“Xalq Cəbhəsi avtoritar rejimlə mübarizənin önündədir”

Əli Kərimli: «2013-cü ilə qədər Azərbaycanda hansı siyasi proseslərin cərəyan edəcəyini heç kim deyə bilməz»

«İctimai Palata son illərdə ərsəyə gəlmiş ən uğurlu müxalifət birliyi modelidir»

“Mediaforum” saytının suallarını Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli cavablandırır:

– Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 22 ili tamam oldu. AXCP həmin təşkilatın varisi olaraq özünün hansı dövrünü yaşayır?
– Əvvəla, AXCP həm yaşına, həm də vəziyyətinə görə gənclik dövrünü yaşayır. AXCP 22 yaşlı gəncdir. Partiya kifayət qədər ciddi təşkilatlanıb. Bütün bu illər ərzində çox böyük təzyiqlər görmüşük. AXCP sıralarından ən çox siyasi məhbus vermiş təşkilatdır. Indiyə qədər sıralarımızdan qurama cinayət işlərinə görə yüzlərlə insan ittiham olunub, minlərlə insan inzibati həbs cəzası çəkib, işini itirib. Amma bunlara rəğmən, Azərbaycan Xalq Cəbhəsi Partiyası ən kütləvi təşkilat olaraq qalır. Azərbaycanın elə bir yaşayış məntəqəsi, rayonu, kəndi, məhəlləsi yoxdur ki, orada cəbhəçilər olmasın.
Xalq Cəbhəsi bu gün də Azərbaycanda azadlıqlar uğrunda mübarizənin önündə gedir. Ona görə də bu gün AXCP 22 illiyini qeyd edən zaman keçmiş xidmətlərinə görə öyünür – Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında, torpaqlarının müdafiəsində bu təşkilatın rolunu heç kim dana bilməz. Son 18 ildə Azərbaycanda azadlıqların müdafiəsi istiqamətində bu təşkilatın böyük fədakarlıqlarını da heç kim dana bilməz.
Hazırda Xalq Cəbhəsi yenə də avtoritar rejimlə mübarizənin ön cəbhəsindədir. Avtoritar rejimin mahiyyətini geniş xalq kütlələrinə çatdırmaq üçün çalışır, gəncləri öz sıralarına cəlb edib yeni ideyalar təklif edir, ölkəni köklü dəyişikliyə hazırlayır. Ictimai Palatada olan dostları, müttəfiqləri ilə bərabər Azərbaycanda köklü dəyişikliklər üçün çalışmalarını davam etdirir.

– Yaxın gələcək üçün AXCP-nin əsas hədəfi nədən ibarətdir? Partiya 2013-cü ilin prezident seçkisində öz namizədi ilə iştirak edəcəkmi?
– Uzun illər idi ki, Azərbaycanda siyasi mübarizənin seçkidən seçkiyə köklənməməsi üçün çalışırdıq. Amma bunu Azərbaycan cəmiyyətinə qəbul etdirmək heç də asan başa gəlmirdi. Çünki insanları çaşdırmışdılar, hətta bir qism insan Azərbaycandakı imitasiya xarakterli demokratiyaya inanmışdı və özlərini elə aparırdılar ki, guya Azərbaycan da demokratik ölkədir, məsələlər seçki yolu ilə öz həllini tapır.
Nəhayət, 2010-cu ilin parlament seçkisi kütləvi şəkildə saxtalaşdırıldıqdan sonra cəmiyyətdə, ən azı müxalifət düşərgəsində bir konsensus yarandı ki, ölkədə köklü dəyişikliklərə nail olmaq üçün yeni seçkini gözləmək lazım deyil. Bu məqsədlə seçkidən dərhal sonra Ictimai Palata formalaşdırıldı. Biz açıq formada bəyan etdik ki, əsas məqsədimiz növbədənkənar parlament seçkisinin keçirilməsinə, hakimiyyətin bütün qollarının yenidən, azad seçkilərlə formalaşmasına nail olmaqdır. Biz ölkədə köklü dəyişikliklərə nail olmaq üçün mübarizə aparırıq. Ölkədəki mövcud rejimi dəyişib demokratiyanı bərqərar etmək əsas məqsədimizdir.
Hazırda Xalq Cəbhəsi və Ictimai Palatada təmsil olunan hər kəsin əsas məqsədi ölkədə köklü rejim dəyişikliyinə nail olmaqdır. Bunun üçün seçkilər mühüm vasitə və fürsətdir. Amma biz hesab etmirik ki, yalnız seçkidən seçkiyə bu istiqamətdə işləmək lazımdır. Azərbaycan cəmiyyəti hər bir fürsətdən istifadə edərək bu dəyişiklikləri reallaşdırmalıdır və Xalq Cəbhəsi Partiyasının da əsas vəzifəsi cəmiyyəti bu köklü dəyişikliklərin labüdlüyünə hazırlamaqdan ibarətdir.
Hələ seçkiyə iki ildən artıq vaxt qalıb və bu iki il ərzində Azərbaycanda, Azərbaycanın daxil olduğu coğrafiyada hansı siyasi proseslərin cərəyan edəcəyini heç kim deyə bilməz. Ona görə də indidən 2013-cü il seçkisi kimi uzaq hədəflər barədə danışmağı doğru hesab etmirəm.

