
Ramiz Mehdiyev maliyyə məsələlərində Paşayevlərdən önə keçdi
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.
APA-nın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında” qərarında əksini tapıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, millət vəkilləri Məlahət Ibrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva da daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri təsdiq olunublar.
Siyavuş Novruzov YAP-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin xəttinin müdafiəçisi kimi tanınır. Maliyyə məsələlərinə nəzarətin ona tapşırılması Ramiz Mehdiyevin parlament seçkiləri ilə bağlı YAP-da baş qaldıran ziddiyyətlərdə uğuru kimi qiymətləndirilə bilər. Biz hələ ötən saylarımızda məlumat vermişdik ki, bu ilki seçkilərdə Paşayevlər təşəbbüsü ələ almaq və seçkini tam olaraq öz nəzarətləri altında keçirmək istəyirlər. Eyni zamanda onların YAP-dakı əsas sözçüsü, partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədov təmsil etdiyi qruplaşmanı dəstəkləyənlərin namizədlər siyahısına düşməsinə çalışır. Lakin Ramiz Mehdiyev tərəfdarları bu yolda böyük maneəyə çevrilib. YAP-ın namizədlər siyahısının açıqlanmasının ləngiməsi də bununla bağlıdır.
Akif