BBC İlham Əliyevin jurnalistlər üçün yaşayış binası tikdirməsini belə şərh etdi
BBC-nin xüsusi müxbiri Damiyen Makkuinz Azərbaycan hakimiyyətinin jurnalistlər üçün yaşayış binası tikintisini planlaşdırması barədə məqalə yazıb.
Müəllif məqaləsində bildirir ki, hökumətin bu addımı, əslində, müstəqil media üzərində dövlət nəzarətinin gücləndirilməsinə hesablanıb: “Azərbaycan hökuməti jurnalistlər üçün yaşayış binasının tikintisi haqda qərar çıxarıb. Müşahidəçilər və hüquq müdafiəçiləri hesab edir ki, hökumət bu addımla dövlətin media üzərində nəzarətini fərqli taktika ilə həyata keçirmək istəyir. Onların fikrincə, yaşayış binasının tikintisi, əslində, mətbuata rüşvət verilməsi anlamına gəlir. Nəzərə almaq lazımdır ki, jurnalist üçün mühüm olan söz azadlığıdır”.
Makkuinz qələmə aldığı məqalədə Ictimai Palatanın keçirdiyi etiraz aksiyaları və siyasi məhbuslar məsələsinə də toxunub: “Xatırladaq ki, bir neçə ay öncə ərəb inqilablarından ilhamlanan hökumət əleyhdarları küçələrə axışaraq Ilham Əliyevin istefasını tələb etdilər. Etiraz aksiyalarını hökumət qüvvələri zorakılıqla dağıtdı və mitinqlərin təşkilatçıları həbs olundu. Beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycan hakimiyyətini insan haqları və söz azadlığını kobud şəkildə məhdudlaşdırmasına görə sərt tənqid edir”.