«Zakir Qaralov zəng elədi ki, ölüm işi ört-basdır edilsin, mən onun göstərişini yerinə yetirmədim…»
Hüquq müdafiəçisinə qarşı ruhi xəstələrdən istifadə olunur
Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyilə hüquq müdafiəçisi Vidadi Isgəndərlinin məhkəməsi keçirildi. Məhkəmə prosesini izləməyə gələnlər sırasında hüquq müdafiəçisinin yaxınlarıyla, jurnalistlərlə yanaşı, xeyli sayda Göyçay sakinləri də vardı. Məhkəmə salonu kiçik olduğundan prosesi izləməyə gələnlərin çoxu qapı arxasında qaldı. Bu da etiraza səbəb oldu. Məsələ burasındadır ki, məhkəmə zalındakı oturacaqların bir qismini də polislər tutmuşdu. Bu, da narazılıq yaratdı.
Hətta məhkəmə salonuna daxil olan hakim özü də polislərin sayının çoxluğuna təəccübləndi: “Bu qədər polisin zalda nə işi var? Çıxın zaldan, küçədə qalan adamları da gətirin, oturdun boş oturacaqlara…”
Bir neçə polis zaldan çıxdı və həmin boş yerlərə məhkəməni izləməyə gələnlər əyləşdi.
Daha sonra məhkəmə iclasında iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin siyahısı elan olundu. Onların sayı 11-dir. Məhkəməyə onlardan 4-ü gəlmişdi. Biri qeyri-müəyyən səbəbdən gəlməmişdi, digərləri isə məhkəməyə teleqram vuraraq, prosesdə iştirak edə bilməyəcəklərini bildiriblər. Bu isə Vidadi Isgəndərlinin etirazına səbəb oldu:
– Bu adamların ifadələrinə görə, məni 3 illik həbs gözləyir. Necə yəni məhkəməyə gəlməyə vaxtım yoxdur? Tələb edirəm ki, onların məhkəmədə iştirakı təmin olunsun.
V.Isgəndərli Nəriman Ələkbərovun bu iş üzrə dövlət ittihamçısı kimi iştirakına etiraz etdi: “Biz hazırlıq iclasında da vəsatət vermişdik ki, Nəriman Ələkbərovun bu işdə dövlət ittihamçısı kimi iştirakına razı deyilik. Mənim həbsimi Ələkbərovun rəhbəri olan Zakir Qaralov sifariş verib. Buna görə də o, istər-istəməz bu prosesdə maraqlı tərəfdir. Zakir Qaralov mənimlə düşmənçilik edir. Çünki ona məxsus olmuş ”Fidan” restoranında qətl hadisəsi baş vermişdi. Qaralov o zaman Gəncənin prokuroru idi. Mən isə Bakı Şəhər Prokurorluğunda Polisə Nəzarət Şöbəsində kurator işləyirdim. Qaralov mənə zəng eləmişdi ki, həmin ölüm işi ört-basdır edilsin. Ancaq mən onun göstərişini yerinə yetirmədim. Sonra həmin işlə bağlı tutulan günahsız bir nəfəri Ali Məhkəmə ömürlük həbsə məhkum etdi.
Nəriman Ələkbərov da öz növbəsində Vidadi Isgəndərovun söylədiklərinə etiraz etdi:
– Belə olmaz. Bütün dövlət ittihamçıları Zakir Qaralovin işçiləridir.
– Elə ona görə də tələb edirəm ki, dövlət ittihamını müstəqil hüquqşünas müdafiə etsin.
Vidadi Isgəndərli məhkəmə prosesləri zamanı Zakir Qaralovun cinayət xarakterli başqa əməlləri barədə də faktlarla, sübutlarla danışacağını söylədi.
Bu zaman məhkəmə iclasında gərginlik yarandı. Məhkəmə prosesini izləməyə gələnlər arasında Göyçayın Qarayazı kənd sakini, vaxtilə bələdiyyə sədri olmuş Loğman Əliyev də var idi. Bu şəxs hazırda Göyçay şəhər Kommunal Təsərrüfat Birliyinin sədridir. Loğman Əliyev tez-tez Vidadi Isgəndərlini qıcıqlandıracaq ifadələr səsləndirirdi.
Vidadi Isgəndərli və vəkili Xalid Bağırov hakimə bununla bağlı bir neçə dəfə müraciət etsələr də, Elxan Süleymanov tədbir görmürdü. Elə qarşıdurmanın yaranmasına səbəb də bu oldu. Vidadi Isgəndərli dövlət ittihamçısı ilə bağlı vəsatətini elan edərkən Loğman Əliyev yerindən yeni replika atdı: “Sən hakimsən nəsən, sən kimsən axı prokurora etiraz edəsən?”