– AXCP-nin mərkəzi qərargahı yoxdur. Partiyanın idarəçiliyini necə həyata keçirirsiz? Mərkəzi qərargah probleminin yaxın zamanlarda həll edilməsi gözlənilirmi?
– Təəssüf ki, yaxın vaxtlarda problemi həll etməyə ümidimiz yoxdur. Biz çox çətin bir vəziyyətdə – beş ildən artıqdır ki, qərargahsız vəziyyətdə fəaliyyət göstəririk. Əslində, təşkilatın bütün strukturları işləyir. Partiyanın Ali Məclisi, Rəyasət Heyəti, Sədr Aparatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası, rayon təşkilatları, Gənclər Komitəsi, Qadınlar Şurası öz işini görür. Nizamnaməyə uyğun olaraq bütün strukturlar fəaliyyətdədir.
Sözsüz ki, qərargahımız olsaydı, fəaliyyətimizi daha faydalı, səmərəli qura bilərdik. Amma biz qərargahın olmadığı şəraitdə də işimizi qura bilmişik. Ən müxtəlif kütləvi tədbirlərdə Xalq Cəbhəsinin bu gün də ən kütləvi təşkilat olduğunu görmək mümkündür. Həm razılaşdırılmış, həm də razılaşdırılmamış aksiyalarda Xalq Cəbhəsi öz kütləviliyini, mütəşəkkilliyini, yetkinliyini ortaya qoya bilir. Biz bu çətin şəraitdə işləməyə uyğunlaşmışıq, adaptasiya olunmuşuq. Işimizi qurmağa ilk növbədə yeni informasiya texnologiyaları və fədakar üzvlərimiz kömək edir. Qərargahımız yoxdur, amma hesab edin ki, bizim nə qədər fədakar üzvümüz varsa, o qədər də qərargahımız var. Evlərimiz bizim qərargahımızdır.

