Kür daşqınları ilə bağlı maxinasiyalar müzakirə olundu
Ictimai Palatanın dünənki iclası Kür daşqınlarından əziyyət çəkənlərin və dövlət büdcəsindən onlara ayrılan vəsaitin aqibətinə həsr olundu. IP üzvü Vidadi Mirkamalın rəhbərliyi ilə keçən tədbirdə daşqının baş verdiyi bir il ərzində görülən işlərin hesabatı təqdim olundu.
“Məqsəd, əhalini çıxarmaq və torpaqları mənimsəmək idi”
Məruzəçi qismində çıxış edən “Turan” Informasiya Agentliyinin direktoru, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev bu müddət ərzində fəlakətin baş verdiyi ərazidə çoxsaylı monitorinqlər keçirdiklərini bildirdi: “Kürün daşması nəticəsində təxminən 100 min hektar ərazi, 20 min ev suyun altında qalıb. Bu, o deməkdir ki, təxminən 80 min nəfər sel fəlakətinin qurbanı olub. Ilham Əliyev bildirmişdi ki, yeni qəsəbələr salınacaq, ən müasir evlər tikiləcək. Və bildirmişdi ki, son yüz ildə ilk dəfə bu miqyasda daşqın olub. Sonradan mən araşdıranda gördüm ki, bu, ilk belə daşqın olmayıb. Buna qədər 25, bəlkə də daha çox belə daşqın olub. Deməli, məqsəd o idi ki, əhalini həmin ərazidən köçürsünlər və torpaqları ələ keçirsinlər. Paralel olaraq böyük pulların silinməsi də var idi. Amma məlum məsələdir ki, insanlar o qəsəbələrdə yaşaya bilməyəcək və yenidən bu əraziyə qayıdıb kimlər üçünsə işləyəcək, əkib-becərəcəklər. Nəzərə almalıyıq ki, Kürün ətrafındakı torpaqlar çox münbitdir və ölkənin kənd təsərrüfatı mallarının 30 faizi onların payına düşür”.
M.Əliyev bildirdi ki, vətəndaş cəmiyyəti məsələni nəzarətə götürməklə hökuməti bir çox işləri görməyə məcbur etdi: “Ilkin mərhələdə müşahidə aparanda gördük ki, hökumətin laqeydliyi və mənimsəmə hallarının miqyası fantastik həddədir. Qərar verilmişdi ki, hər bir vətəndaşa bir ay üçün 20 manatlıq yardım verilsin. Bunlar adambaşına 4-5 manatlıq ərzaq verirdilər, onun da bir hissəsi köhnəlmiş peçenye və konservlər idi. Insanlar ac-susuz, paltarsız idi. Eləsi var idi ki, bir köynəklə çıxmışdı evindən. Daşqın zonasına 300 milyon vəsait ayrıldı. Bura birdəfəlik kompensasiyalar – adambaşına 200 manat, evlərin bərpası, tikilməsi, təmiri daxil idi. Ümumi məbləğ 1600 manatdan yuxarı olmamalı idi. Hətta evdə on nəfər ailə üzvü olmuş olsa belə. Nədənsə belə hesablayırdılar. Təsərrüfatlara ayrılan vəsaitin məbləği bu günə qədər bilinmir. Daşqın baş verib may ayında, bunlar yardımı verməyə başladılar avqust ayında. O da qeyri-şəffaf şəkildə idi. Kimə nə qədər verildiyi bilinmirdi. Qeydiyyatı rəqəmlə aparırdılar. Halbuki biz dəfələrlə tələb edirdik ki, vəsaiti sözlə yazın. Bir nüsxəsini də vətəndaşa verin. Çünki sonradan verdikləri vəsaitin qarşısına asanlıqla rəqəm artırırdılar. Aşkar elədik ki, böyük bir oğurluq gedir. Fövqəladə Hallar Nazirliyi, yerli icra orqanları və Rabitə Nazirliyi əlbir olmuşdu. Rabitə Nazirliyi iradları qəbul elədi, amma vədinə axıra qədər əməl etmədi. Bizim səylərimizdən sonra vətəndaşlar özləri hərəkətə gəlməyə başladılar”.
