Dövlət Departamentinin nümayəndəsi Daniel Bera Azərbaycanda ifadə, toplaşma və internet azadlığının vəziyyətindən narahat olduqlarını bildirib
Bugünlərdə ABŞ Helsinki Komissiyası dünyada internet azadlığının vəziyyətinə dair müzakirələr keçirib və dinləmələr zamanı Azərbaycanda internetin vəziyyəti kəskin şəkildə tənqid olunub. Həmin tədbirdə ABŞ Dövlət Departamentinin demokratiya, insan haqları və əmək məsələləri üzrə Büro rəhbərinin müavini Daniel Bera da xüsusi məruzə ilə çıxış edib. Dövlət Departamentinin saytında yerləşdirilən məruzədə D.Bera internet azadlığına dair çıxışının Azərbaycanla bağlı hissəsinin üzərində xüsusilə dayanaraq, ölkəmizdə bu sahədə baş verənlərin kifayət qədər narahatedici olduğunu vurğulayıb.
“Biz hökumət nümayəndələrinin internetin müəyyən sahələri, xüsusilə, sosial şəbəkələr üzərində nəzarət həyata keçirməsindən çox narahatıq. Gənclərin və müxalifyönlü təşkilatların mart-aprel aylarında hakimiyyət əleyhinə aksiyaların təşkil olunmasında istifadə etdikləri bu sosial şəbəkələr üzərindəki nəzarəti söz, toplaşma azadlığının məhdudlaşdırılması kimi qiymətləndiririk. Internet üzərindən hökumət əleyhinə mitinqlərin təşkilatçılığını etdiyi ehtimal olunan bir neçə fəal məhz bu hadisələrdən sonra həbs olunub. Məsələn, bu ilin əvvəlində demokratik çağırışlar üçün Internetdən istifadə etdiyinə görə həbs olunan gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının adını xüsusi qeyd edə bilərik. Ötən ilin noyabr ayında keçirilən parlament seçkilərində namizəd olan Hacıyev, bu ilin mart ayındakı etiraz aksiyalarının Internetdə ən fəal təşkilatçısı olduğu bilinən gündən hərbi xidmətdən yayınma ittihamı ilə həbs edilib. Beynəlxalq və yerli müşahidəçilər əmin edirlər ki, hakimiyyət Hacıyevə qarşı irəli sürdüyü ordudan yayınma iddiasını xüsusi olaraq seçib, əslində isə o, siyasi fəaliyyətinə görə həbs olunub. Hacıyev mayın 18-də orduda xidmətdən yayınma ittihamı ilə günahlandırılaraq 2 il müddətinə azadlıqdan məhrum edilib”, – deyə Daniel Bera bildirib.
O, qeyd edib ki, Internetdən sosial aktivlik üçün istifadə etdiyinə görə Hacıyevlə hökumət arasında yaranan problem ilk belə hal deyil: “Hələ 2007-ci ildə ölkədə qiymətlərin qalxmasına etiraz əlaməti olaraq yaratdığı veb-sayta görə hakimiyyət onu bir dəfə həbs edib”.
Dövlət Departamentinin rəsmisi çıxışında Cabbar Savalanlının həbsini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Gənc fəal, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlı da bu il may ayının 4-də bir qrup hüquq müdafiə təşkilatlarının saxta kimi qiymətləndirdikləri narkotik istifadəçisi ittihamı ilə təqsirli bilinərək iki il yarım azadlıqdan məhrum edilib”.
Daniel Bera baş verənlərin kifayət qədər narahatedici olduğunu vurğulayaraq, hakimiyyəti demokratiyanın fundamental prinsipləri olan sərbəst toplaşma, ifadə azadlığına, insan haqlarına hörmət etməyə və prosesləri şəffaf aparmağa çağırıb.