
Hakimiyyətin “parçala, hökm sür” siyasətinin qurbanları iki nəticə ilə üz-üzə qalacaqlar – ya bəxş olunmuş mandatla parlamentə getmək, ya da acı məğlubiyyətlə barışmaq
Ənnağı Hacıbəyli
Növbəti parlament seçkilərinə start verilib. Qurum olaraq siyasi toplumun böyük əksəriyyəti seçkilərə qatılmaq qərarı verib. Təkcə Milli Şuradan başqa. MŞ seçkiöncəsi situasiyanı ayıq və soyuq başla dəyərləndirərək bu şəraitdə seçkilərdə iştirakı mümkünsüz sayıb. Çoxsaylı siyasi dustaqların olduğu bir şəraitdə seçki qanunvericiliyi liberallaşdırılmadan, seçki komissiyaları hakim partiyanın nəzarətindən çıxarılmadan seçkilərə getmək hakimiyyətin seçki oyununda iştirak etmək və ona legitimlik donu geyindirməkdir.
Bu, düzgün və prinsipial qərardı.
Bu şəraitdə geniş sosial bazaya söykənməyə ümid edə biləcək yeganə düzgün yol MŞ-nin mövqeyini müdafiə edib hamı üçün əlverişli, az-çox bərabər seçki mühiti tələb etmək idi. Hakimiyyətin cib müxalifətinin siyasi separatizmindən başlanan fərarilik konsolidasiya imkanlarını heçə endirdi. İndi seçkilərin sonuclarını proqnozlaşdırmaq çətin deyil. Hakimiyyətin “parçala, hökm sür” siyasətinin qurbanları iki nəticə ilə üz-üzə qalacaqlar – ya bəxş olunmuş mandatla parlamentə getmək, ya da acı məğlubiyyətlə barışmaq.
Müstəqillik tarixinin heç bir dönəmində seçki öncəsi situasiya müxalif qüvvələr üçün indiki qədər əlverişsiz olmayıb. Müxalif qüvvələrin avtoritar hakimiyyət üzərində son qələbəsi 2005-ci ilin parlament seçkilərində “Azadlıq” bloku sayəsində mümkün olub. Çünki müxalif qüvvələrin demək olar hamısı bu blokda birləşərək vahid mövqe və güc nümayiş etdirə bilmişdi. İndi bu blok yoxdur, onun karikaturası olan “Azadlıq – 2015” isə hakimiyyətin yandaş partiyaları və onların ətrafında fırlanan siyasi turistlərdən təşkil olunub.
“Azadlıq – 2015”-ə çox güman ki, bu ad da yuxarıdan atılıb. Ona daxil olan partiyalar və şəxslər ancaq hakimiyyətin ənam mandatına ümid edə bilər.
İkinci seçki alyansı Müsavatın REAL hərəkatı ilə danışıqları nəticəsində peyda oldu. Bu yaxınlarda “Facebook”da “Müsavat-REAL-Nida” seçki alyansı barədə anons verilmişdi. Düzdü, sonradan bunun seçki bloku olmadığı bəyan edildi. Anlaşılmaz olsa da, qəbul edək ki, bu, formal seçki bloku deyil, sadəcə seçki əməkdaşlığıdı.
Seçkilər ərəfəsində iki yerə parçalanmış Müsavatı seçki üçə böldü – Ağ Blok Müsavatın gəncliyini, həm də enerjisini əlindən ala bilər. Bu bölünmələr partiyanın sosial bazasının pərakəndəliyini şərtləndirir.
“Nida”nın lideri Turqut Qənbər: “Seçkilərlə bağlı illüziyamız yoxdur. Bilirik ki, bu seçkilər 2010-cu ilin seçkilərindən daha maraqsız, parlament isə daha müxalifətsiz olacaq”.
Birinci, indiki parlament ümumiyyətlə müxalifətsiz parlamentdi. İkinci, müxalifətin müxalifətsiz parlament olacağına əmin olduğu seçkilərdə iştirakı nə deməkdi? Uzun illərdi ki, qocaları oxşar səhvlərdə ittiham edən gənclərin qərarı təkcə təəssüf doğurmur, həm də cəmiyyətdə sabaha ümidsizliyi bir az da artırır.
Turqut gənc siyasətçidi, onu çox da qınamayaq. Keçək bir az stajlı siyasətçilərə. REALın sürrüalist namizəd siyahısını bir kənara qoyaq. Bu, onların daxili işidir və qarışıq namizəd siyahısı ilə seçkiyə getmək bütün dünyada normal hal sayılır.
REAL rəhbərlərinin başlıca arqumenti o oldu ki, onlar indiyədək seçkilərdə iştirak etməyiblər və özlərini sınamaq istəyirlər. Xeyli ağıllı və savadlı insanların toplaşdığı bir qurum üçün bu, zəif arqument oldu.
Birinci, REALın indiki namizədlərinin bir çoxu üçün bu ilk sınaq deyil. İkinci, hər hansı sınağa girən adam bu sınaqda nəyəsə hədəflənir.
Seçkinin ən önəmli hədəfi isə srçkidə qalib gəlmək, mandat əldə etməkdir. Hakimiyyətlə anlaşma əldə etməmiş şəxsin və ya siyasi qüvvənin bu şəraitdə mandata ümid etməsi sadəcə avantüradır. REAL kimi ciddi bir qüvvənin belə görsənişi gerçəkdən təəssüf və təəccüb doğurur.
Seçki təcrübəsi toplamaq, saxtalaşdırmalara qarşı mübarizə və s. arqumentlər isə heç bir tənqidə dözmür, hətta seçki təcrübəsi olan istənilən adamda gülüş doğurur.
Sonda gülənlər isə həmişə haqlı olmur.