“Mübarizə olanda nəticəsi də olur”
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev hesab edir ki, hökumət tədbirli olsaydı, bu daşqınlar baş verməyəcəkdi: “Səbəblərdən biri su təsərrüfatının düzgün idarə olunmaması idi. Son 7 ildə bu sahəyə 1 milyarda yaxın vəsait ayrılıb. Həm büdcədən pul gəlib, həm xarici kreditlərdən. Amma məlum olur ki, heç bir ciddi iş aparılmayıb, delta təmizlənməyib, bəndlər etibarsız qurulub. Hadisədən 15 ay keçsə də, elə adamlar var ki, hələ ilkin kompensasiyanı almayıblar. Evlərin tikilməsində də ədalətsizlik hökm sürür. Ziyan çəkənlərin çoxu kənarda qalıb. Biz olmasaydıq, camaata qarşı daha azğın olardılar.
Bizim israrımızdan sonra Fövqəladə Hallar Nazirliyi saytında daşqınla bağlı bölmə yaradıb. Mən əminəm ki, mübarizə olanda mütləq nəticəsi olur”.
AXCP sədrinin müavini Razi Nurullayev təklif etdi ki, bu prosesdə korrupsiya və mənimsəməyə yol verən məmurların adları açıq şəkildə mətbuatda yazılmalı və kampaniya ictimailəşdirilməlidir: “Videoya çəkilibsə, internetə yerləşdirilsin və yayılsın. Sonra bütün şəkillər, bütün materiallar toplanaraq sərgiyə çıxarılsın və hər kəsə nümayiş etdirilsin”.
Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, 300 milyondan sonra ayrılan əlavə vəsaitin də hara, necə xərclənməsi barədə dəqiq məlumat yoxdur: “Deməli, bu vəsaitlər də korrupsiyanın qurbanı olub”.
Ictimai Palatanın üzvü Pənah Hüseyn bildirdi ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyəti nümunəvidir və Ictimai Palata da öz faəliyyətində bu təcrübəni nəzərə almalıdır.
Ekologiya üzrə ekspert Telman Zeynalov isə uğur qazanmaq üçün bu sahədə fəaliyyət göstərən müstəqil mütəxəssislərin prosesə cəlb edilməsinin vacib olduğunu bildirdi.
“Korrupsiya və mənimsəmə faktlarının olması şübhəsizdir”
Iqtisadçı Qubad Ibadoğlu Kür daşqınlarından əziyyət çəkən əhaliyə ayrılan 300 milyon manatla bağlı bəzi maraqlı məqamlara aydınlıq gətirdi: “Bizim büdcə qanunvericiliyinə görə adətən belə vəsaitlər bir büdcə ilində xərclənir. Büdcənin icrası ilə bağlı hesabatdan da görürük ki, ilin yekununda növbəti ilə elə bir qalıq keçmir. Adətən ayrılmış vəsaitlər bir il ərzində xərclənir. Mənim şübhəm yoxdur ki, 202 milyon vəsait xərclənib qurtarıb. Belə olmasaydı, sonradan əlavə vəsait ayırmazdılar. Çox sadə hesablamlar göstərir ki, sosial obyektlər, hətta tikilməkdə olan, tikilib başa çatmış evlər də daxil olmaqla, orta hesabla bir evin tikintisinə 72 min vəsait xərclənib. Ekspertlər tikilən evləri maksimum 20 min manat həcmində qiymətləndirirlər. Və hesab edirlər ki, bu vəsait şişirdilib. Bu, yüz min dollara yaxın vəsait deməkdir. Ona görə də bu vəsaitin xərclənməsində korrupsiya və mənimsəmə faktlarının olması şübhəsizdir”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir Kür daşqınını süni fəlakət, hakimiyyətin bağışlanmaz cinayəti adlandırdı: “Nə qədər ki, Azərbaycana böyük pullar yağacaq, ölkə bir o qədər də fəlakət içində olacaq. Cəmiyyət öz fəlakətinə diqqət ayırmasa, bu proses davam edəcək”.