– Sizin vətəndaşlıq pasportu almağınızla bağlı şikayət Avropa Insan Hüquqları Məhkəməsinə qədər çıxıb. Bu işə yaxın zamanlarda baxılma ehtimalı varmı?
– Təəssüf ki, Avropa Insan Hüquqları Məhkəməsinin mexanizmi olduqca ləngdir. 2003-cü il seçkisi ilə bağlı bəzi şikayətlər var ki, hələ də baxılmayıb. 2005-ci ilin parlament seçkisi ilə bağlı şikayətlərin də əksəriyyəti baxılmamış qalır. Mənim pasport problemim isə 2006-cı ildən yaranıb. Azərbaycan hökuməti məni daxildə çox incitdi. Yəni, 8 dəfə məhkəmə prosesi keçirildi, bir neçə dəfə iş baxılmadan geri qaytarıldı və 2 ildən artıq ölkədaxili proseduraları keçməyə vaxt sərf etdim. 2009-cu ilin yanvarında mənim şikayətim Avropa Məhkəməsində icraata qəbul olunub. Üç ildən bir qədər az vaxtdır. Bu, Avropa Məhkəməsi üçün çox vaxt hesab olunmur, amma mən hesab edirəm ki, bu işə növbədənkənar baxılmalıdır. Çox təəssüf ki, Avropa Məhkəməsində işlərə növbədənkənar baxılması presedentləri çox azdır. Baxmayaraq ki, Azərbaycanda kifayət qədər haqsız yerə azadlıqdan məhrumetmələr var. Bildiyim qədər Avropa Məhkəməsi Azərbaycanla bağlı yalnız Eynulla Fətullayevin işinə növbədənkənar baxma hüququndan istifadə edib. Əlbəttə, hesab edirəm ki, mənim pasport məsələmə də növbədənkənar baxılmalıdır. Bunun üçün kifayət qədər əsas var. Çünki bir müxalifət liderinin beş ildən artıq müddətdə pasportdan məhrum edilməsi tək bir nəfərin yox, faktiki olaraq həmin partiyada təmsil olunan on minlərlə insanın hüquqlarının məhdudlaşdırılması deməkdir.

– Ictimai Palatanın indiki fəaliyyətini necə qiymətləndirirsiniz, yaxın zamanlarda kütləvi tədbirlərlə bağlı qərar verilə bilərmi?
– Hesab edirəm ki, Ictimai Palata son illərdə ərsəyə gəlmiş ən uğurlu müxalifət birliyi modelidir. Çünki burada yalnız siyasi partiyalar yox, bütün vətəndaş cəmiyyəti spektrinin təmsil olunma mexanizmi tapılıb və təsis olunandan xeyli işlər görülüb. Ola bilsin, cəmiyyətdə Ictimai Palatadan gözləntilər daha çox olduğuna görə indiyə qədər gördüyümüz işlər cəmiyyətin bütün təbəqələrini razı salmayıb. Amma bu gün Ictimai Palatanı hədəf seçənlərin böyük əksəriyyəti bu mövqeyində səmimi deyil. Ictimai Palatanın gördüyü işlərlə müqayisə oluna biləcək heç bir iş görməyən müxalifətçinin Ictimai Palatanı tənqid hədəfi seçməsinin nə qədər məntiqli olduğunu oxucuların öhdəsinə buraxıram. Görünür ki, Azərbaycan hökuməti onun üçün hazırda hədəf olan Ictimai Palatanı sıradan çıxarmalıdır və bir çox qüvvələr bilərəkdən, bəziləri isə bilməyərəkdən Azərbaycan hökumətinə yardım edirlər.
Əslində, Ictimai Palatada heç bir böhrandan, tənəzzüldən söhbət getmir, Ictimai Palata təşkilatlanır. Mətbuatı izləyən hər kəs görür ki, hər həftə Ictimai Palatanın müxtəlif tədbirləri keçirilir. Ictimai Palata yeganə ictimai-siyasi qurum oldu ki, son günlərdə hakim ailənin korrupsiya əməllərini ictimai müzakirəyə çıxardı, öz mövqeyini bildirdi. Çox təəssüf ki, başqalarından bu mövqeyi görmədik. Biz demək olar ki, hər həftə hər bir təbəqədə olan problemləri, hər bir təbəqənin mövqeyini ictimai müzakirəyə çıxarırıq. Əslində, kütləvi aksiyalarımız da dayanmayıb, müəyyən qədər fasilə verilib, amma davam edəcək. Biz əvvəlcədən müəyyən etdiyimiz proqrama uyğun olaraq ardıcıl şəkildə cəmiyyəti böyük dəyişikliklərə hazırlamaq istiqamətində işləyirik. Müxalifətdə olduğunu düşünən başqa insanlara da təklif edirəm ki, Ictimai Palataya qarşı aparılan kampaniyalarda iştirak etməkdənsə özləri fəal mövqe seçsinlər. Ya da Ictimai Palatadan gözlədikləri və görə bilmədikləri fəaliyyəti öz fəaliyyətlərində ortaya qoysunlar.

