Onlar dahi bəstəkarın «O olmasın, bu olsun» filmindəki musiqini də öz adlarına çıxırlar
Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının motivləri əsasında çəkilmiş eyni adlı filmin qonaqlıq səhnəsində səsləndirilən musiqidən istifadə edilib.
Ermənilərin növbəti mədəni oğurluq faktını APA-ya şərh edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran Imanov bildirib ki, bu fakt bir daha göstərir ki, ermənilərin mədəni oğurluğu artıq peşəkar vərdişə çevrilib və onların uzun illərdən bəri peşəyə çevirdikləri bu cür vərdişi tərgitmək heç də asan deyil: “Həmişə qeyd etdiyim kimi, bunlar Azərbaycan mədəni ənənələrinin erməni mənimsəməsi ənənəsidir. Erməni informasiya agentliklərinin yaydıqları məlumata görə ”Mir” televiziyasında Ermənistanla bağlı nümayiş etdirilən sənədli filmdə istifadə olunan “Eranqi” adlı musiqi erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən işlənib. Qeyd edim ki, erməni rəqsi kimi təqdim edilən bu rəqsin başqa bir variantı da erməni bəstəkarı Arno Babacanyan tərəfindən işlənib. Babacanyanın variantı “Vaqarşabat rəqsi” adlanır. Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasını hələ keçən əsrin əvvəllərində, yəni 1911-ci ildə yazıb və bu musiqinin yazıldığı tarixdən 100 ildən çox vaxt keçir”.
K.Imanovun bildirdiyinə görə, erməni bəstəkarları Komitas və Babacanyanın Üzeyir Hacıbəylinin musiqisi əsasında yenidən işlədikləri rəqsləri hətta plagiat kimi yox, törəmə əsər kimi götürülsə belə, onlar Üzeyir bəyin əsərindən qat-qat “cavandır”: “”Vaqarşabat rəqsi”nin 1944-cü ildə “yaradıldığı” müəyyən edilib. Əslində, Babacanyanın “Vaqarşabat rəqsi” kimi təqdim edilən “əsər” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” adlı operettasından mənimsənilib və plagiatdır. Amma çox sonralar, keçən əsrin 80-ci illərində Babacanyan mərkəzi televiziya verilişlərinin birində çıxış edərkən Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd göstərmişdi.
Bununla yanaşı, o özünə də haqq qazandırmağa çalışıb, “Vaqarşabat rəqsi”nin melodiyasının Üzeyir bəydən yox, erməni xalq musiqisindən götürüldüyünə işarə verirdi”. Azərbaycanlıların əvvəllər erməni mədəni oğurluqları barədə susduqlarını etiraf edən K.Imanovun fikrincə, bu gün erməni plagiatlığının belə geniş yayılmasının bir səbəbini də məhz bunda axtarmaq lazımdır:”Amma gec də olsa, indi susmamalıyıq və hər şeyi olduğu kimi danışmalıyıq.


