Ümumiyyətlə onun bundan xəbəri varmı?
Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı sentyabrın 5-də növbəti verilişini efirə verib.
Verilişin xülasəsi (Aparıcı Qənimət Zahid):
Dünya başqa planetdən gələnləri müzakirə etməyi səngidib. Hər halda, çoxdandır ki, başqa planetlilər haqqında bir şey yazılmır, göstərilmir, danışılmır… Amma əvəzində, həm də daha çox bilirsinizmi, nə müzakirə edir. Yer başqa planetə insan göndərir. Yaxın 5-6 ildə hazırlıqlar başa çatmalıdır və MARSa ilk 4 nəfərlik heyət daimi yaşamaq üçün göndərilməlidir. Daimi deyəndə, onların orada nə qədər yaşaya biləcəkləri bəlli deyil, amma təşkilatçıların çağırışına 78 min nəfər könüllü səs verib və müsabiqəyə qatılıb…
Yerlilər başqa planeti, yəni Marsı həyat üçün yararlı hala gətirmək və oranı məskunlaşdırmaq uğrunda mübarizəyə başlayıblar. Hal hazırda Mars-da və onun ətrafında çoxlu sayda tədqiqat stansiyaları işləyir, Marsın bilavasitə səthində isə amerikanların qürur duyduqları Kyuriosity adlı tədqiqat-laboratoriya maşını intensiv şəkildə işləyərək yerə çox qiymətli materiallar, məlumatlar göndərməkdədir.
Bu xəbəri niyə sizə xüsusi olaraq, həm də girişdə təqdim edirəm?
Ona görə ki, müqayisə edə biləsiniz! Nəyi müqayisə edə biləsiniz? Çox sadə həqiqətləri…Amerikanlar və Avropalılar qalaktika ilə əlləşib başqa planetləri tuturlar, Azərbaycan hökuməti nəyi və kimləri tutur? Azərbaycanlıların hökuməti insanları siyasi və ictimai mövqeyinə görə tutur. Siyasi rəqiblərinin oturub çay içdiyi çayxananı bağlatdırır. Artur Rəsizadənin baş nazir kimi qalıb-qalmamasının məqsədəuyğunluğunu müzakirə edir. Dünyanın böyük missiyalı adamları kainatda Yer planetinin dublikatını yaradıb oranı məskunlaşdırmaq istəyirlər ki, gələcəkdə Yer planetində insanlar bir – birini yer üstündə qırıb- çatmasınlar, amma bu neyniyir? Satın aldığı adamlara pul buraxır ki, gedin bir siyasi partiya var, onun dublikatını yaradın. İcra başçılarının yerinə dəyişir ki, guya bunlar kadr islahatı aparırlar. Hələ birisi də var, Naxçıvanda sökmədiyi təndir qalmadı, indi də tövlələri sökür. Bütün bunları müqayisə edin. Müqayisə edə bilirsinizmi?
Azərbaycan hökuməti Bakıda avara bir idman yarışının adını Olimpiada qoyub onun keçirilməsinə dövlətin 8 milyard dollar pulunu xərcləyir. Amma amerikanlar və avropalılar 56 milyon kilometr uzaqda yerləşən Mars adlı planetə insan yollamaq əməliyyatına cəmi 6 milyard dollar xərcləyirlər. həm də dövlətin pulunu xərcləmirlər. İnsanların Marsa uçuşunu və enişini translyasiya hüququnu verəcəkləri telekanallardan alacaqları kirayə pulu ilə xərcləri örtəcəklər. 2023-cü ilə qədər Marsda 24 nəfərlik insan düşərgəsinin yerləşdirilməsi prosesi başa çatmalıdır. Avropa Oyunları zamanı Bakıya 24 nəfər turist gəldi, ya gəlmədi, onu bilmirəm, bildiyim odur ki, xaricdən gələnləri də avtomobillərlə, avtobuslarla qovub harda haxlasalar orda da öldürdülər və ya şikəst etdilər. İndi bu hökumət dünyaya meydan oxumaq istəyir. Dünyanın ortasında oturub dünya dəyərlərini mənimsədiyini deyərək həmin dəyərlərə tüpürməklə məşğuldur. Həmin dəyərlərdən biri söz azadlığıdır ki, Azərbaycan hökuməti və onun başçısı İlham Əliyev həmin söz azadlığı adlı dəyərə tüpürərək ölkənin daha bir jurnalistini, araşdırma jurnalistikasının korifeylərindən olan Xədicə İsmayılı 7 il yarım azadlıqdan məhrum etdilər.
