Heydər Əliyevin mifi də ölür

Bayıldan “Azneft”ə gedən yolun solunda “Lukoyl” yanacaqdoldurma məntəqəsi vardı. 90-cı illərin sonunda sürüşmə oldu, o batdı. Həmin ərazidə yapçılar ağac əkdilər. Bu ağacəkmə düz bu ilə qədər davam etdi; bilmirəm yapistlərin əllərinin bərəkətsizliyindən idi, ya nəsə, ora ağacla dolmurdu. Elə hey bir ucdan əkirdilər…

Hər il Səyavuş Novruzov əlində bel orada müxalifətə mesaj da yollayırdı, təbiətə atalıq qayğısı barədə televiziyalara müsahibələr verirdi.Daha bu imkan əldən getdi. Həmin yerin ağaclarını günün günorta çağı qırırlar; güman ki, hotel tikmək üçün.Təəccüblüdürmü? Qətiyyən!

Hə, nə olsun ki, Ilham Əliyev ağackəsənlərlə şəxsən özü məşğul olacağı barədə il yarım əvvəl sərt bəyanat verib?

Hə, bilirəm, bilirəm, bəzi çoxbilmişlər mərhum Heydər Əliyevin “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” fikrini də yada salmaq istəyəcək…Dostlar, ola bilər, bu fikirlər hansısa məclisdə demaqogiya üçün babat işə yarayır, ancaq nə edəsən, onların real həyatımızda qara qəpik qədər qiyməti yoxdur. Belə baxanda, pis hadisə deyil. Şəxsən bunu Heydər Əliyev mifinin canvermə prosesi kimi dəyərləndirirəm.

Bayıl yamacında yapistlərin saldığı yaşıllığın qırılması rejimin mahiyyətini anlamağımız üçün çox vacib detaldır. Bu fakt sübut edir ki, mənafeləri, özü də çox bəsit mənafeləri tələb edəndə yapistlər liderlərini də, adları ilə bağlı şeyləri də tapdamağa, satmağa cani-könüldən hazırdılar. Mən sizə oxşar iki faktı da sadalaya bilərəm:

Bir: Təqribən 6 il əvvəl Şıx çimərliyi ilə üzbəüz iri şamlıq vardı. Tələbəykən orada praktikada olanda şamlığın içində bir xatirə lövhəsi oxumuşdum. Yazılmışdı ki, “bu ağaclıq yoldaş Əliyevin təşəbbüsü ilə salınıb (70 neçəncisə illərdə), o özü də ağac əkib”.

Həmin şamlıqdan indi iki-üç qotur ağac qalıb, o xatirə lövhəsini isə eşitdiyimə görə, hansısa milyoner orada saldığı villasının fundamentinə tullayıb.Iki: Nizami rayonunda Heydər Əliyevin adına 90-cı illərin sonunda salınan bir park var. 2 il əvvəl onun ətəyindəki böyük bir ərazidə ağacları səliqəli formada baltalayıb orada kafe-restoran açdılar.

Bunları ona görə xatırladım ki, Bayıl yamacında sensasiya baş vermədiyinə əmin olasınız. Yapist olmaq belə bir hikmətdir, ondan hansısa ada, dəyərə hörmət gözləmək çətin məsələdir. Yadıma bəzi hadisələr də düşür və gülümsəməyə bilmirəm.

Bizim sadəlövhlüyümüzə bax: “Xaqani 33”ü (”Azadlıq” qəzetinin və AXCP-nin 2006-cı ilin noyabrına qədər yerləşdiyi ünvan) hökumət zorla sökəndə kimsə onların vicdanına xitab edərək demişdi ki, insafınız olsun, axı orada Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin muzeyi var…M.Ə.Rəsulzadənin heykəli, adı dövlət orqanlarından götürüləndə də biz böyük dövlət adamına qarşı bu cür davranışın utancverici olduğunu gur səslə hökumətə deməyi tərcih edərdik. Daha nə qədər belə hallar…

Budur, yapistlər öz adları, öz liderlərilə bağlı nə varsa,  uçurub, tökürlər. Bizim onlara tamamilə yad olan insanlara, dəyərlərə hörmət tələb etməyimiz doğrudan da uşaqlıqdır.

Ən diqqət ediləsi məqam odur ki, yapın dağıdıcılığı yeni nəsə üstün dəyər yaratmaq istədiyinə görə yox, daha çox qazanmaq, pullanmaq üçündür.“Müxalifət dövlətimizin maraqlarını pulla xaricə satır” deyən adamlar qulaqlarını və kor gözlərini açsalar, yaxşı olardı. Dövləti də, xalqı da, hətta öz ideallarını da pula satan hələ ki, hakimiyyətdəkilərdir. Alverçilər…