Vidadi İsgəndərliyə qarşı istifadə olunan Ramiz Əsədov istintaqı ifşa etdi
«Allaha and olsun ki, mən bu kişini görməmişəm. Evdə ərizə də yazıb qoymuşam ki, mənə bir şey olsa, məni bu günə salanlar…»
Hüquq müdafiəçisi Vidadi Isgəndərlinin işi üzrə dünənki məhkəmə iclası da qalmaqallı keçdi. Hüquq müdafiəçisi siyasi hakimiyyətin, o cümlədən onun həbsini sifariş verənlərin ünvanına xeyli ittihamlar səsləndirdi.
Vidadi Isgəndərli birmənalı şəkildə bəyan edir ki, o, Azərbaycanın siyasi hakimiyyətinin göstərişi əsasında dəmir barmaqlıqlar arxasına salınıb: “Məni Ilham Əliyevin razılığı ilə həbs ediblər. Məhkəmənin gedişində açıqlayacağam ki, həbsimdən sonra kimləri üstümə hansı xahişlərlə göndəriblər. Mən Azərbaycanda saxta seçki keçirilməsini konkret faktlarla sübut etdiyim üçün bu gün həbsdəyəm. Məni Ictimai Palatadakı çıxışlarıma görə həbs ediblər. Demişəm ki, korrupsiya ilə mübarizəni Saakaşvili kimi apararlar. Mənsur Məmmədovlar, Zakir Qaralovlar bu xalqın malını yeyib, haqqını tapdamasınlar. Mən sosial ədalətsizliklərə açıq şəkildə etiraz etmişəm…”
Ardınca Vidadi Isgəndərov prosesin audio və videolentə alınması, həmçinin adı işdə zərərçəkən kimi keçən 11 nəfərin hamısının məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət qaldırdı. Bildirdi ki, o adamların əksəriyyəti heç onun fərqində deyil ki, onların oxumadan imzaladıqları ifadəyə görə ona 3 il həbs cəzası verəcəklər.
Zərərçəkmiş qismində tanınan Ramiz Əsədovun bu vəsatətə münasibəti belə oldu: “Mən kəmsavad adamam, nə deyim? Burada nə baş verir, vallah heç nə anlamıram”.
Prokuror Nəriman Ələkbərov vəsatətin təmin olunmamasını istədi. Elə məhkəmənin də qərarı prokurorun mövqeyinə uyğun oldu. Hakim dedi ki, prosesin audiolentə yazılmasına ehtiyac yoxdur. Zərərçəkmişlərin isə hamısı məhkəməyə gələcək.
V.Isgəndərli vəsatətinin təmin olunmamasına etiraz etdi.
Hüquq müdafiəçisinin vəkili Xalid Bağırovun işdəki ekspert rəyinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırdı:
– Araz Ələkbərovun guya, Vidadi Isgəndərlinin onu döyməsi nəticəsində xəsarət alması barədə işdə tibbi ekspertin rəyi var. Qanuna görə hər bir şəxs yaşadığı və ya onunla bağlı hadisənin baş verdiyi ərazi üzrə ekspertizaya müracət etməlidir. Araz Ələkbərov Göyçay sakinidir və baş verdiyi iddia olunan hadisənin bu rayonda Göyçayda baş verdiyi deyilir. Bu halda Araz Ələkbərovun niyə Ağdaşda ekspertizaya müraciət edib? Qanunsuz olduğunu görə o ekspert rəyi işdən xaric edilməlidir.
Prokuror bu vəsatətin də əleyhinə çıxdı. Zərərçəkmişlərdən Ramiz Əsədovun vəsatətə münasibəti isə belə oldu:
– Vallah, doktor mənə bu dərmandan gündə yarım həb atmağı tapşırıb, mən dünənki məhkəmədən sonra 7-sini atmışam. Dəliyəm, vallah, başım işləmir.
Vidadi Isgəndərli:
– Bu adam xəstədir. Özü deyir. Digəri də xəstədir. Onlar özlərinə xəsarət yetirsələr və ya başlarına bir iş gəlsə, bunun məsuliyyəti Zakir Qaralovun və siz məhkəmənin üzərində olacaq.
Məhkəmə bu vəsatəti də təmin etmədi.
Daha sonra məhkəmə iclasına psixiatr Səməd Səmədov dəvət olundu. O, ruhi xəstə olan Ramiz Əsədova müəyyən suallar verdi. Əsədovun cavabı isə belə oldu:
– Mən xəstəyəm, xahiş edirəm, Allah görür, məni bu işə salıblar.
Hakim:
– Seçki günü nə görmüsüz onu deyin.
– Mən bu kişini görməmişəm. Orda nə olub bilmirəm.
Vəkilin sualına cavabında da Ramiz Əsədov dedi ki, Vidadi Isgəndərlini görməyib:
– Allaha and olsun ki, görməmişəm. Evdə ərizə də yazıb qoymuşam ki, mənə bir şey olsa, məni bu günə salanlar…
Əsədovun ibtidai istintaqa ifadəsi elan olunanda o bildirdi ki, orada yazılan fikirlər ona məxsus deyil.
Həkim-psixiatrın rəyi belə oldu ki, zərərçəkmiş psixopatiyanın ağır formasından əziyyət çəkir. Ona görə də öz yanında ağır xəstəliyi barədə sorğu-sual olunması yolverilməzdir. Bundan sonra hakim zərərçəkənin zaldan çıxarılmasına qərar verdi.
Psixiatr vəkilin suallarına cavab verərkən aydın oldu ki, zərərçəkmiş qismində tanınan Azad Ələkbərov kimi insanların seçki komissiyasının fəaliyyətində iştirakı yolverilməzdir. Psixiatr həmçinin xəstə zərərçəkənin dindirilməsi zamanı ona bəzi sualların verilməməsinin məsləhətli olduğunu desə də, fikrini konkretləşdirmədi.
Məhkəmə prosesi bu gün davam etdiriləcək.
Ramin DEKO