– Altı müxalifət partiyası Vətəndaş Hərəkatı Forumu adı altında bir araya gəlib müzakirələr apardı. AXCP həmin müzakirələrdə niyə iştirak etmədi? Ictimai Palata Vətəndaş Hərəkatı Forumunda təmsil oluna bilərmi?
– Bir var konkret olaraq hansısa tədbirdə iştirak edib müəyyən təkliflər vermək, bir də var ayrıca təşkilat yaratmaq. Həmin gün Ictimai Palatanın özünün çox mühüm tədbiri var idi. Hakim ailənin korrupsiya əməllərinin ictimai müzakirəsi keçirilirdi. Ona görə istəsəydim də o tədbirdə iştirak edə bilməzdim. Həmin toplantıya dəvət olunan partiyaların hər biri ilə ayrılıqda çox normal münasibətimiz var. Bizim bir yerdə oturub hər hansı məsələni müzakirə etmək kimi problemimiz yoxdur.
Əgər söhbət hansısa yeni bir formatdan, yeni təşkilat yaratmaqdan gedirsə, bununla bağlı AXCP-nin öz prinsipial mövqeyi var. Həmin partiya sədrləri ilə bir dəfə görüşmüşəm, onlar bu mövqeyi bilir. Bizim mövqeyimiz ondan ibarətdir ki, hazırda Ictimai Palata ehtimal olunan ən uyğun əməkdaşlıq mexanizmidir. Burada siyasi partiyalarla vətəndaş cəmiyyətinin bir yerdə hərəkət etməsinə imkan var. Bizə lazımdır ki, tək siyasi partiyaların bazasında deyil, bütövlükdə cəmiyyət olaraq köklü dəyişikliklər uğrunda mübarizə aparaq.
Bu, bizim düşünülmüş siyasətimizdir. Biz QHT-lər, media strukturları, gənclər təşkilatları, müstəqil ziyalılarla bərabər olmanın mexanizmini axtarırdıq. Bu mexanizmi Ictimai Palatada tapmışıq. Həmin həmkarlarımıza da dəfələrlə təklif etmişik ki, onlar da Ictimai Palatada iştirak etsinlər, orada iştirak hər kəsin haqqıdır. Deyirlər ki, Ictimai Palatada açıq qapı siyasəti olmalıdır. Indiyədək kimə münasibətdə belə olmayıb? Ictimai Palatada həmişə açıq qapı siyasəti olub. Buyurub iştirak etsinlər, Koordinasiya Şurasında da təmsil olunsunlar. Biz Ictimai Palatada bunu həyata keçirə bilərik. Hazırda mövcud olan, ciddi mübarizə aparan, müxalifətin avanqard missiyasını yerinə yetirən bir təşkilat ola-ola, onun siyasi məhbuslarının, onun başlatdığı mübarizədə həbs olunan insanlarının məhkəməsi gedərkən, yeni bir format yaratmaq isə doğru olmazdı. Bizim belə bir işdə iştirakımız gözlənilmir.
Ictimai Palataya alternativ şəkildə düşünüləcək hər hansı təşkilatlanmada iştirakımız olmayacaq, bu, çox açıq mövqedir. Biz bu mövqeyi hər zaman müdafiə edə bilərik. Hesab etmirəm ki, Ictimai Palataya alternativ struktur yaratmaq müxalifəti birləşdirmək deməkdir. Ictimai Palataya alternativ struktur yaratmaqla deyil, Ictimai Palatada təmsil olunmaqla müxalifətin birlik səviyyəsini artırmaq olar. Müəyyən mənada bu birlik var. Amma mən də razıyam ki, bu birlik tam deyil. Birliyin tam əldə olunmasının yolu mövcud olanı yıxıb dağıtmaqdan keçmir, bu yol birlikdə təmsil olunmaqdan keçir.