Bu da Vidadi Isgəndərlini hiddətləndirdi. Hakim isə baş verənlərə əhəmiyyət vermədən müşavirə otağına yollandı.
Məhkəmə zalında gərginlik daha da artdı. Salonda olanlar Loğman Əliyevin çıxarılmasını tələb etdilər. Loğman Əliyev isə “məni buradan heç kim çıxara bilməz, gəlmişəm ki, ədalətli məhkəməyə tamaşa edim” deyərək çıxmaq istəmirdi. Onu zaldan çıxartsalar da, 5 dəqiqədən sonra geri qaytardılar.
Müşavirə otağından qayıdan hakim vəsatətin təmin olunmadığını elan etdi. O, qərarını belə əsaslandırdı ki, qanunvericilik dövlət ittihamının müstəqil hüquqşünasın müdafiə etməsinə yol vermir.
Vidadi Isgəndərli üzünü hakimə tutdu:
– Mən başa düşə bilmirəm, siz bu adamı niyə zaldan çıxartmaq istəmirsiz? Bilirəm onu bura kimlər göndərib. Məqsədi insanları təxribata çəkməkdir.
Daha sonra Vidadi Isgəndərlinin vəkili Xalid Bağırov vəsatət qaldırdı ki, işdə əsas zərərçəkmiş hesab olunan Araz Ələkbərov ruhi xəstə olduğuna, həkimin razılığı və iştirakı olmadan müstəntiq tərəfindən dindirildiyindən ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa, vəkil dedi ki, 69 saylı Seçki Dairəsinin 2, 16, 17 saylı məntəqələrində olan müşahidəçilərin əksəriyyəti dindirilmədiyindən bu ittihamla bağlı iş materialları yenidən ibtidai istintaqa qaytarılmalıdır. Vəkilin sonuncu vəsatəti isə məhkəmə iclaslarında videoçəkilişlərin və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı oldu.
Zərərçəkən A.Ələkbərov vəsatətə münasibət bildirərkən dedi ki, o, ruhi xəstə deyil.
Vəkil isə məhkəməyə onun ruhi xəstəliyilə bağlı hərbi komissarlıqdan alınmış arayışı təqdim etdi. Məlum oldu ki, A.Ələkbərov 2005-ci ildə hərbi xidmətə çağırılıb. 6 ay xidmət keçəndən sonra özünü öldürmək istəyib, bu məqsədlə özünə xəsarət yetirib. Ruhi xəstəliyinə görə də onu vaxtından əvvəl ordudan təxris ediblər.
Bu zaman məlum oldu ki, iş üzrə zərərçəkmiş kimi keçən Ramiz Əsədov da ruhi xəstədir. O, özü bildirdi ki, 1995-ci ildə əsəb krizisi keçirib və rayon psixiatrın nəzarətindədir. “Mən Səməd doktorun qeydiyyatındayam” deyən ruhi xəstə zərərçəkən hakimə bildirdi ki, o, fasilə zamanı sakitləşdirici həb qəbul edib.
Prokuror hakimdən vəsatətlərin təmin olunmamasını xahiş etdi. Müşavirədən qayıdan hakim vəsatətləri təmin etmədi.
Vəkilin digər vəsatəti isə müdafiə tərəfinin şahidlərinin prosesdə dindirilməsi, V.Isgəndərlinin mətbuatdakı, Ictimai Televiziyada deputatlığa namizəd kimi çıxışlarının və digər sənədlərin işə əlavə olunması barədə oldu. Bu vəsatətə münasibət öyrənmək üçün hakim zərərçəkənlərə müraciət etdi.
Prokuror bu vəsatətin də təmin olunmamasını məhkəmədən xahiş etdi. Müşavirəyə gedən hakim qayıdandan sonra vəsatəti təmin olunduğunu açıqladı. Məhkəmə baxışını iyulun 20-si saat 15:00-a təyin edib.
Xatırladaq ki, Vidadi Isgəndərli ötən ilin noyabrında keçirilən parlament seçkisində deputatlığa namizədliyini irəli sürmüşdü. Indi o, namizəd olduğu dairənin məntəqələrində səsvermə zamanı seçki komissiyasının işinə müdaxilə etməkdə və səsverməyə mane olmaqda təqsirləndirilir.
Ramin DEKO