elnurastanbeyli@gmail.com
Kimsənin gözünü qorxutmaq, ürəyinə xal salmaq fikrində deyiləm. Sadəcə, yeni dərs ilinin başlamasına sayılı günlər qala övladlarımızı necə bir təhsil sisteminin ağuşuna atdığımızı hər kəsə xatırlatmaq adına internet üzərindən apardığım kiçik bir axtarışın nəticələrini heç bir şərhsiz təqdim edirəm.
***
– “Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb. Bakı şəhər Baş Polis Idarəsindən verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Istintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub… Hazırda polis V.Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir” (27 avqust, 2015).
– “Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib. Rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb. Ağsu Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı AzNews.az-a təsdiqləyib” (25 iyun, 2015).
– “Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə virtualaz.org saytına Sabirabad rayonundakı mənbələrdən məlumat verilib. Xəbərdə deyilir ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.
Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş” (3 sentyabr, 2015).
– “Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova heç də yaş senzi ilə əlaqədar işdən çıxarılmayıb. axar.az-ın məlumatına görə, 25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verib. Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış… Bundan başqa, mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi (”moyka” – E.A) kimi icarəyə verib”.
– “Bakı şəhəri, Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində işləyən müəllimə Könül Fərəcova bir neçə ay əvvəl yaşadığı sevinci hirs və əsəblə əvəz edib. Yeni dərs məvsümünün başlanması ərəfəsində işlədiyi məktəbin rəhbərliyindən bəd xəbər alıb. Məktəbin direktoru Tofiq Salmanov yeni dərs ilində onunla işləməyəcəyini deyib. Həmin müəlimə başına gələnləri milli.az-a danışıb: ”Ötən il məktəbimizə Tofiq Salmanov direktor təyin olundu. Gələn kimi məni konsertə göndərdi. Nasaz olduğumu deyərək getmək istəmədim. Işdən çıxaracağı ilə hədələdi. Hamilə idim həmin vaxt. Ərizə yazıb işdən çıxmağımı bildirdi. Dedi ki, çıxmasan, səni tutduracam, uşağını həbsxanada dünyaya gətirəcəksən. Qorxub ötən ilin dekabrında ərizəmi yazdım. Sonra isə məhkəməyə müraciət etdim və Tofiq müəllimi məhkəməyə çağıran kimi məni yenidən işə götürdü. Bu ilin martında analıq məzuniyyətinə çıxdım. Sentyabrın 1-də yenidən Tofiq müəllimə yaxınlaşaraq işə bərpa olunmağımı istədim. Bildirdi ki, mənə veriləcək dərsi yoxdu. Əsas göstərdi ki, mən başqa məktəbdə işləyirəm, onun məktəbində əvəzedici kimi işləməyimə yer yoxdur” (4 sentyabr, 2015).
***
Sonda: bəri başdan yeni dərs iliniz mübarəkdir! Ordan bir tuş!
Belə şanlı, canlı, qanlı direktorları (və əlbəttə, seçkiləri saxtalaşdırmaqda adlı-sanlı müəllimləri!) olan məktəblərimizdə gün o gün olsun, təhsil də olsun.
Amin!