“Köməksiz insanlara ayrılan vəsaiti yeyəcək qədər mənəviyyatsızdırlar”
AXCP sədri Əli Kərimli məlum daşqını korrupsiyanın gətirdiyi fəlakət kimi qiymətləndirdi: “Mingəçevir su anbarında suyun səviyyəsi sabit saxlanılmayıb, 2003-cü il hadisələrindən sonra su təsərrüfatına ayrılmış 1 milyarda yaxın vəsait mənimsənilib. Kürün deltası təmizlənməyib, bəndləri möhkəmləndirilməyib. Bu gün burada səsləndirilən faktlar həm də Azərbaycandakı mənəvi böhranı ortaya qoydu. Ölkədə bütün sahələrdə korrupsiya var. Amma evini-eşiyini, təsərrüfatını itirmiş, əynində dəyişəyi olmayan insana ayrılan vəsaiti yeyəcək qədər mənəviyyatsız imiş bu adamlar. Neftin pulunu mənimsəyirlər, yol, təmir-tikinti işlərindən milyardlar yeyilir. Amma ölüm-dirim mübarizəsi aparan, hər şeydən məhrum insana ayrılan pulu mənimsəmək yüksək səviyyədə mənəviyyatsızlıqdan xəbər verir. Azərbaycanda ən çox korrupsiyaya bulaşmış orqanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu nazirlikdə sosial müavinətlərin yarısından çox mənimsənilir. Kimin pulunun mənimsənilməsindən söhbət gedir. Ən aşağı təminatlı insanlara, ailə başçısını itirənlərə, illərlə işsiz qalanlara, çörək uğrunda mübarizə aparanlara dövlətin ayırdığı o cüzi vəsaitin yarısını da mənimsəyirlər.
Indi də daşqından əziyyət çəkənlərin haqqını oğurlayırlar. Ona görə də mən məsələnin mənəvi tərəfinin üzərində dayanıram. Bu, Azərbaycanda insanlığın böhranıdır.
Əslində, bu müsibət cəmiyyətin bütün təbəqələrinin başına gətirilir. Evləri sökülən insanların taleyi yaxşıdırmı? Onlara kiçik həddə kompensasiyalar verib evlərini dağıdırlar. Həbsxanada cəza çəkənlərin, övladı orduda xidmət edənlərin, təhsil müəssisələrinin şikəst etdiyi şagirdlərin, tələbələrin vəziyyəti yaxşıdırmı? Təhsil, səhiyyə sisteminin necə iflasa uğradığını düşünün. Deməli, bütün təbəqələr bu faciəni yaşayırlar”.
“Kasıblığı gizlətmək üçün milyardlar xərclənir”
Ə.Kərimlinin sözlərinə görə, insanların bu cür ağır şəraitdə yaşadığı bir vaxtda ölkədəki eybəcərlikləri, kasıblığı gizlətmək üçün milyardlar xərclənir: “Mən evdən çıxıb bura gələnə qədər nə qədər köhnə binanın üstünün örtülməsinə milyonların xərclənməsi layihəsini gördüm. Axı o binaların çoxunun istifadə müddəti başa çatıb. Bu xəyanətdi, cinayətdi. Üzərini bəzəyib müddətini bir on il də artırmaq istəyirlər. Ölkə başdan-başa yalanla yaşayır. Yalan, gözdən pərdə asmaq, həqiqətləri gizlətmək hakimiyyətin ideologiyasına, ümummilli ideyaya çevrilib. Ictimai Palata olaraq bizim işimiz bütün bu problemləri cəmiyyətə göstərməkdən ibarət olmalıdır”.
