Hakimiyyətin Azərbaycanla Türkiyənin qaynayıb-qarışmasında maraqlı olmadığını deyən Ə.Kərimli vurğuladı ki, Azərbaycanın öz addımlarını başqa ölkələrlə münasibətlərlə şərtləndirməsi də, indiyə qədər aparılan siyasətin təkzibi olar. Azərbaycanın dövlət başçısı mütəmadi olaraq bəyan edir ki, Azərbaycan tam müstəqil dövlətdir, heç kimdən asılı deyil. Amma I.Əliyevin tabeliyində işləyən məmurlar etiraf edirlər ki, Azərbaycan müəyyən addımlarını üçüncü bir tərəfin təzyiqindən ehtiyatlanaraq ata bilmir: “Ona görə də hesab edirəm ki, bu mövqenin ifadə olunması səhvdir və Azərbaycan hakimiyyətini ifşa edir. Hakimiyyət bəhanələrdən əl çəkib, Türkiyə ilə viza rejimini tezliklə aradan qaldırmalıdır”.
Xəyal



