Aygün Şahmalıyevanın həyatına son qoyan hadisə əlibəylilər üçün ilk deyilmiş
«Azadlıq»ın əməkdaşı Azərbaycanı sarsıdan olayın baş verdiyi nöqtədə oldu
Iyulun 14-də Tovuzun Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının “itəbənzər” oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Belə ki, partlayıcı qurğunu ermənilər Əlibəyli kəndindən keçən Tovuz çayına buraxıb. Həmin ərazidə oynayan Elsevər Cəfərov və Aygün Şahmalıyeva oyuncağı taparaq evə gətiriblər. Evdə isə…
Olay necə baş verib?
Hadisənin təfərrüatlarını daha dərindən öyrənmək üçün adıçəkilən kəndə getdik. 13 yaşlı qız ayın 15-i torpağa tapşırılıb. Yas mərasimi Şahmalıyevlərin ata ocağında idi. Aygünün atası Zirəddin qızının ölümü ilə barışa bilmir. Ailənin yaxınları deyir ki, o, bütün günü bir kənara çəkilib heç kəslə ünsiyyət qurmur. Biz onunla söhbət etmək istəsək də, alınmadı. Dedilər ki, gecələr yatmadığından indi yuxuya gedib. Biz də narahat etməyib, ailənin yaxınları ilə söhbət etdik.
“Şahmalıyevlər Sankt- Peterburqda yaşayır. Ildə bir dəfə, iki ildən bir rayona gəlib istirahət edirlər. Bu dəfə gəlişlərinin səbəbi isə yaxınlarının toyu idi. Avqustun 22-də qayıdacaqdılar.
Hadisə baş verən gün Elnarə bibisigilə getmişdi. Neçə il idi ki, ailənin üzvləri bibilərinin evində olmurdu. Elnarə, bibisi Zemfira Hüseynova xəstə olduğundan evin yır-yığış işlərinə də kömək edib. Uşaqlar isə yaxınlıqdakı Tovuz çayına gediblər. Çayın gətirdiyi “itəbənzər” oyuncağı Zemfira Hüseynovanın oğlu Elsevər götürüb Aygünə verir. Sonra çayda oyuncağı təmizləyib evə gətirirlər. Otaqda təmizlik işini aparan Elnarənin yanında qardaşı uşağı da vardı. Qızının əlindəki oyuncağı görəndə, “onu atın çölə, yaxşı şeyə oxşamır” deyibmiş ki, oyuncaq partlayıb. Anası görüb ki, uşağı yerdə uzanıb. Qızının öldüyünə inanmayıb, onu qucağına alaraq yola çıxıb. Elnarə həyəcandan ayaqlarındakı qəlpələri hiss etməyib. Yoldan ötən maşınların biri ilə qızını xəstəxanaya aparıb. Ancaq hər şey gec olub. Aygün ölmüşdü, Elnarəni isə vəziyyəti ağır olduğundan Bakıya apardılar…”.
Ilk dəfə qonaq getdiyi evdə cəmi 4 saat oldu
Hadisənin baş verdiyi ünvana da getdik. Evin sahibi Həsən Cəfərov bizimlə söhbətində bildirdi ki, olay baş verən otağın qapısı möhürlənib. Ancaq buna baxmayaraq, biz pəncərədən qurğunun törətdiyi fəsadlara nəzər yetirə bildik. Belə ki, partlayış olan otağın pəncərələri çilik-çilik olub, tavanı yararsız hala düşüb.
Həsən Cəfərovun sözlərinə görə, Elnarə ilk dəfə idi onların evinə gəlirdi: “Yoldaşım neçə ildir xəstədir. Elnarə uşaqları ilə həm bibisinə baş çəkməyə gəlmişdi, həm də yır-yığış etmək istəyirdi. Günorta saat 12-də gəldi, 3-4 arası hadisə baş verdi”.
“Oğlum Elsevər çaydan oyuncağı götürüb Aygünə verib. O da oyuncağı evə gətirdi, başımıza belə hadisə gəldi” – deyir, Həsən Cəfərov.
Əlibəylidə vəziyyət ürəkaçan deyil. Hamı qorxu içindədir. Hətta iş o yerə çatıb ki, valideynlər uşaqlarına oyuncaqlara yaxın durmağa qoymurlar. Ancaq bu, uzun çəkə bilməyəcək. Çünki oyuncaqlara nəzarət edə bilməyəcəklər. Çünki…
Kənddə olan zaman məlum oldu ki, bu cür hadisə ilk dəfə deyil. Belə ki, 1994-cü ildə elə Şahmalıyevlərə qohum olan uşaq həmin çayla gələn oyuncağı götürüb. Evdə oynayan zaman iki azyaşlı uşaq partlayışdan həlak olub. Oyuncaqların bəxş etdiyi faciələr çoxdur. Niyə bunun qarşısı alınmır? Valideynlər uşaqlarına nəzarət etmir? Kənd sakinləri bu sualımızı cavablandıranda bunun mümkün olmadığını dedilər. Sözlərinə görə, uşaqların oyun yeri çayın kənarıdır. Hətta böyüklər də çaya gedib, təmizlik işlərini orada görürlər. Ermənilərin çaya axıtdığı zəhərli məhlullar nəticəsində qadınların əllərində yaralar əmələ gəlir. Bir neçə gün əvvəl isə çaydan on-on beş heyvan ölüsü tapılıb. Bunlara baxmayaraq, heç kəs nəyəsə nəzarət edə bilmir.
“Uşaqlar oynamaq istəyir. Nə vaxta qədər onlara mane olacağıq? Düşürlər çayın qırağına, oyuncaq görən kimi götürürlər. Onlar necə anlasınlar ki, əllərindəki oyuncaq partlaya bilər? Uşaqlarımıza oyuncaq ala bilmirik. Çünki qazancımız evi saxlamağa güclə çatır. Bir ton su almaq üçün beş manat ödəməliyik. Belə baxanda beş manat nədir ki? Ancaq o pulu verə bilmirik. Məcbur qalıb, pal-paltarı çayda yuyuruq. O da…” – deyir kənd camaatı.
Körpələrin oyuncağı yoxdur!
Deməli, bu işə hökumət nəzarət etməlidir. Ən azı çaya süzgəc toru qurmaq olar. Ancaq hökumət nümayəndələri deyir ki, bu cür hadisələr savadsızlıqdan irəli gəlir. Anlamaq olmur ki, oyuncağı görən uşağa valideyn necə savad verməlidi? Məgər çaya süzgəc toru qurmaq çox çətindir?
Şahvələd Çobanoğlu bu olaydan sonra oyuncaqların da əsl qiymətinin indi bilindiyini yazdı: “Oyuncağın uşaq aləmində tutduğu yer daha aydın görünür. Görürük ki, uşaqlar onlardan ötrü canını verir. Böyüklərin isə onlara oyuncaq almağa imkanı yoxdur. Birtəhər qarnını doyuzdurub, əynini geyindirirlər, oyuncaqları isə əhəmiyyətsiz sayıb zərurət siyahısından çıxarırlar. Ehtiyaca başqa nə cür qalib gəlmək olar ki!?”.
Həqiqətən ehtiyaca başqa cür qalib gəlmək mümkün deyil. Onu əhəmiyyətsiz say, tulla kənara… sonda isə…
Sonda faciə ilə qarşılaş…
Ramin DEKO,
Bakı-Tovuz- Əlibəyli-Bakı