Daha sonra AXCP sədri problemlərin həllində vətəndaş cəmiyyətinin rolundan danışdı: “Kür” Vətəndaş Cəmiyyətinin təcrübəsi göstərdi ki, vətəndaş cəmiyyəti güclü olsa, biz çox işlər görə bilərik. Cəmi bir neçə vicdanlı adam bu işə əlini qoydu, görün, nə qədər nəticələr əldə olundu. Ölkədə vətəndaş cəmiyyəti, mətbuat güclü olsa, araşdırıcı mətbuat formalaşsa, görün, bu əməllərin qarşısını nə qədər almaq olar. Burada verəcəyimiz bir mesaj da o olmalıdır ki, biz nə qədər bir vətəndaş olaraq höküməti özümüzlə hesablaşmağa məcbur edə bilməsək, bu gün davam edəcək”.
“Bu adamlar hər şeyə pul gözüylə baxırlar”
Müsavat başqanı Isa Qəmbər bildirdi ki, aparılan müzakirələr bir daha ölkədə korrupsioner bir rejimin hökmranlıq etdiyini göstərdi: “Ölkəyə acgöz bir hakimiyyət rəhbərlik edir. Ölkənin bütün bu problemləri ilk növbədə bu rejimdən qaynaqlanır. Bu adamlar hər şeyə pul gözüylə baxırlar, hər şeyi sərvət toplamaq üçün imkan bilirlər. Qələbədən də, falakətdən də pul qazanmaq istəyirlər. Azərbaycan ”Eurovision”da qalib gəldi, bunlar milyonlar mənimsəmək üçün layihələr keçirirlər. Fəlakət baş verir, insanlara kömək etmək əvəzinə hesablayırlar ki, nə qədər yeyə bilərik. Ən dəhşətlisi insanların gələcəyə, Azərbaycan dövlətinə inamının sarsılmasıdır”.
I.Qəmbər də hesab edir ki, “Kür” vətəndaş cəmiyyəti qərargahının faəliyyəti xüsusi qeyd olunmalıdır: “Işi nəzarətdə saxlamaq, həqiqətləri dilə gətirmək həm fədakarlıq, həm cəsarət, həm də peşəkarlıq tələb edir. Ona görə Mehman bəyə, Oqtay bəyə və digər dostlarımıza təşəkkür edirəm. Mən bilmirdim ki, qərargaha dəvət edilən QHT-lərin çoxu sonradan oradan uzaqlaşıblar. Bəziləri də bəhanə gətiriblər ki, bura müxalifət düşərgəsidir, burada ola bilmərik. Elə ağır vəziyyət yaranıb ki, həqiqəti deyən adamlara müxalifət deyirlər. Bir daha dərk edək ki, QHT-lərlə siyasi partiyalar arasında sərhəd ola bilməz. Sərhəd həqiqəti cəsarətlə deyənlərlə, yalan danışanlar, hakimiyyətə yaltaqlananlar arasındadır”.
“Bu oğurluğun başında birbaşa Ilham Əliyev dayanır”
“Azadlıq” qəzetinin yazarı Xaliq Bahadır da bu fikirdədir ki, Kür daşqınının səbəbkarı təbiət yox, hakimiyyətdir: “Hadisədən sonra mən Sabirabada getdim və gördüm ki, daşqını özləri yaradıblar. Gəlib ”Azadlıq” qəzetində “Korrupsiya fəlakəti” adlı bir səhifəlik yazı yazdım. O yazı necə hədəfə vurmuşdusa, hakimiyyət telekanalları məni təhqir edən süjetlər göstərdilər. Guya mən hakimiyyətə böhtan atıram, yalan danışıram. Əslində, mən orada olanları təhlil etmiş və proqnoz vermişdim. Yazmışdım ki, Ilham Əliyev ora 300 milyon pul ayırıb, böyük hissəsini özü, qalanını məmurlar mənimsəyəcək. Bunlar oğrudular, özü də bu oğurluğun başında birbaşa Ilham Əliyev dayanır. Ilham Əliyev özü maraqlıdır ki, hər şey örtülü, qapalı olsun, daha çox yesin”.


