aliyev-endru

Əliyevlə dostluq şahzadə Endryuya baha başa gəldi

Şahzadə Britaniyanın ticarət işləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verir

 

Şahzadə Endryu axır ki, böyük təzyiqlərdən sonra məcburiyyət qarşısında qalıb Britaniya Krallığının ticarət məsələləri üzrə xüsusi nümayəndəliyindən istefa verməyə hazırlaşır. Şahzadə bu vəzifə vasitəsilə ölkəsindən olan şirkətlərin xaricdəki biznes maraqları üçün lobbiçilik edirdi. Krallığın bu ali vəzifəsilə vidalaşmasını daha çox, azyaşlılara qarşı seksual xarakterli cinayətlərə görə məhkum edilmiş amerikalı milyarder Ceffri Epşteynlə onun arasında olan dostluqla əlaqələndirirlər. Uzun müddətdir ki, tutduğu vəzifədən istefa verəcəyi bildirilsə də, şahzadə bu barədə son qərarını verməkdə tərəddüd edirdi. O zamanadək ki, Epşteynlə bir evdə qalması və amerikalı milyarderə məxsus şəxsi təyyarədə uçması faktı ortaya çıxdı. Əslində isə şahzadəni tutduğu vəzifədən istefa verməyə məcbur edən başlıca səbəb kimi, onun Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tunis və Liviya kimi ölkələrin korrupsiyalaşmış başçıları ilə sıx dostluq münasibətləri az rol oynamayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Britaniyanın dörd ən böyük media nəhəngi “The Financial Times”, “The Times”, “The Daily Mail”, “The Telegraph” Şahzadə Endryunun Azərbaycan prezidenti Ilham Əliyevlə dostluq əlaqələrini tənqid etmişdi. Britaniya mətbuatında Azərbaycan hakimiyyətinin kəskin tənqidinə yer verilir, insan haqlarının pozulması, korrupsiya, seçkilərin saxtalaşdırılması və son günlər başlayan gənc fəalların həbsi prosesi barədə danışılırdı. Hətta baş verən qalmaqallarla bağlı Bukkingem sarayına çağırılan Endryuya, II Yelizaveta açıq şəkildə bildirmişdi ki, milyarder despot Ilham Əliyev və digər bu kimi rəhbərlərlə sıcaq əlaqələri Britaniya cəmiyyətində pis qarşılanacaq və bu tip xəbərlərin yayılması şahzadə Vilyamın toy mərasimi ərəfəsində kral ailəsində dərin üzüntü yaradacaq.
O vaxt ABŞ dövlət departamentinə sızan məlumatlarda da aşkar olunmuşdu ki, Şahzadə Endryunun bütün səfərləri Britaniya jurnalistlərinin və hüquq-mühafizə orqanlarının son dərəcə ciddi tənqidlərilə üzləşib. Deyilənə görə, martda, Epşteyn qalmaqalı özünün pik həddinə çatanda, o, dostu olan qazaxstanlı biznesmenə deyib ki, özünün ticarət nümayəndəliyi rolundan “çox, çox narahatdır”. Ancaq sonrakı açıqlamalarında sözügedən biznesmen dostu ilə bu barədə söhbət etdiyini danıb.  
“The Daily Mail” xəbər verir ki, hətta keçmiş səfirlərdən biri xarici işlər naziri Uilyam Heyq və ticarət katibi Vins Keyblə yazdığı məktubda, Kral Ailəsi və Böyük Britaniyanın nüfuzu üçün “çox ciddi zərər” fonunda, şahzadə Endryunun ticarət nümayəndəsi vəzifəsindən “mümkün qədər tez” uzaqlaşdırılmasına çağırış edib. Qeyd olunur ki, Şahzadə parlamentdən qazandığı illik 249ÿ 000 funt-sterlinqdən başqa Kraliçanın şəxsi vəsaitlərindən də yararlanır və elə buna görə də o, “Air Miles Andy” ayamasını qazanıb. Son dərəcə dəbdəbəli həyat tərzi keçirən Endryunun avtomobillə getmək imkanı olan yerlərə helikopterlə səfər etməsi Britaniya mətbuatı tərəfindən ən çox tənqid olunan məsələlərdəndir.
“The Daily Mail” yazır ki, KIV-də haqqında kifayət qədər ziddiyyətli materialların yer alması və əsas müzakirə obyektinə çevrilməsi şahzadəni tutduğu ali postdan getməyə vadar edib və o, bu barədə artıq Kraliça və hökumətlə söhbət edib.
Qəzetin bildirdiyinə görə, Bukkingem sarayı Şahzadənin hərəkətlərinə şərh vermək istəməsə də, o özü yaxın günlərdə gələcəyi ilə bağlı açıqlamalar verəcək. Xəbərlərdə, həmçinin bundan sonra onun rolunun Hökumət işlərində gənc kadrların təcrübə dövrünü artırmağa yardımçı olmaqdan ibarət olacağı söylənilir.

 

Hazırladı:Rəşad Alp