Mütərəqqi dünya ilə despotik dünyanın ən böyük fərqi budur. Biri qalaktikanı öyrənir, hətta başqa planetləri də həyat üçün yararlı hala gətirməkdən ötrü oralara insan göndərir, digəri isə insanların həyatını cəhənnəmə döndərərək, onları həbsxanalara göndərir. Niyə, məqsəd nədir? Ölkədə sabitlik yaratmaq və siyasətlə məşğul olmayanların rifahını qaldırmaq?
Azərbaycan post neft dövrünə qədəm qoyur və bu, postƏliyev dövrünü yaxınlaşdırır. İndi o da, hakimiyyətin birinci şəxsinin özü də illərdir vecinə almadığı cəmiyyətdən özünə xal yığmaq üçün “mənə qulaq asmırlar, məni aldadırlar, onlara rəhm etməyəcəm” nağıllarını oxuyur. Mən deyə bilmərəm, cəmiyyətin neçə faizi onun bu “məni aldadırlar, hətta köməkçilərim də məni aldadır” sözlərini ciddi qəbul edir?
Bu fikir ona hesablana bilər ki, illərdir ki, prezidentə şikayət edən vətəndaşlar öz şikayətlərini hökmən bir sözlə bitirirlər: “prezidentin bunlardan xəbəri yoxdur, onun xəbəri olsa, belə şeyləri etməzlər”. Görünür, köməkçiləri ona başa salıb ki, bundan sonra “məni aldadırlar” söylə, camaat inansın ki, prezidentin xəbəri yoxdur. Tamam, prezident məmurların rüşvət və korrupsiyaya yoluxmasından xəbərsizdir. Onlar ipi qırılmış atlar kimi hara gəldi göbələkləyib gedirlər. O halda, bəs bu nədir? Yəni, prezidentin özünün korrupsiyası haqqında az qala hər ay ortalığa çıxan bir yeni faktı deyirəm… Bunarıdamı Xədicə yazır? İndi də yaxta söhbəti çıxdı. Cütü 59 milyon dollara! Prezidentin bundan da xəbəri yoxdur ki, onun adına Yaxta alıb Fransanın limanlarında, sahil sularında cövlan edirlər və hərdən özü də həmin yaxtalarda səyahət edərək acından intihar edən xalqın dərdini unutmağa çalışır.
Azərbaycanda olan bəzi ekspertlər özlərini həlak edirlər ki, prezident islahatlara başlamaq istəyir, neft dövrü bitdiyinə görə indi pul xərcləyən hökumət yox, pul qazanan hökumət lazımdır, filan-bəsməkan. Pulu isə qazanmaq lazımdır. Həm də çox qazanmaq lazımdır. Onun sadəcə olaraq bir bak dolusu benzininin qiyməti 220 min dollar edir. Prezident İlham Əliyevin 1 illik maaşına bərabərdir.
Yaxta heyətinin üzvləri deyiblər ki, onlar heç vaxt gəmidə gecələmirdilər, əvəzində gecəsi 51-57 min dollara olan bahalı otellərdə qalırdılar. Bir gecəsi 57 min yevro olan oteli necə təsəvvür edirsiz? Orada nə ola bilər ki və bu qədər bahalı oteldə qalmaq nəyə lazım ola bilər? Nəyə lazım ola bilər?
Davamı videoyazıda
“Azərbaycan saatı”nın verilişləri hər həftənin şənbə günü Türkiyənin “Can Erzincan” kanalında saat 20-dən 21-ə, “Kanal24” kanalında isə saat 21-dən 22-yə qədər yayımlanır.



